
Giriş üçün... Yaxud, sirli ilğımla tanışlıq...
Sərgi salonunda nümayiş etdirilən əsərlərə baxarkən ağla ilk olaraq belə bir fikir gəlir: Bu rəssam, deyəsən, başqalarına bənzəmir. Doğrudur, bütün yaradıcı insanların özəlliyi, onları başqalarından fərqləndirən bir cəhət var. Amma əsərləri ilə üz-üzə qaldığımız rəssamda - Cahid Camalda bu özəllik sanki bir deyil, bir neçə qrupa bölünüb. O, portretdən-portretə, əsərdən-əsərə özünü axtarıb, öz ruhi ovqatının əsl məkanı üçün gəzib. Hər əsərə sanki ruhunun bir dayanacağı kimi baxıb... Ruhunun dinləndiyi düşüncələri, məkanları, bütün rəngləri əsərə çevirib... Ona görə də rəssamın fırçası çoxmədəniyyətli və çoxrənglidir. Amma birməqsədlidir: o, mədəniyyətlərin, rənglərin fonunda hər zaman öz sehirli dünyasını, ilğımını axtarıb... Deyəsən, baxdığımız bütün rəsmlər də elə o ilğımın bir parçası, bizimlə danışan kölgələridirlər...
Buna görə də o, başqa həmkarlarından həqiqətən də çox fərqlənir...
Mətləbə keçid...
Girişin hörmətli oxucu üçün qaranlıq qalmaması üçün deyək ki, haqqında danışdığımız rəssam öz dəst-xətti ilə seçilən, 3 ölkədə (Azərbaycan, Rusiya və Monqolustan) yaşayıb-yaradan Cahid Camaldır. Xalq Bankın “Xalq əmanəti” layihəsinin növbəti buraxılışı- 24-cü nəşri məhz onun zəngin və parlaq irsinə həsr edilib. Elə yuxarıda bəhs etdiyimiz sirli ilğım diyarı da Xalq Bankın mərkəzi ofisindəki Rəsm Qalereyasında sərgilənən əsərlərin yaratdığı illuziativ məkandır.
Amma həqiqətən də bu sehrli illuziya məkanında rəssamla söhbətləşməyə dəyərdi. Elə layihə əsnasında nəşr olunan, 3 dildə xalqın əmanətinə qovuşan nəfis tərtibatlı bədii albomu vərəqləyərkən də bu ilğımın sirrini, uzaq Monqolustan çöllərindən əsən səmum küləyinin rayihəsini hiss etməmək mümkün deyil...
Rəsm Qalareyası artıq 14-cü ildir ki, sənət dünyasının tanınmış simalarına qucaq açıb. Burada bir çox görkəmli rəssamların, yazarların xalqın yaddaşında, dəyərlər saxlancında daha möhkəm qərar tutması üçün örnək işlər görülüb, möhtəşəm kitablar, bədii albomlar təqdim edilib.
Xalqın dəyərlər saxlancına növbəti əmanətin təhvil verilməsi prosesinə şahidlik etmək üçün yığışanlar arasında ürək sözlərini deyənlərin gözlərindən minnətdarlıq nişanələrini oxumaq çox da çətin deyildi.
Xalq rəssamı, akademik Ömər Eldarov, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Arif Hüseynov, Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Xalq rəssamı, professor Səlhab Məmmədov, sənətşünas Qalib Qasımov kitabın (bədii albomun) rəsm həvəskarları üçün dəyərli mənbə, tələbələr üçün canlı dərslik olduğunu qeyd etdilər. Bildirildi ki, rəssamın ən yaxşı əsərlərinin toplandığı bu nəşr Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınmasına növbəti töhfədir.
Rəvayətlər üzərindən uçuş
Çıxışlar bitir... Qonaqlar Rəsm Qalareyasında sərgilənən rəsmlərin nümayişinə dəvət olunur. Fürsətdən istifadə edib, biz də az öncəki ilğım içində metafizik gəzintimizə davam edirik.
HAŞİYƏ-1. Məlumat üçün deyək ki, Cahid Camal 15 noyabr 1928-ci ildə Qarabağ torpağında, Ağdam rayonunun Gülablı kəndində anadan olub. Ailələrinin Şuşada da evi vardı. Pasport alarkən, valideynlərinin razılığı ilə Cahid özünə babasının adını – Camal soyadını götürür.
Ata tərəfdən Cahidin şəcərəsi Sarıcalı xanlarının xəttilə Qarabağ xanlığının əsasını qoyan Pənah Əli xana qədər uzanır.
Cahid Camalın bədii üslubu və yaradıcılığının formalaşmasında coğrafiyanın müstəsna rolu var. O, Azərbaycanın yalnız şəhər mədəniyyətini deyil, kənd mühitini də göstərməyi bacarıb. Azərbaycanın dili, tarixi, əfsanə və rəvayətləri, təbiəti, musiqisi, memarlığı, xalq tətbiqi sənəti, xalı və tikmələri rəssamın ilham mənbəyinə çevrilib, əsərlərinin süjet və rəng həlli, parlaq boyalara və ornamentlərə sevgisində əks olunub.
Sərgi salonundakı əsərləri bir daha diqqətlə nəzərdən keçirir, bacardığım qədərilə incələməyə çalışıram. Dediyim kimi, bu əsərlərin hamısı sirli, müəmmanlı bir ilğımın parçaları, kölgələridir. Mövzusundan, məzmunundan asılı olmayaraq hər birində bunu hiss etmək mümkündür... Amma təkcə bununla da bitmir. Sanki yenə də nəsə başqa bir sehr bu rəsmlərdə gizlənib. Saxlanc kimi özünə orada yer etməyə çalışıb. Cavabı tapıram: əslində, yaradıcı natiqlər öz çıxışlarında bir neçə dəfə buna toxunmuşdular. Səbəb sirli Şərq rəvayətləri, əfsanələri, Cahid Camalın ana vətəni Azərbaycanın və sonradan yaşadığı Monqolustanın qədim nağıllarıdır.
HAŞİYƏ -2. Cahid Camal yaradıcılığının böyük və ən parlaq hissəsi Monqolustanla bağlıdır və o, bu ölkəyə həsr olunmuş 850 əsər işləyib. Xalqın mədəni irsinin dərinliyini anlamağa can atan rəssam “Monqolların gizli rəvayətləri”ni həvəslə oxuyur, tarixi mənbələri araşdırırdı. Cahid Camal Monqolustanın dağlarına, səhralarına səyahət edir, kəndlərə, ucqar qoyun yataqlarına baş çəkirdi.
“Monqol süitası” silsiləsində rəssam XX əsr Monqolustanının fərqliliyindən söz açır, həm qədim, ənənəvi, köçəri həyatı, həm də yeni, çoxmərtəbəli binaların inşa edildiyi şəhərləri təsvir edir, maldar-aratların monqol çöllərindəki atlarını, dəvələrini müasir texnikaya, sürətli maşınlara dəyişdiyindən bəhs edir.
Onun “Qara Qobi”, “Şlaqbaum”, “Çölün sahibəsi”, “Monqolustan”, “İlğım” və s. kimi əsərlərində həmin rəvayətlərin mübhəmliyi, sehri insanı öz dünyasına qərq edir. Qara Qobinin ucsuz-bucaqsız səssizliyi, intəhasızlığı, uzaqdan görünən dağların səma ilə əsrarəngiz kontrastı bu rəsmlərdə sanki rəssamın dili ilə danışır. Danışır və bizə uzaq Qobinin, Monqolustan çöllərinin sirli ilğımını, sehirli səmum yelinin dediklərini çatdırır. Rəssam fırçası ilə böyük çölün sirrini buralara qədər daşımaq həqiqətən də Cahid Camal fərqinin göstəricisidir. Nahaq yerə söhbətin əvvəlində "bu rəssam tam fərqlidir" sözümü deməmişdik...
Amma...
...“Şuşada çayxana”, “Gülablı xatirəsi”, “Kəlbəcər”, “Kəlbəcərin küçəsi” kimi əsərləri də xüsusi vurğulamalıyıq. Adından da göründüyü kimi Qarabağ mövzulu bu əsərlər rəssamın şüuraltısında məskunlaşmış və genetik yaddaş kimi hər zaman onunla olmuşdur. Uşaqlığın, gen yaddaşının şirin ovqatı Cahid Camal fırçasının bəlkə də ən şirin nağıllarıdır...
Və bir də onun fərqinə varıram ki, bu şirin şüuraltı nağıllar çöl ilğımının sehrini bir xeyli üstələyir...
HAŞİYƏ-3.
“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar – Azərbaycan, ingilis, rus dillərində çap olunur.
Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.
Bu günədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin və Hökumə Billurinin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.