Elm və təhsil naziri Emin Əmrullayev VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxışı zamanı deyib ki, Azərbaycanda ali təhsil müəssisələrinin elmi-tədqiqat komponenti aşağıdır. Nazirin sözlərinə görə, bu istiqamətdə mühüm işlər görülür və dinamika müsbətdir: "Amma hətta son 10 ildə əldə olunan nəticələr belə, qarşıda hələ uzun yolun olduğunu göstərir. Bu yolu getməkdən başqa çarəmiz də yoxdur. Son aylarda bir sıra elmi-tədqiqat institutları ilə universitetlər arasında əməkdaşlıq memorandumu imzalanır. İnanıram ki, yaxın gələcəkdə nəticələri görə biləcəyik", - deyə E.Əmrullayev vurğulayıb.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı təhsil eksperti Elmin Nuri Demokrat.az-a açıqlamasında E.Əmrullayevin səsləndirdiyi fikirlərə qatıldığını qeyd edib. Onun sözlərinə görə bu məsələ artıq ciddi problemə çevrilib:
"Bu gün Azərbaycanda ali təhsil müəssisələrinin işi, əsasən, nəzəri aspektdən təhsil prosesini həyata keçirməkdir. Universitetdən asılı olmayaraq əksər dərslər nəzəri-konseptual qaydada keçirilir. Universitet, əsasən, istehsalata, tədqiqata kadr hazırlayan müəssisədir. Sırf elmi-tədqiqat komponenti üçün hazırlıq görən tələbələr daha ciddi məsələlərə, laborator imkanlara, elmi-tədqiqat prinsiplərinə, yiyələnmək istəyirlər. Çox təəssüf olsun ki, istehsalat hazırlığı və universitet elmi-tədqiqat komponenti əlaqəsi çox zəif işləyir. Bəziləri isə ümumiyyətlə işləmir. Universitetlərdə təhsil haqları yuxarıdır. Dünyada elm milyonlar gətirir, amma bizim universitetlər onu maliyyəyə çevirə bilmir. Universitetlərdə tədqiqat prinsipləri demək olar ki, yox səviyyəsindədir, sanki orta məktəbin bir üst səviyyəsidir”.
Ekspert əlavə edib ki, dünyada universitetlər həm də tədqiqat mərkəzləridir:
“Onlar istehsalat dünyasına, dünya elminə, müəyyən məsələlərə öz tədqiqatları hesabına dəyərlər qatır və bu tədqiqatlar bəzən çox bəyük fayda gətirir. Ölkəmizdə bəzi universitetlər buna cəhd edir. Əslində potensialımız çoxdur. Bu istiqamətdə hansı işlərin görülməsinə gəlincə isə, universitet bununla bağlı özünün fəaliyyət proqramını hazırlamalıdır. Fəaliyyət proqramı xaricdə işləyən yerli alimlərimiz, eləcə də xarici olub bizim universitetlərlə əməkdaşlıq edən şəxslərin birgə iştirakı və onların tövsiyəsi nəzərə alınmaqla işlənməlidir. Dünya təcrübəsindən istifadə etmək lazımdır".