2024-cü ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən namizədlər xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatı, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin növləri üzrə (danışıq bacarığı istisna olmaqla) kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama və ilk dəfə olaraq yazı bacarıqları əhatə olunmaqla nümayiş etdirməlidirlər.
Edupress.az-ın məlumatına görə, bu haqda Dövlət İmtahan Mərkəzinin rəsmi saytında elan yerləşdirilib. Qeyd olunub ki, 2024-cü ildə magistratura səviyyəsinə qəbul üzrə imtahana qatılacaq namizədlərlə ingilis dilində danışıq qiymətləndirilməsi aparılmayacaq:
“Magistraturaya qəbul imtahanlarında 2024-cü ildən etibarən yazı bacarıqlarının yoxlanılacağı ilə bağlı məlumat hələ 2021-ci ilin sonlarında nəşr olunan “Magistr” 1 jurnalında, həmçinin sonrakı nəşrlərdə verilmişdir. Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrlar yazı bacarıqlarının yoxlanılması üçün onlara təqdim edilən iki esse mövzusundan birini seçməklə həmin mövzu ətrafında fikirlərini də ifadə edəcəklər. Magistratura səviyyəsinə qəbul üzrə bakalavrların danışıq bacarıqlarının qiymətləndirilməsinin isə növbəti illərdə aparılması nəzərdə tutulur”.
Nihan Nuri