“Məktəbdən öncə valideyinlər uşaqlara sağlam qidaya nələr daxil olduğunu öyrətməli, ailədə sağlam qida vərdişləri yaranmalıdır”.
Uşaq orqanizminin hərtərəfli inkişafı və sağlamlığı üçün düzgün və səmərəli qidalanma ən vacib şərtlərdən biridir. Qeyri-düzgün və nizamsız qidalanma nəticəsində uşaqlar əqli və fiziki inkişafdan geri qalır, eləcə də çəki problemləri ilə qarşılaşırlar ki, bu da gələcəkdə ciddi sağlamlıq problemlərinə yol açır.
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov AzEdu.az-a açıqlamasında uşaqlarda qida vəridişinin ailədən gəldiyini qeyd edib:
“Ailə daxilində hansı qidalar daha çox istifadə olunursa, uşaqlarda da ona uyğun qida vərdişi yaranır. Buna görə, ailə uşaqların sağlam qidaya meyilli olması üçün böyük rol oynayır. Son zamanlar müşahidə olunur ki, təkcə böyüklərdə deyil həm də uşaqlarda da piylənmə artıb. Bunun da başlıca səbəbi sağlam olmayan qidalanmadır.
Məktəblərin və universitetlərin bufetlərində zərərli qidalar satılır. Təkcə qidalar deyil, şəkərli və qazlı içkilər, tərkibi məlum olmayan qidaları da bura daxil etmək olar. Bunlarla qidalanan və hərəkətsiz uşaqlarda artıq çəki yaranır.Bu təkcə bizim deyil dünyavi bir problemdir”.
Ekspert sağlam olmayan qidaların ziyanlarından söz açıb:
“Sağlam olmayan qidalar uşaqlarda piylənməyə gətirib çıxarır və bu orqanizimdə yaranacaq xəstəliklərin başlanğıcıdır. Bunun üçün uşaqların qida rasionuna daha çox meyvə-tərəvəz daxil olmalı, paketli qidalar və şəkərli, qazlı içkilərdən uzaq durulmalıdır” deyə, o bildirib.