bp-nin baş icraçı direktoru Marri Okinkloss Bakıya səfəri çərçivəsində şirkətin regiondakı rəhbərliyi və işçi heyəti ilə görüşüb.
Edupress.az xəbər verir ki, cənab Okinkloss həmçinin bp-nin əməliyyatçısı olduğu Səngəçal terminalına da səfər edib.
Qeyd edək ki, bp-nin baş icraçı direktoru Marri Okinkloss Azərbaycanda ikigünlük işgüzar səfərdədir. Bu səfərdə onu bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti Qordon Birrel müşaiyət edir.
Bu gün səhər cənab Okinkloss Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş və görüşdə bp-nin regiondakı əsas biznes fəaliyyətlərini müzakirə etmişdir. Görüş zamanı cənab Okinkloss bp-nin Azərbaycanla bağlı öhdəliklərinə sadiq olduğunu bir daha vurğulamış, şirkətin uzunmüddətli tərəfdaşlıq planları haqqında məlumat vermiş və bp-nin ölkənin enerji keçidi sahəsində səylərinə dəstək məqsədilə az karbonlu enerji həlləri və yeni əməkdaşlıq imkanları axtarmaq niyyətini bildirmişdir.
Cənab Okinkloss dünya səviyyəli Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarında hazırda aparılan işlər və gələcək işlənmə imkanları haqqında da məlumat vermişdir. O, həmçinin Cəbrayıl rayonunda həyata keçiriləcək Şəfəq günəş elektrik stansiyası layihəsi haqqında danışmış və bildirmişdir ki, bu layihə bp-nin operatoru olduğu Səngəçal terminalının elektrikləşdirilməsinə dəstək olmaqla Azərbaycanın və bp-nin öz əməliyyatlarındakı emissiyaları azaltmaq məqsədlərinə töhfə verəcək.