
Qəbul olunmuş qərara əsasən, müharibə veteranı adı almış şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə, onların təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək. Təşkilati hüquq formasından asılı olmayaraq dövlət qurumları və nazirliklərin tabeliyində fəaliyyət göstərən o cümlədən, özəl ali təhsil müəssisələrində təhsil alan müharibə veteranları əyani və qiyabi təhsil alma formasından asılı olmayaraq bu imtiyazdan istifadə etmək hüququna malikdirlər. Həmçinin müharibə iştirakçıları bakalavr səviyyəsində imtiyazdan istifadə etdiyi halda, magistratura pilləsində də təhsil haqqından azad olunurlar.
Mövzu ilə əlaqədar təhsil məsələləri üzrə ekspert Elmin Nuri MediaPost-a öz fikirlərini bölüşüb.
Ekspert qeyd edib ki, bu gün peşə təhsili müəssisələri cəmiyyətin əmək bazarı tələbatına bəzi universitetlərdən daha çox və daha faydalı cavab verməkdədir:
“Ümumiyyətlə, peşə təhsili Azərbaycan təhsilinin son illər demək olar ki, üz ağardan istiqamətidir və maraqlısı odur ki, təsadüfdənmi, zərurətdənmi müsbət qərarların çoxu da məhz peşə təhsilinə bağlı olur.
Onlardan məhz biri də elə bu məsələdir. Bu, müharibə veteranları ilə yanaşı, həm də əlillik dərəcəsi almış və ataları müharibədə iştirak etmiş, sağlamlığını itirmiş, həmçinin şəhidlik zirvəsinə ucalmış şəxslərin övladlarına də şamil olunur. Təəssüf ki, əvvəllər bu təcrübədən istifadə olunmayıb. Nə yaxşı ki, 44 günlük Vətən müharibəsindən sonra verilən müsbətyönlü qərarlar içində peşə təhsili də unudulmadı. Diqqət edirsinizsə, biz peşə təhsilini heç bir mərhələdə unutmuruq və onun inkişafı istiqamətində müsbət addımlar atılır. Ötən günlərdə parlamentin müzakirəsində, həmçinin dünənki media təmsilçiləri üçün təşkil olunan seminarda Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Ceyhun Kərimov belə bir təkliflə çıxış etmişdi ki, peşə təhsili müəssisələrindən istehsal müəssisələri tərəfindən qəbul olunan stajçı tələbələr vergidən azad olunsunlar, onlara müxtəlif müəyyən güzəştlər tətbiq olunsun. Bütün bunların hamısı onu göstərir ki, biz dövlət olaraq peşə təhsilinin inkişafına çox maraqlı olmalıyıq. Bu günləri peşə təhsili müəssisələri cəmiyyətin əmək bazarı tələbatına bəzi universitetlərdən daha çox və daha faydalı cavab verməkdədir. Bu detal da - müharibə iştirakçılarının peşə təhsili müəssisələrində ödənişsiz əsaslarla təhsil almaq hüququ sırf cəmiyyətdəki əmək bazarının tələbinə uyğun hesablanmış bir addımdır. Bu həm də həmin şəxslərin bir ixtisasa, peşəyə yiyələnməsini təmin edəcək çox düşünülmüş və vaxtında atılmış bir addımdır. Biz bunu cəmiyyət olaraq dəstəkləməliyik və müharibə iştirakçılarını, müharibə veteranı olan on minlərlə gəncimizi peşə təhsili müəssisələrinə səsləməliyik”.