"Z" -Xocalı haqqında qısa hekayə-Məktəb müəllimindən

Sən demə, İsgəndər səddi Xocalıda imiş. O tayında Yəcuc-Məcuclar pusquda imiş. Bir gün onu aşmağı bacardılar. Xocalıya doluşdular, canlara daraşdılar.
Qiyamətmi idi?
Bəyaz qar qurbanların qanına qəltan olurdu, ölüm qoxusu hər tərəfə dolurdu. Ya lal haraylar, ya da diş şaqqıltısina qarışan nalələr eşidilirdi. Bir yanda isə insan qənimi Yəcucların vəhşi səsi qulaqları dəlirdi.
Cəhənnəmmi təcəlli edirdi?
--Qarnını yar, uşağı da doğra. Hələ o kaftarı yandırmayıbsan? Tez ol bu arvadı da soyundur, --deyə bir yəcuc, şeytanı belə mat qoyurdu.
--İlahi, ölüm də mən də, nolar ölüm də. Anam məni bürüyüb özü dondu, məndən nigaran öldü. Yanına gedim də mən də, nolar ölüm də mən də, --deyə bir mələk daha doğulurdu.
Epiloq
Uşaq—mələk bərzəxdə anasına sarıldı:
--Ana, necə oldu? Bunların hamısı necə oldu axı?
--Bala, İsgəndər səddinin açarlarını Yəcuc- Məcuclar Şimaldan tapdılar. Xəlvətdə caynaqlarını işə saldılar. Əsl “axır”ı unutdular.
--Əsl axır nədir, ana?
--Qisas günü. Allahın haqq-hesab günü...
Ülviyyə Əvəz Əliyeva