
İnsanın şəxsiyyət kimi formalaşması üçün əsas yaş aralığı 0-7 yaş götürülür. Nə qədər qəribə olsa da, cəmi 7 ildən ibarət olan bu aralıq insanın gələcəkdə həm zehni, həm psixoloji, həm də xarakter cəhətdən inkişafı üçün güclü bünövrə hesab edilir. Bu yaş aralığında toplanan biliklər, diqtə olunan dəyərlər bir ömür boyu insanı izləyir.
Lakin bu zaman valideyn, müəllim və tərbiyəçilər uşaqlarla bağlı bir neçə ciddi problemlərlə üzləşmiş olurlar. Bu problemlər isə qarşısı alınmadığı təqdirdə uşağın şəxsiyyət kimi formalaşmasını elə beşikdəcə məhv edir.
Belə əngəllərdən biri də yaddaş zəifliyidir. Yəqin, ya sizlərə, ya da ətrafınızdakı dost-tanışlara uşaqlarla bağlı müəllimlər tərəfindən belə şikayətlər çox deyilir: “heyf ki, götürüm qabiliyyəti zəifdir”, “çalışır, amma yadda saxlaya bilmir”, “nə oxuyursa, oxusun, heç nəyi cavablaya bilmir”.... Bu sözlər təbii ki, azyaşlı üçün ilk növbədə psixoloji zərbədir. Təəssüf ki, bəzən bu zərbəni valideynlər də öz üzərində yaşayır, həvəsdən düşərək övladlarının təhsilinə də dırnaqarası yanaşırlar.
Amma dünyanın sonu deyil. Bütün insanların beyni mükəmməl səviyyədə çalışmaq və külli miqdarda informasiyanı yadda saxlamaq qabiliyyətinə malikdir. Ümumiyyətlə, “yaddaşsızlıq” çox da güclü əngəl deyil. Sadəcə, diqqətin paylanması və verilənləri, informasiyaları qəbul etmək, ardınca da emal etmək prosesi kimlərdəsə zəif gedə bilər ki, bu da hafizənin getdikcə kütləşməsinə səbəb ola bilər.
Odur ki, hörmətli valideynlər, aşağıda yazılanlara mütləq əməl edin ki, uşaqlarınızın müəllimlərindən tənqid eşitməyəsiz.
Siz hansı qidaları övladlarının çantasından əskik etməməlidirlər? Bu qidaların siyahısını təqdim edək:
Balıq: Omeqa 3 ilə zəngin olan balıq yağında beyinin yaddaş və təhlil funksiyalarını gücləndirən, onu passivlikdən qoruyan xüsusi maddələr var. Amma fakt da faktlığında qalır: balıq və balıq yağını beyinə dost edən əsas element omeqa 3 maddəsidir. Beyin toxumasının böyük hissəsi yağ turşularından ibarət olduğundan, möcüzəli maddi olan omeqa 3-ün istehlakı sinirlər arasında daha yaxşı rabitəyə kömək edir və beynin dinamikliyini qoruyur. Uşaqların həftədə ən az iki dəfə yüksək miqdarda Omeqa 3 qəbul etməsi tövsiyə edilir. Onlar həm iti yaddaşa, həm də sağlam qan dövranına sahib olacaqlar.
Yumurta- Ən çox istifadə etdiyimiz qidalardan olan yumurtanın tərkibindəki protein maddələr azyaşlıların zehni inkişafı üçün əsl dərmandır. Yumurtada olan proteinlər birbaşa beyin hüceyrələrini inkişaf etdirir və onları sonradan daha sağlam şəkildə mühafizə edir.
İnformasiyanın qəbulu, qavraması kimi idrakı funksiyaları gücləndirir. Bundan başqa yumurtanın tərkibindəki xüsusi maddə - kolin yeni beyin hüceyrələrinin yaranmasına da güclü təsir göstərir. Hər səhər övladınıza bir ədəd soyutma yumurtanı (tam bişməmiş olması tövsiyə edilir) yedirin ki, müəllimləri ilə də araları yaxşı olsun.
Dənli bitkilər - B qrupu vitaminlərinin mənbəyi olan taxıllar beyin sağlamlığının və güclü yaddaşın qorunması üçün vacibdir. Əziz valideynlər, zəngin lif mənbəyi olan dənli bitki məmulatları mütləq qida siyahısına daxil etməlisiniz. Tam buğda unundan hazırlanan çörək də B qrupu vitaminlərinin faydalı mənbəyidir. B qrupu vitaminləri sinir hüceyrələrinin öz vəzifələrini sağlam şəkildə yerinə yetirmələrini təmin edir. Xüsusilə B qrupu vitaminləri B6, B12 yaddaşsızlığın bir nömrəli düşmənidir. Amma bir məsələdə ehtiyatlı olaq: Dənli bitkilər həm də güclü xolesterin mənbəyidir. Onları miqdarında qəbul etmək lazımdır ki, fayda yerinə zərər verməsin.
Qoz: Qoz fosfor, kalsium, kalium və dəmirlə zəngindir. Uşaqlarınıza hər gün 3-4 ədəd bütöv qoz yedirməniz beyin sağlamlığı üçün vacibdir. Beyin inkişafı üçün uşaqlar gündə ən az 2 tam qoz və ya omeqa 3 ilə zəngin olan 10/15 ədəd badam yeməlidirlər.
Qatıq: Bəlkə də inanmayacaqsınız, amma qatığın tərkibindəki tirozin adlanan maddə yaddaşı gücləndirməyə kömək edir. Odur ki, övladınızın qatıq yeməsinə xüsusi diqqət edin. Axşam yatmazdan əvvəl qəbul edilməsi, beyin-yaddaş funksiyası ilə yanaşı, orqanizm, mədə-bağırsaq sistemi üçün də çox xeyirdir.
Tünd şokolad: Burda yəqin çətinlik çəkməyəcəksiniz. Çünki bütün uşaqlar kimi sizin övladınız da çox güman şokoladı çox sevir. Amma siz gərək diqqətli olasınız. Uşaqlara zərərli palma yağı ilə zəngin şokolad deyil, tünd, təmiz şokolad qəbul etdirməlisiniz. Çünki məhz bu növ şokoladlar polifenol adlı xüsusi maddə ilə zəngindir. Bu maddələr südlü, qatqılı şokoladda deyil, yalnız tünd məhsullarda “yaşayır”. Uşaqlar tərəfindən südlü şokoladlar qədər sevilmir. Amma faydalılığı digərləri ilə müqayisə belə olunmaz.