
Son günlər orta məktəblərdə şagirdlərin müxtəlif səbəblərdən xəsarət alması halları artıb. Bu fakt bir sıra suallar yaradır: şagirdlərin və müəllimlərin bu qədər aqressivliyi nədən qaynaqlanır?
Sosisal Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri mövzu ilə bağlı TNS-in suallarını cavablandırıb.
- Hər il məktəbdə şagirdlərin döyülməsi, bullinqə məruz qalması halları yaşanır, bu da istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət arasında böyük rezonansa səbəb olur. Şagirlərdlərin məktəb yoldaşları, müəllim və ya direktor tərəfindən zorakılığa məruz qalması təəssüf ki, nə birincidir, nə də axırıncı. Məsələnin kökündə dayanan əsas səbəblərdən biri məktəbin təlim müəssisi kimi özünü relaize edə bilməməsidir. Doğrudur, Elm və Təhsil Nazirliyinin 2 il əvvəl qəbul etdiyi qaydalar çərçivəsində sırf təlimlə bağlı çox ciddi nüanslar var idi. “Yaşıl”, “Qırmızı” kart və digər müxtəlif dərəcəli cəzalandırma mexanizmləri həmin qaydalarda əksini tapmışdı. Ancaq bu, yalnız pilot məktəblərdə tətbiq olunur. Bütün məktəbərdə nə zaman tətbiq olunacağı hələ dəqiqləşməyib.
- Nə etmək lazımdır ki, şagirdlər bullinqə məruz qalmasın?
- Unutmamalıyıq ki, bullinqə məruz qalan şagirdin fiziki sağlamlığından daha çox, onun psixologiyası məhv olur. Şagird psixikası çox həssasdır. Məktəb illəri elə bir yaş dövrünü əhatə edir ki, psixologiyanin əsas təməl elementləri həmin dövrdə formalaşır. Buna görə də ilk növbədə məktəb psixoloqu işinə ciddi yanaşmaq lazımdır. Çünki bu vəzifədə olacaq şəxsin üzərinə o qədər böyük bir məsuliyyət hissi düşür ki, nəinki şagirdlərin, həm də müəllimlərin psixoloji durumu onun məsuliyyət zonasında olmalıdır. Ancaq bu gün məktəb psixoloqunun özünün ayrıca kabineti belə yoxdur ki, orada şagirlərlə danışıqlar aparsın, işini görə bilsin.
- Sizcə, 500 uşağa 1 psixoloq bəs edərmi?
- Təəssüf ki, bu rəqəm özü belə həqiqəti əks etdirmir. Bizdə məktəblərdə bəzən ümumiyyətlə psixoloq olmur. Yaxud da min nəfərə yaxın kontingenti olan məktəbin cəmi bir psixoloqu var. Əvvəlcə bu problem aradan qaldırılmalıdır. Heç olmasa, 250 uşağa bir psixoloq təyin etmək mümkündür. Bundan əlavə, həmin psixoloqlar üçün iş kabinetləri olmalı, olar müasir infrastruktur və ləvazimatlarla təmin edilməlidirlər. Təhsilimiz məktəb psixoloqu vəzifəsinə qeyri-ciddi yanaşmamalıdır.

- Məktəbdə bullinq və döyülmə hallarının qarşını necə almaq mümkündür?
- Düşünürəm ki, burada tam nəticə olmasa da, müəyyən qədər uğurlar əldə etmək mümkündür. Ona görə ki, məktəblərdə "deviant" qrupa aid olan, çətin tərbiyə olunan uşaqlar var. Hər sinifdə demək olar ki, bir neçə belə şagird olur. Məktəb psixoloqu olsa, həmin qruplarla iş görə bilər. Dərsdən əvvəl və ya sonra onların hər birinin şəxsi işi hazırlanar və onlar daim psixoloji aspektdən nəzarətdə saxlanılar. Bu qrupun nəzarətdə saxlanılması məktəblərdə digər şagirdlərin qısnanmasının qarşısını almaqda kömək ola bilər. Yəni, belə demək mümkünsə, "deviant" qrupa aid olan şagirdlər digər şagirdlər üçün hər zaman fiziki xəsarət yetirə biləcək bir qrupdur. Bu cür uşaqlar daim araşdırmalı, onların ailə vəziyyətləri, psixoloji göstəricilər məktəb psixoloqu tərəfindən məktəb direktoruna təqdim olunmalıdır ki, o da bunun əsasında nəticə çıxarsın. Təəssüf ki, bu gün bizdə bu mexanizmlər olmadığına görə, bu prosedurlar yoxdur. Nəticədə müəllimlər əsasən, bu cür ipə-sapa yatmayan sagirdlərə qarşı şiddət göstərirlər.
Mərahim Nəsib