
Bir neçə gün əvvəl daha bir məktəblinin ana olması ilə bağlı xəbər yayıldı. Söhbət Salyan rayonu Pambıqkənd tam orta məktəbinin 11-ci sinif şagirdindən gedir. Bu xəbərdən sonra iddia edildi ki, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adları qeyd olunur və qiymətləri yazılır. Məktəbin direktor əvəzi Yeganə Səfərova açıqlamasında bildirib ki, məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinə müraciət olunub. İddialara münasibət bildirən rəhbərlik məktəbdə başqa erkən nikah faktının qeydə alınmadığını əlavə edib. Şirvan-Salyan Regional Təhsil İdarəsi isə öz növbəsində hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verib, araşdırma aparılır. Yeniyetmənin anasının sözlərinə görə, qızının ana olması ilə bağlı xəbərlər yalandır: “Qızım 16 yaşında qaçıb ailə qurub, amma ana olmayıb. Yoldaşımın xasiyyəti tünddür. Qızımla heç bir əlaqəmiz yoxdur”.
Mənzərə əvvəlkilərdən elə də fərqlənmir – təhsildən yayınma və valideyn məsuliyyətsizliyi. Məktəb rəhbərliyi başqa erkən nikah faktının qeydə alınmadığını bildirsə də dərslərdən yayınan şagirdlə maraqlanmadığı da aydın olur.
Təhsil eksperti Nadir İsrafilovun fikrincə, erkən nikahların bir ucu gəlib təhsilsizliyə dayanır. Bu mənada, məktəbin ən əsas vəzifələrindən biri təhsildən yayınmaya qarşı nəzarəti gücləndirməkdir. Bununla belə ekspert hesab edir ki, belə hadisələrin baş verməməsi üçün valideyn tərbiyəsi, ictimai qınağın rolu daha böyükdür:
“Axı, nə vaxta qədər övladı dünyaya gətirən biriləri, cəfasını çəkən, onların məsuliyyətinə şərik çıxan digərləri olmalıdır? Bəli, baş verənlərdə məktəbin də günahı var. Lakin məktəbdə tərbiyə uşaqda yeni imkanların, bacarıqların yaradılması deyil, onda mövcud olan imkanların formalaşdırılması və inkişaf etdirilməsidir. Bunula belə nə qədər düşünsək də, çalışsaq da, mübarizə aparsaq da, cəmiyyətin də günahı az deyil. Bununla belə, cəmiyyətə övladı bəxş edən, təməl tərbiyəsi ilə təhvil verən yenə də valideyndir. Yeniyetmə qızların məktəbdən yayınması və əslində yayındırılması bir çox sosial, regional, mental, səbəblərlə izah olunur ki, bu da ümumilikdə və bütövlükdə öz kompleks həllini tapmalıdır. Bu məsələdə ictimai qınağın rolu da böyük ola bilər”.
N.İsrafilov qeyd edib ki, qızların təhsildən yayınması regionlar üçün daha xarakterikdir:
“Dövlət İmtahan Mərkəzinin tələbə qəbulunun elmi-statistik təhlillərinə görə, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə onların sayı kəskin azalır. Bir də ki, qızların təhsildən yayınması yox, yayındırılması desək, daha düzgün olardı. İnanmaq olmur ki, hansısa qız öz istəyi ilə təhsildən ayrılsın. Övladının savadlı, təhsilli, xüsusilə də ali təhsilli olması və bir şəxsiyyət kimi cəmiyyətdə layiqli mövqe tutması hər bir valideynin ən böyük arzusu olmalıdır. Əsasən də qızların təhsilli, savadlı olmasına xüsusi diqqət yetirilməlidir. Ancaq təəssüf ki, valideynlərin bir qismi qız övladlarının təhsil almasında maraqlı deyil və onları erkən ərə verməklə bu məsuliyyətdən yayınmağı üstün tutur. Bu səbəbdən də əsasən regionlarda yuxarı siniflərdə təhsil alan qızların sayında kəskin azalma müşahidə olunur”.
Ekspertin sözlərinə görə, bir çox dövlətlərdə uşaqların təhsilə vaxtında cəlb olunmamasına və təhsildən yayınmaya görə müxtəlif inzibati cəzalar nəzərdə tutulur:
“Bu cəzalar həm inzibati, bəzi ölkələrdə isə hətta cinayət məcəlləsinin müvafiq maddələrinin pozuntusu kimi hesab edilir.
Ümumiyyətlə götürdükdə isə, təkcə qızların deyil, habelə oğlanların da təhsildən yayınma halları təhsilimizin ən ciddi problemlərindən bir olaraq qalmaqdadır. Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, geniş müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır. İlk növbədə icbari təhsildən yayınmanın metodologiyası araşdırılmalı, əlaqədar qurumların vəzifələri və məsuliyyəti barədə hökumət qarşısında konkret təkliflərlə çıxış edilməlidir. Bu məqsədlə müəyyən müştərək proqramların hazırlanmasına və tətbiqinə böyük ehtiyac var. Nə qədər ki, məktəbdə və bütövlükdə cəmiyyətdə sözügedən məsələ ilə bağlı məsuliyyət bərabər paylaşılmayacaq, bu cür halların baş verməsi də bir o qədər qaçılmaz olacaq”.