Bu məqalədə Kvant üsulu ilə öyrənməkdən bəhs olunur. Bu yanaşma Konstruktivist öyrənmə yanaşmalarından biridir. Məlumdur ki, Kvant nəzəriyyəsinə görə hər şey nisbi və ehtimal daxilindədir. Ancaq bu nisbi və varlığı mütləq olmayan komponentlər bir bütövün hissələridir. Kvant nəzəriyyəsi bir çox sosial-humanitar elmə təsir edərək yeni yanaşmaların ortaya çıxmasına səbəb olub. Təhsil də bu təsirin xaricində qalmayıb. Kvant öyrənmə yanaşması da Kvant nəzəriyyəsinə uyğun olaraq “mütləq” doğruların öyrədildiyi ənənəvi təhsil yanaşmasından uzaqlaşaraq uşaqların özünü reallaşdıra biləcəyi bir təhsil yanaşmasına keçidin vacibliyini təlim edir. Kvant öyrənmə yanaşmasında əsas məqsəd və açar söz özünü reallaşdırmadır. Bu məqsədə isə ənənəvi təhsil vasitəsilə çatılmağın mümkün olmadığını qeyd edən Kvant üsulu öyrənmə tərəfdarları bunun üçün “Super Düşərgələrin” keçirilməsi vacib hesab edirlər.
Bu düşərgələrdə şagirdlərə sürətli oxu, qeydlər aparma, yadda saxlama texnikaları, oxuduğunu anlaya bilmə, Neyrolinqivistik planlaşdırma kimi bacarıqların aşılanması nəzərdə tutulur.
Metakoqnitiv anlayış
Kvant öyrənmə nəzəriyyəsinin ən vacib saydığı anlayışlardan biri də Metakoqnitiv anlayışıdır. Bu anlayışın mahiyyəti isə üstbilik, görünənin arxasında görünməzi görə bilmək, dərini görə bilmək və anlaya bilməkdir.
Kvant öyrənmə yanaşmasının əsas müddəaları:
-Hər insanın öyrənə bilmək bacarığına sahibdir;
-İnsanlar müxtəlif yollarla öyrənirlər;
-İnsanın inandığı gerçəklər onun uğuruna təsir edir;
-Hər insan dəstəklənməyə və hörmət edilməyə dəyər;
-Tədris əyləncəli, müsbət rəqabət və əməkdaşlıq mühitində olduğu zaman daha təsirlidir.
Kvant üsulu öyrənmək nədir?
Bu üsul beyindəki bütün sinir şəbəkələrini istifadə edərək, mənalı məlumatlar əmələ gətirmək üçün edilən özəl və individual sintezdir.
Kvant öyrənmək üsulu sürətli şagird uğuru ilə nəticələnən, yüksək həvəsə malik müəllimlər, işinə yönəlmiş siniflər və mənalı məzmun əmələ gətirən öyrətmə və öyrənmə modelidir.
Bununla birgə bir çox kvant yanaşmasına bir çox müasir öyrənmə nəzəriyyələri təsir etmişdir. Əsasən kvant yanaşması müasir yanaşmaların bir sintezidir.
Kvant üsulu öyrənmə fərdin güclü və zəif yanlarını tanıyaraq bu istiqamətdə öz şəxsi inkişafını “NLP ( Neuro Linguistic Programming)” üsulunu tövsiyyə edir.
Kvant üsulu çoxyönlü zəka, emosional zəka, holistik təhsil yanaşması kimi nəzəriyyələrlə ahəngdarlıq təşkil edir.
Kvant öyrənmə; prinsiplər, inanclar, sazişlər və nizamnamələr ilə əhatələnmişdir. Bu “TƏMƏLLƏR”, dürüstlük, güvən və şəxsi emosiyaların olduğu “Ətraf”, dinamik və diqqət çəkən təhsil proqramı “DİZAYN”ı və öyrənməni artıran dəstəkləyici “Mühit” üzərində qurulmuşdur.
Kvant öyrənmə yanaşmasının TƏMƏLLƏRİ mükəmməlliyin 8 açar anlayışı üzərində qurulub və bu açar anlayışlar müsbət davranışların formalaşdırılmasında vacibdir. Bu əsas 8 açar anlayış bunlardır:
-Bütünlük: Davranışlarınızı etibarlı, səmimi və bütün olaraq idarə edin.
-Xətalar uğura yol açar: xətalar sizə uğurlu olmağınız üçün nəyə ehtiyacınız olduğunu göstərir. Xəta yoxdur, sadəcə nəticələr və əks-əlaqə vardır. Nəticə olaraq mükafatı əldə edə bilirsənsə, deməli, hər şey yararlıdır;
-Gözəl məqsədlə danış: Müsbət hisslərlə danış, dürüst və birbaşa ünsiyyəti seç. Dedi-qodu və incidən ünsiyyətdən qaçın;
-Hədəfinə fokuslan: Hazırda gördüyün işə fokuslan və həmin işi ən yaxşı formada görməyə çalış. Hər bir işə canla-başla yönəl.
-Qərarlılıq: Verdiyin sözlərə və tapşırıqlara ciddi yanaş; gələcəyinlə bağlı bir fikrin olsun və ona görə yaşa. Missiyan nəyi lazım edirsə o işi tam et.
-Sahiblik: Məsuliyyət götürün və davranışlarınızdan hesabat verməyə hazır olun.
-Elastiklik: istədiyiniz nəticələri əldə etmək üçün dəyişikliyə və yeni yanaşmalara açıq olun.
-Balans: Zəka, fiziki vəziyyət və ruh halınızı taraz tutun. Bu üç cəhətinizin inkişafı üçün zaman xərcləyin.
MÜHİT: Kvant nəzəriyyəsi uşaqların diqqətini çəkən, onların emosiyalarını yaxşılaşdıran və etibarlı bir mühitin öyrənmək üçün diqqəti və motivasiyanı artırdığını qeyd edir.
DİZAYN: Kvant üsulu öyrənmədə dərsin strukturu, məzmunun daha təsirli, maraqlı və anlaşılan etməyə yönəlib.
ƏTRAF: Beyin davamlı surətdə ətrafdan stimullar qəbul edir və diqqətini cəmləşdirmək üçün müxtəlif stimullar axtarışındadır.
Kvant üsulu, əyləncəli və interaktiv tədris üsuludur. Xüsusi təlim strategiyası, məzmunu və öyrətmə üsulu ilə həyati bacarıqların qazandırılması üsuludur Kvant yanaşması. Kvant üsulu necə daha yaxşı müəllim olunacağına və sinif daxilindəki dinamik münasibətlərə yönəlmiş bir yanaşmadır.
Kvant öyrənmə yanaşmasının prinsipləri - 5 əsas prinsip
1.Hər şey danışır: Sinif mühitində bədən dili, dərs planınız, öyrədici bütün ismarıclar.
2.Hər şey məqsədə xidmət etməlidir: Sinifdə baş verən hər şey, bütün addımlar dərsin əvvəlində şagirdlərə bildirilən, slayt və ya lövhədə qeyd olunan dərsin məqsədinə xidmət etməlidir.
3.Tərif vermədən əvvəl anlayış əlaqələndirilməlidir: beynimiz mürəkkəb bir formada inkişaf edir və inkişaf üçün biliyə ihtiyac duyur. Ən yaxşı biliyi öyrənmə üsulu isə biliyin əvvəlki təcrübə və biliklərlə əlaqələndirilməsi, bu formada biliyin ötürülməsidir.
4.Göstərilən hər bir səyə və cəhdə dəyər verilməli: Bu yanaşma şagirdləri risk almağa sövq edəcək. Onların risk alması isə həm bacarıqlarını, həm də özünəetibar hissini artıracaq.
5.Öyrənmək dəyərlidirsə deməli qeyd olunmalı və öyrənən təbrik edilməlidir: Uğuru qeyd etmək və təbrik etmək bir əks-əlaqədir. Bu isə öyrənmək davranışının tezliyini artırır, həmin davranışın yanındakı müsbət emosiyaları inkişaf etdirir.
Kvant öyrənmə texnikaları
Zehin gücü: İnsanın öyrənməyə qarşı müsbət münasibəti zehnin gücünə, müvəffəqiyyətinə, və özünəhörmətinə təsir edir.
Mənim üçün maraqlı nə var (MÜMNV): İnsan maraqlandığı mövzunu öyrənməyə hazırdır. Öyrənəni maraqlandıra bilsək artıq onu məcbur etməyə ehtiyac qalmayacaq, o, öyrənmək üçün lazım olan bütün cəhdi göstərəcək.
Yanaşma tərzi və məsələlərə münasibət formalaşdırmaq: Çempion kimi düşünmək insanı çempion edə bilər.
Öyrənmə üsulunu kəşf etmək: Hər insan fərqli cür öyrənir. Sinifdə şagirdlərin vizual, audial, hərəki öyrənmə tipində ola biləcəyi nəzərə alınmalıdır. Şagirdlərin öz öyrənmə üsulunda öyrənmələrinə fürsət verilməlidir.
Dərsdə qeydlər aparmaq: Kvant öyrənmə yanaşmasına görə bu bacarıq hər bir öyrənənin ən vacib bacarıqlarındandır.
Özünə etibar edərək yazmaq: İnanın ya da inanmayın hamınız bir yazıçısınız. Hər insan hekayə danışmaq, bir hadisəni nəql etmək, yaxud sadəcə fikirlərini izah etmək bacarığına müəyyən qədər sahibdir. Kvant yanaşması şagirdləri yazaraq öyrənməyə təşviq edir, açıq suallara əhəmiyyət verir.
Yaddaşı gücləndirmək: Təhsil sistemləri hər nə qədər dəyişsə də gündəlik həyatımızın hər anında nələrisə yaddaşımızda saxlamağa, xatırlamağa ehtiyac duyuruq. Öyrənmək yaddaşla, yəni əzbərlə başlayır amma sadəcə orada qalmamalı, digər mərhələlərə də keçməlidir.
Sürətli oxu: Sürətli və effektiv oxu qabiliyyəti şagirdlərin bilikləri daha qısa müddətdə öyrənməsini nəticə verir.
Yaradıcı düşüncə və problem həlli: Yaradıcı insanlar, yeni biliklərə maraq duyan, yeni təcrübələri sınaqdan keçirməyə hazır, cəsur, gözüaçıq və yumor hissi olan insanlardır.
Kvant öyrənmə yanaşmasının təsirləri
Cenet Vos-groenendala(1991) aid doktorantura elmi işində bu yanaşmanın təsirini ölçmək üçün 8-25 yaş intervalında 13,675 təhsilalan üzərində tədqiqat aparılmış və toplanan keyfiyyət və kəmiyyət məlumatları aşağıdakı nəticələri ortaya qoymuşdur:
%68 motivasiya artımı
%73 akademik uğur artımı
%81 daha çox özünəinam
%84 daha çox özünəhörmət
%96 dərslərə qarşı müsbət münasibətdə artım
%98 müsbət davranışların davamlılığında artım
Mənbə: