
Elm və təhsil naziri Emin Əmrullayev İTV-ə müsahibəsində məktəblərdə şagird sxılığı məsələsinə toxunub. O qeyd edib ki, sinifdə şagird sayının çox olması tədrisin keyfiyyətinə təsir göstərən amilə çevrilməməlidir: “Ən yaxşı təhsil sistemi Sinqapurdadır, orada da bir sinifdə standart olaraq 40 şagird təhsil alır. Hazırlığı yerində olan müəllim zəif müəllimin 6 uşaqla göstərdiyindən daha yaxşı nəticəni 40 uşaqla da göstərə bilər”.
Nazirin fikirlərinə Demokrat.az-a açıqlamasında münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri də oxşar mövqeni bölüşür.
Onun sözlərinə görə məktəblərdəki şagird sıxlığı təhsillə əlaqəli problem deyil, bu, daha çox sosioloji məsələdir:
“Aydındır ki, əhali sayı çox olan şəhərlərdəki məktəblərdə şagird sayı da çox olacaq. Azərbaycanda Bakı, Sumqayıt və Abşeron şəhərlərində məktəblərdə bu problem yaşanır, ölkənin digər ərazilərindəki məktəblərdə şagird sıxlığı yoxdur. Bunu tədris prosesi üçün ciddi problem hesab etmirəm. Əgər bir sinifdə 40 şagird varsa, əsas məsələ vəziyyətə uyğun hərəkət etmək olmalıdır. Söhbət pedaqoji işin və tədris prosesinin təşkili qaydalarında müəyyən yeniliklər etməkdən gedir. Təhsildə müasir yanaşmalarda sinifdə çox şagirdin olması dərsin keyfiyyətinə maneə kimi göstərilmir. Müasir təhsil parametrlərindən danışırıqsa, Emin Əmrullayevi bu fikirlərində haqlı hesab edirəm. Yeni təhsil meyilləri əvvəlkindən xeyli fərqlənir. Bu günün müəllimi şagird sayından şikayətlənməməli, vəziyyətə uyğun maraqlı metod ortaya qoymalıdır, dərsi interativ şəkildə aparmalıdır.
40-a qədər və ya 40 şagirdin olduğu sinifdə keyfiyyətli dərs keçilməsi üçün bir neçə uğurlu metod irəli sürə bilərəm. İnternet dünyası əlimizin altındadır. Müxtəlif platformalardan müəllimlər səmərəli metodlarla tanış ola və tətbiq edə bilərlər. Təhsil vəziyyətə görə doğru metodların irəli sürülməsidir, bunu 20 uşaqla da etmək olar, 40 uşaqla da. Bəziləri şikayət edir ki, 45 dəqiqəlik dərs saatında 40 şagirdlə uğurlu nəticə göstərmək olmaz. Belədirsə, 10 uşaqla da nəsə etmək olmaz. Dərsi bölsək, ilk beş dəqiqə müəllimin şagirdlərlə salamlaşmasına sərf olunur, qalan 40 dəqiqə də 10 uşaq arasında bölünsə, hərəyə 4 dəqiqə düşür. Bu da kifayət qədər zaman dilimi deyil. Demək ki, məsələ bu deyil. Şagird sıxlığı tədris prosesində problem olmamalıdır, bu gün tədrisin kəmiyyət əsasında düzgün təşkil edilməsi metodları irəli sürülməlidir”.