• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Dünyanın ən qeyri-adi elmi mərkəzi – bir təəssüfün Şərq acısı

  • 09-01-2024, 12:23

Giriş… “Saflıq qardaşları” kimlər idilər?

“Saflıq qardaşları” cəmiyyəti X əsrdə Bəsrə şəhərində yaradılmış və gizli şəkildə fəaliyyət göstərmişdir. Müsəlman Şərqinin ilk mütəşəkkil elmi cəmiyyəti hesab edilir. Yaradıcıları və əsas üzvləri arasında müsəlman Şərq dünyasının bir çox məkanlarından, eləcə də Azərbaycandan elm xadimləri, filosoflar da olublar.

“Saflıq qardaşları”nın əsas missiyası geniş xalq kütlələri arasında təbii-elmi biliklər yaymaq, dini fəlsəfiləşdirmək olub. Onlar din amilinə şəriət müstəvisindən deyil, İlahi həqiqətə aparan Ali Dəyər kateqoriyasından baxmışlar.

Onların təlimlərinə əsasən, şəriət cəhalətlərlə korlanmış, yanılmalarla qarışmışdır. Onun təmizlənməsi və paklaşdırılması yalnız fəlsəfə, idrakla mümkündür. Bununla belə şəriət qaydalarını da tam inkar etməmiş, onun elmi meyarlarla əlaqəsini  əsas götürmüşlər. Məsələn, “Saflıq qardaşları” şəriətlə qədim yunan fəlsəfəsinin sintezində kamilliyin sirrinin dayandığını əsaslandırmağa hər zaman cəhd etmişlər.

Təsadüfi deyil ki, dörd hissədən ibarət təşkilatın nizamnaməsini, bir növ fəaliyyət proqramını özündə əks etdirən “Saflıq qardaşları və vəfa munisləri” ensiklopediyasıdakı əlli iki traktatdan on dördü riyaziyyat, on yeddisi təbiət, onu metafizika və on biri ilahiyyat məsələlərinə aiddir. Riyaziyyata aid traktatlarda riyazi fənlərin idraki əhəmiyyəti yüksək qiymətləndirilib. Riyaziyyat “Saflıq qardaşlar”ına görə təkcə hesablama elmi yox,  həm də ilahi həqiqətin, ədalətin dünya üzrə təcəssümü rolunu oynayan ali predmetdir.

Rəqəmlərə dair traktatlarında sayların nəfslərdəki surətlərinin mövcudatın materiyadakı surətlərinə uyğunluğu mürəkkəb  fəlsəfi üsullarla əks olunub.

Həndəsəyə dair traktatda məqsəd hissi şeylərdən əqli şeylərə, cismani şeylərə, cismani şeylərdən ruhi şeylərə, konkret şeylərdən mücərrəd şeylərə keçməkdə nəfsin düzgün istiqamətləndirilməsi olub. 

“Saflıq qardaşları”nın varlıq təlimində Pifaqor və onun ardıcıllarının ideyaları mühüm yer tutur. Metafizikaya dair traktatlardan birində Pifaqor say elmi və onun xüsusiyyəti haqqında ilk söhbət açan alim kimi səciyyələndirilir.

“Saflıq qardaşları” aləmi “böyük insan” saydıqları kimi insanı da “kiçik aləm” hesab etmişlər.

Makrokainatla mikrokainat əlaqələndirməsi bu təşkilatın elmi baxışlarında əsas prinsip olmuşdur.

“Saflıq qardaşları” uzun illər təqib edilmiş, elmi görüşləri zərərli hesab olunmuşdur. Amma Şərqdə, eləcə də Avropada elmin sonrakı inkişafı və strukturunun qurulmasında bu təşkilatın rolu danılmaz olmuşdur.  Bu gün də tam araşdırılmamış “Saflıq qardaşları” orta əsrlərdə Yaxın və Orta Şərq ölkələrində, eləcə də  İspaniya vasitəsilə Qərb ölkələrinə nüfuz etmişdir.

“Saflıq qardaşları”nın elmə vurğunluğu və qəribə adətləri

– Bu elmi cəmiyyətdə müəllimlər tədrisə görə məvacib almağı özlərinə təhqir sayırdılar;

– “Saflıq qardaşları” sırasına qatılan  şagirdə görə atalarından yazılı sənəd alınırdı. Bu sənədə əsasən şagird mütləq atasının himayəsindən çıxıb müəlliminin mənəvi övladı olmalı idi;

– 15 yaşından aşağı heç kəs bu hikmət cəmiyyətinə qəbul olunmurdu. Təşkilatın üzvlərindən  yaşlı nəsillə deyil, müxtəlif elmlərə həvəsli olan, bu dünyanı və axirəti qəbul edən, qiyamət gününə, peyğəmbərin dediklərinə əməl edən, ehtiras və savaşlardan qaçan gənc nəsillə iş görmək tələb edilirdi;

– Bəzi mənbələrdə “İxfan əs-Səfa” məktəbi kimi təqdim edilən gizli təşkilat dövrün hakimlərindən xəbərsiz fəaliyyət göstərir, ən yaxşı alimləri öz sıralarına qatırdılar;

– Onlar hələ intibah dövründən əvvəl itib-batmaqda olan, misilsiz dəyərə malik antik yunan filosof və alimlərinin əsərlərini axtarıb tapır, onları qoruyur və ən əsası tərcümə edirdilər. Bununla da əsl elm və fəlsəfə bazası olan yunan mətnlərini  xilas edib hikməti Şərq coğrafiyasında da yayırdılar.

“Bütün təbəqə və siniflərdən olan insanlarla təmas qurun. Səbrli olun və insanlara sevgi ilə yanaşın. Onlarla yeməkdəki duz kimi qaynaşın. Ağıllı bir loğman, həkim kimi davran və xəstələri sağalt”.

Bu cümlələr “Saflıq qardaşları”nın özəyi sayılan Bəsrədə təşkilatın yaradıcıları tərəfindən yazılmışdı və xilafət sərhədlərini aşaraq Qafqazda, Anadoluda bütün gizli ocaqlara yayılmışdı.

“Saflıq qardaşları”nın xidmətləri

– Şərq intibahının yaranmasında əsas xidmətləri olan “Saflıq qardaşları” “insanı kainatlaşdırmaq” düsturunu qədim yunan mətnlərindən qopararaq İslam dünyasına gətirdilər;

– Cəmiyyətdəki alimlər Aristotel və Platonun metafizik dünyagörüşünü saf İslam etiqadı ilə sintez edərək “vəhdəti-vücud”un ilk müddəalarını yaratdılar (Təkcə buna görə XII əsrdə özünün zirvə nöqtəsinə çatan və bir neçə əsr davam edən Şərq düşüncəsi “Saflıq qardaşları”na çox minnətdar olacaqdı).

– “Saflıq Qardaşları” cəmiyyətinə aid olan filosoflar qrupu əsasən üç işlə məşğul idilər: tədris, tərcümə və yazı. Onlar şagirdləri öyrətməkdən də çox qiymətli mətnlərin tərcüməsinə diqqət edirdilər. Bu cür tərcümələr bütün elm sahələrinə aid olmalı idi. Hətta musiqi fəlsəfəsinə aid tərcümələrə də yer ayırırdılar. Cəmiyyətdəki alimlərin etdikləri tərcümələr uzun əsrlər Şərq kitabxanalarının əsas elm qaynaqları olmuşlar;

– Onlar bu tərcümələr vasitəsilə musiqi, təbiət ünsürləri (hеyvanlar, bitkilər, minеrallar) və rənglər arasında uyğunluq haqqında təlim yaratdılar. Saflıq filosofları hеsab еdirdilər ki, müxtəlif alətlərdə çalınan musiqi insan şüuruna dərman bitkiləri və ətirli ədviyyələr kimi təsir еdir. Məsələn, tarda çalınan musiqi ətirli zəfəran kimi, nağara – mixək və jеnşеn, ud – pişikotu, nеy – badrəncbuyə, zurna – tünd qəhvə kimi təsir göstərir;

– “İxfan əs-Səfa”nın həm Qərb, həm də Şərq dünyagörüşlərini özündə birləşdirməsi xristian və islam dünyası arasındakı soyuqluğu aradan qaldırmaq gücünə sahib idi. Belə ki, Saflıq qardaşlarının Fəsdə yerləşən təşkilatının səyi nəticəsində tezliklə onların ideyaları İspaniya ərazilərinə yayılaraq, oradan da digər Avropa ölkələrinə doğru irəlilədi;

Gənc İsmayılın faciəsi

Bir  az da XI əsrdə yaşamış azərbaycanlı gənc İsmayıl Təbrizi haqqında danışaq. O, “Saflıq qardaşları” elmi cəmiyyətinin Təbriz şəhərindəki tədris ocağında təhsil alan istedadlı yeniyetmələrdən idi.  Amma, təəssüf ki, təqib olunan başqa “Saflıq qardaşları” ocaqları kimi Təbrizdəki mədrəsə də dövrün şəriət hakimləri tərəfindən dağıdılır. İsmayıl da özünü başqa tələbə yoldaşları kimi müəllimlərin köməyi ilə bu dağıntıların arasından çətinliklə xilas edir. Amma təəssüf ki… Elə yazının sonunda İsmayıl haqqında danışmağımız da bu təəssüfün əsas səbəbidir.

Gəlin, bu səbəbi birlikdə incələyək: “Saflıq qardaşları”nın Təbrizdəki elm ocağında oxuyan İsmayıl hələ tilmiz olan  vaxtlarında (gizli cəmiyyətin bütün məktəblərində bura yeni qədəm qoyan 15 yaşlı şagirdləri “tilmiz” adlandırırdılar) bu birlikdəki nizamı qavramışdı. Bilirdi ki, burada ona öyrədilən bütün elmlərin əsas məqsədi insan ruhunun təmizlənməsini təmin etmək  və onu əbədi səadətə qovuşdurmaqdır. Elm və hikmətin Ali Səadət qulluqçusuna çevrildiyi məkanda bütün şagirdlər arasında qardaşlıq münasibətləri var idi. Amma onlar da bilik və qavrama bacarıqlarına görə bir neçə qrupa bölünmüşdülər: Birinci qrupa 15-30 yaş arasınakı gənclər daxil idilər və onlar ancaq müəllimlərin buyruğu altında bilgi alırdılar. Fiziki təmizliyə önəm verən, fikirləşməyi və keçirilənləri qəbul etməyi bacara bilən bu qrupun üzvləri  “əl Əbrar-əl Ruhəma”, yəni “dindar və mərhəmətli” adlanırdılar. İkinci qrupa 30-40 yaş arası insanlar daxil edilir və onlara fəlsəfi bilgilər verilirdi. Bu qrupun üzvləri  “Əhyar-dindar” və ya “Fudala-bilgin” adlanır və ocaqlardakı şagirdlərə rəhbərliyi onlar həyata keçirirdilər. Üçüncü qrup 40-50 yaş arası, fəlsəfi, elmi, şəriət biliklərinə sahib olan insanlardan təşkil olunurdu. “Əl-Fudala-əl Kiram” adlanan qrup üzvləri sultanlıq mövqeyində idilər. Nəhayət, sonuncu qrupa daxil olan insanlar 50 yaşdan yuxarı olanlardan ibarət idi ki,  onlar fövqəlduyuma, uzaqgörənliyə sahib saflıq ardıcılları sayılırdılar. Onları “Məlaikə-mukarribin” adlandırırdılar.

İsmayılın aid olduğu birinci qrup ikinci qrupdan yalnız nəvaziş görür, oradakıların mehribanlığına və qardaşlıq eşqinə tuş gəlirdilər. Amma heç vaxt “ikinci mərtəbə”nin üzvləri ilə elmi müzakirələrə girmirdilər. Həmçinin, ikinci qrupun üzvləri də üçüncü qrupun seçilmişləri ilə o dərəcədə pərdə saxlayırdılar.

İsmayıla  dinin açıq və gizli olduğunu deyir və bu məktəbin də əsas işinin gizli dinlə, daha doğrusu, gizli elmlərlə aidliyini nəzərə çatdırmaq istəyidilər. Çünki “Saflıq qardaşları” öz aralarında şəriəti “açıq din” adlandırırdılar. Yəni burada hər şey hamının qavradığı, fərqinə vardığı və icra etdiyi rituallar sistemi idi. Amma batində qalan məna isə çox az insana çatırdı. “İxfan əs-Səfa” məktəblərində tədris olunan batini elmlərin əsas məqsədi ruhu arındırmaq, onu xoşbəxtlik mərtəbəsinə çatdırmaq idi. Bu ocaqlarda filosofları batini elmlərə yiyələnərək ilahi səadətə qovuşmaq üçün hazırlayırdılar.

Qayıdaq əvvələ: İsmayıl və başqa tilmizlər bu fəlsəfənin mahiyyətini yavaş-yavaş qavradıqları zaman dövrün nadanlarının fitvası ilə Təbrizdəki gizli ocaq aşkarlandı. Dördüncü qrupun üzvləri olan əsas idarəçilər təhlükəsizlik naminə və xüsusən də tilmizləri qorumaq üçün onları bazar meydanlarına səpələdilər. Ətrafındakılardan fərqlənməyən şagirdlər  fiziki baxımdan xilas olsalar da, iqamətgahın dağıdılması onları mənən öldürdü.

İsmayıl gizli ocağın dağıdılmasından sonra öz ruhi inkişafını dondurmuş oldu. Bəzi mənbələrin dediyinə görə, “Saflıq qardaşları”nın Anadolu, Azərbaycan, hətta Avropa ərazisindəki dağıdılan iqamətgahlarının üzvləri sonradan bu birliyin mərkəzi olan şəhərlərinə getmədilər. Çünki onlar üçün bir elm ocağının dağıdılması ümumiyyətlə elmin süqutu idi.

Haqqında danışdığımız İsmayıl da ocaqda yiyələndiyi dil bilgisindən istifadə edib sonradan ortabab bir tacir oldu. Ömrünün sonunda isə müflisləşdi.

Məncə, bu gün bütün Şərq elə o İsmayılın günündədir – elmdən məhrum olub qaranlıq xaosa düşən İsmayılın…

"Saflıq Qardaşları" Azərbaycan din insan Müsəlman Şərqi Orta ƏSrlər Yunan fəlsəfəsi
 
Elmin Nuri
Müəllifin digər yazıları
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!