
Bakının ən böyük problemlərindən biri tıxacdır.
Tıxacın yaranma səbəblərindən biri də ali məktəblərin Bakıda yerləşməsidir. Bir çox ekspertlər universitetlərin paytaxtda yerləşməsinin tıxacların yaranmasına səbəb olduğunu düşünürlər. Buna görə də zaman-zaman universitetlərin Bakıdan kənara köçürülməsi təklif olunur. Bu yolla paytaxtdakı tıxacın aradan qaldırılması və ya müəyyən mənada azaldılması mümkün görünür.
Qarabağın işğaldan tamamilə azad olunmasından və orada infrastrukturun qurulmasından sonra isə yeni təkliflər gündəmə gəlib. Belə ki, Bakının tıxac yükünü azaltmaq üçün universitetlərin bir neçəsini Qarabağa köçürmək çıxış yollarından biri olaraq göstərilir.
Bəs hazırda Bakıdakı universitetləri Qarabağa köçürmək mümkündür? Bu, tıxacları azalda bilər?
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən təhsil eksperti Elmin Nuri Bakıda tıxac yaradan əsas səbəblərdən birinin universitetlər və orada oxuyan tələbələr olduğunu fikri ilə razılaşmayıb:

“Doğrudur, “Elmlər Akademiyası”, “28 May” kimi metrostansiyalarının yaxınlığında tələbələr tıxacların və sıxlığın olmasına müəyyən mənada təsir göstərə bilərlər. Amma ümumi olaraq paytaxtda şagirdlər tələbələrdən daha çox tıxaca səbəb olurlar. Ümumiyyətlə, Azərbaycandakı tələbə sayının 180 mini ötmədiyini nəzərə almaq lazımdır. Onların bir hissəsi bölgələrdə təhsil alsa da, təxminən 100-120 min arası paytaxtda oxuyur. Onların isə Bakıda böyük tıxaca səbəb olduğunu düşünmürəm”.
Ekspert xatırladıb ki, universitetlərin Bakıdan kənara köçürülməsi məsələsi hər il gündəmə gəlir:
“Səbəb olaraq da hər zaman universitetlərin tıxaclara səbəb olduğu deyilir. Bu səbəbdən də onların ya şəhərin ətrafına, ya da regionlara köçürülməsi təklif olunur. Qarabağın işğaldan azad olunmasından sonra isə Bakıdakı universitetlərin hər hansısa birinin ora köçürülməsi məsələsi gündəmə gəlib. Lakin mənim məsələyə münasibətim birmənalı deyil.
Çünki orada onsuz da Qarabağ Universiteti inşa olunacaq. Məndə olan məlumata görə, həmin universitet nəinki Azərbaycanın, hətta Qafqazın ən güclü və ən böyük universitetlərindən biri olacaq. Belə olacağı təqdirdə, hər hansısa bir universitetin Qarabağa köçürülməsini real hesab etmirəm. Lakin hansısa universitetin Qarabağ filalı fəaliyyət göstərə bilər. Hazırda da bir çox universitetin bölgələrdə filalı var. O cümlədən, onların Qarabağda filalı ola bilər”.
Ekspert hesab edir ki, universitetlərin yaxın gələcəkdə Qarabağa köçürülməsi inandırıcı deyil:
“Məncə, böyük universitetlərimizdən hər hansısa birinin Qarabağa köçməsini gözləyə bilmərik. Universitetlərin nəinki Qarabağa, hətta digər rayonlarımıza da köçürülməsini gözləmək əbəsdir. Çünki bəzi detallar universitetlərin özündən asılı deyil. Bu gün universitetlərimiz beynəlxalq reytinq cədvəllərinin tələbləri istiqamətində işləmək üçün çalışırlar. Onun öhdəsindən isə layiqincə gəlmək üçün çətinlik çəkdikləri görünür.
Ona görə ki, tələblər həddindən artıq yüksəkdir. Əgər universitet regionlardan birinə köçsə, orada böyük kampus və yataqxana olmalıdır. Paytaxtdakı universitetlərimizin maksimum 4 yataqxanası var. Bəzi universitetlərin isə ümumiyyətlə yataqxanası yoxdur. Hətta 4 yataqxana belə universitet tələbələrinin maksimum 8-10 faizini ödəyir. Onlar da əsasən xarici tələbələrdir”.
Həmsöhbətimiz bildirib ki, əslində paytaxtda yerləşmək universitetləri sosial problemlərdən xilas edir:
“Yəni tələblər paytaxtda ya kirayədə, ya da qohumlarının yanında qalırlar. Amma universitetlərin Qarabağa və ya digər rayonlara köçməsi zamanı tələblərin qalması üçün onlarla yataqxana lazım olacaq. Üstəlik, universitetin müəllim və texniki heyətini də nəzərə almaq lazımdır. Çünki onlar orada qalmalıdırlar. Bu səbəbdən də universitetlərin mütləq şəkildə şəhərcik statusunda kampusu olmalıdır.
Bu da milyonlarla vəsait və uzun illər deməkdir. Bu gün universitetlərin hansısa bölgəyə köçürülməsinə qərar verilsə, bu proses ən yaxşı halda 6-7 ilə başa çatacaq. Hələ vacib infrastrukturun qurulması və tələbələrin maraqlarına cavab verən yerlərin açılması üçün zaman lazımdır. Düşünürəm ki, indiki vəziyyətdə universitetləri Qarabağa köçürməkdənsə, daha çox Xankəndi Müəllimlər Universitetinin bərpasına və Qarabağ Universitetinin inşasına yönəlmək lazımdır”.