
Ali məktəblərə sənəd verənlərin sayı digər təhsil müəssisələrinə müraciət edənlərdən çoxdur.
Bunu AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri deyib. O xatırladıb ki, ötən il 56 min abituriyent sənəd verib və bu, Azərbaycan tarixində rekord göstərici idi: “Bu il də həmin rekordun təkrarlanacağı gözlənilir – bu, məsələnin kəmiyyət tərəfidir. Məsələnin digər tərəfi isə cəmiyyətin maraq və psixoloji seçim istiqamətidir. Biz hələ də orta məktəbin funksiyasının universitetə tələbə hazırlamaq olduğunu sanırıq. Lakin bu belə deyil. Məktəbin funksiyası şəxsiyyətyönümlü fərdlərin yetişdirilməsi, təlim-tərbiyə və tədris hesabına onların cəmiyyətə hazır kadr şəklində istiqamətləndirilməsidir”.
Elmin Nurinin sözlərinə görə, Azərbaycanda test modeli tətbiq ediləndən sonra əsas diqqət universitetlərə hazırlıq proseduru üzərində cəmləşib. İxtisas qrupları ayrıldığından, şagirdlər həmin ixtisas qruplarındakı 4-5 fənnə daha çox diqqət ayırırlar və bu, illərdir ki, davam edir. Ali məktəbdə oxumaq istəyi tələbatdan, əmək bazarından çox psixoloji amilə, rəqabətə çevrilib: Fərqində olmasaq da, insanlar əmək bazarında ali təhsil müəssisəsinin ixtisaslarının lazım olub-olmamasını, 4 il sonrasını düşünmədən qərar verir və cəmiyyətin psixologiyası, qonşu ilə rəqabət mexanizmi burada öz sözünü deyir. Məsələn, hazırda ölkədə peşə təhsili cəmiyyət üçün yararlı istiqamətdir, çünki əmək bazarında, istehsalat dünyasında əsasən peşə təhsili müəssisələrində müəyyən ixtisaslar üzrə yetişmiş kadrlara ehtiyac duyurlar”.
“Bizim üçün universitet qohum-qonşular arasında rəqabət mexanizminə çevrilib. Amma bunu əmək bazarına əsasən hesablamaq lazımdır. Şəxsin özünüifadə əmsalını hesabladığımızda peşə təhsili müəssisələri xeyli öndə gedəcək. Mən bütün valideynləri bunları nəzərə almağa çağırır, peşə təhsili müəssisələrinə xüsusi diqqətin artmasının həm cəmiyyət, həm istehsalat dünyası, həm də abituriyent üçün faydalı olduğunu bildirirəm”, - deyərək Elmin Nuri fikrini yekunlaşdırıb.