Müsəlman dünyasının ilk universitetləri

Müsəlman dünyası VII əsrdən başlayaraq 1000 ildən artıq müddət ərzində İspaniyanın cənubundan tutmuş Çinə qədər böyük əraziləri əhatə edirdi. Bu dövrün alimləri birgə əməkdaşlıq şəraitində əlbir işləyərək özlərindən əvvəlki qədim sivilizasiyalardan əldə etdikləri biliklər əsasında elmdə əsl sıçrayış etdilər, bununla da öz sələflərindən daha da irəli getdilər. Müsəlman alimlərinin riyaziyyat, tətbiqi elmlər, arxitektura, ətraf dünyanın tədqiqi, təhsil və tibb sahəsində əldə etdiyi uğurlar bütün bəşər mədəniyyətini zənginləşdirməklə Avropada renessans dövrünün başlanmasına yol açdı. Görkəmli alimlər, riyaziyyatçılar, astronomlar, kimyaçılar, arxitektorlar, mühəndislər, iqtisadçılar, sosioloqlar, rəssamlar, sənətkarlar, tarixçilər, çoğrafiyaşünaslar, pedaqoqalar öz ixtira və kəşfləri ilə cəmiyyət və bəşəriyyətin inkişafına yaradıcı töhfələrini verdilər.
Professor Səlim əl-Həsani “1001 ixtira. Müsəlman sivilizasiyasının ölməz irsi” kitabında islam sivilizasiyasının elmi nailiyyətlərindən və təhsil ənənələrindən danışarkən 2001-ci il sentyabrın 26-da dünyanın müxtəlif ölkələrindən olan korporasiya rəhbərlərinin London görüşündə “Hewlett-Packard” korporasiyasının direktoru xanım Karli Fiorinanın aşağıdakı çox cəsarətli çıxışını diqqətə çatdırır:
“Nə vaxtsa dünyada ən böyük sivilizasiya mövcud olub. Bu sivilizasiya okeandan-okeana, şimaldan tropik torpaqlara və səhralara qədər uzanan supergüclü kontinental bir dövlət qurmuşdu. Onun idarəsi altında müxtəlif etnik mənşəli və müxtəlif inanclı yüz milyonlarla insan yaşayırdı. Bu sivilizasiyanın dillərindən biri demək olar ki, bütün dünya üçün universal dil, bir çox xalqlar arasında körpü rolunu oynayırdı. Onun ordusu bir çox millətlərin nümayəndələrindən təşkil olunmuşdu, hərbi müdafiə gücü isə elə bir sülh və tərəqqi əldə etmişdir ki, əvvəllər heç kim buna nail ola bilməmişdir. Bu sivilizasiyanın ticarət əlaqələri Latın Amerikasından Çinə qədər uzanırdı və onların arasındakı bütün əraziləri əhatə edirdi. Və bu sivilizasiyanın hərəkətverici qüvvəsi hər hansı başqa bir şey deyil, məhz ixtiraçılıq idi. Onun arxitektorları qravitasiyaya meydan oxuyan binalar layihələşdirmişdir. Riyaziyyatçıları isə kompüter və kodlaşdırmanın yaradılmasını mümkün edən cəbr və alqoritmi düşünüb tapmışdır. Onun həkimləri insan bədənini öyrənir və müxtəlif xəstəliklərin yeni müalicə üsullarını tapırdılar. Müsəlman astronomları diqqətlə göyə baxaraq ulduzlara ad verir, kosmik uçuşlara və kosmosun öyrənilməsinə yol salırdılar. Yazıçıları minlərlə qəhrəmanlıq, romantik və sehirli tarix yaradırdılar. Müsəlman şairləri sevgi haqqında əsərlər yaradır, başqaları üçün belə şeylər barədə düşünmək belə çox qorxulu idi. Başqa xalqlar ideyalardan qorxanda bu sivilizasiya onları qoruyur və sayəsində çiçəklənirdi.
Senzorlar əvvəlki sivilizasiyalardan əldə olunan bilikləri siləcəkləri ilə hədələyəndə bu sivilizasiya əldə etdiyi bilikləri qoruyur və onu digərlərinə ötürürdü. Söhbət 800-1600-cü illərin islam dünyasından, Osmanlı imperiyasından, Bağdad, Dəməşq və Qahirə saraylarından, Sultan Süleyman kimi maarifpərvər hökmdarlardan gedir. Biz çox vaxt bu sivilizasiya qarşısında borcumuzu bilmirik, onun nemətləri bizim irsimizin çox böyük bir hissəsini təşkil edir. Ərəb riyaziyyatçılarının elmi töhfəsi olmadan bu gün yüksək texnologiyalar sənayesi də mümkün olmazdı”.
Bu gün insanlar əvvəlki vaxtlardan daha çox universitetlərə daxil olmağa can atırlar. Bilik axtarışı orta əsr müsəlmanlarının da ürəyinə yaxın idi. Onlar “Qurani-Kərim”in bütün mətni boyu bilik əldə etmək, müşahidələr və düşüncələri üçün motivlər tapmışlar. Bütün müsəlman dünyasında - məscidlərdə, məktəblərdə, xəstəxanalarda, rəsədxanalarda və alimlərin evlərində mürəkkəb fənlər tədris olunur, sonralar bütün Avropanın qəbul edəcəyi elm və təhsil inkişaf edirdi.
Məktəb və universitet təhsili kəsişirdi, onların hər ikisi məscidlərdən başlayırdı. Ərəbcə universitet məscid anlamına gələn camiə adlanırdı. Ərəb dili bu şəkildə dinlə bağlı olan məkanı (məscid) və ali təhsil üçün nəzərdə tutulmuş yeri (universitet) birləşdirirdi. Digər mədəniyyət və dinlərdə isə belə bir şey yoxdur. Bəzi məscidlər qədim universitetlərdir. Ən məşhur məscid-universitetlər sırasına yarandığı gündən 1030 il keçməsinə baxmayaraq hələ də fəaliyyət göstərən Əl-Azxar Universiteti daxildir. Gələcəkdə Misir təhsilinin əsas mərkəzi olacaq bu universitet ən parlaq zəkaları, ən yaxşı tələbələri cəlb edirdi. Ali məktəb şöhrət qazanmış məşhur tələbələri ilə tanınırdı. Uzun müddət ərzində eksperimental optikanın atası sayılan İbn əl-Həsən burada çalışmışdır. XIX əsrin görkəmli sosioloq alimi İbn Xaldun da burada müəllimlik etmişdir.
Digər bu cür universitet kompleksi kimi Mərakeşin Fəc şəhərindəki Əl-Qarauin Universitetini göstərmək olar. Kompleks məscid kimi 859-cu ildə İdrisidlər hakimiyyəti dövründə əslən Tunisdən olan gənc mömin qadın Fatimə əl-Fixri tərəfindən inşa olunub. O, çox gözəl təhsil almışdı, sahibkarlıq sahəsində uğur qazanmış atasından ona böyük həcmdə pul miras qalmışdı. Fatimə əl-Fixri özünə söz vermişdi ki, atasından qalan bütün mirası öz şəhəri üçün universitet tikintisinə xərcləyəcək. O, universitet binasının konstruksiyası üçün də məhdudiyyətlər qoymuşdu. Tikinti üçün tələb olunan bütün materiallar yerli icmanın məskunlaşdığı ərazidən çatdırılmalı idi. Öz layihəsini həyata keçirməyə başlayan Fatimə əl-Fixri tədris mərkəzi tikilib başa çatana qədər hər gün oruc tutmuşdu.
Digər bütün məscidlər kimi Əl-Qarauin tezliklə dini tədris və siyasi diskussiyalar mərkəzinə çevrildi. Tədris prosesi tədricən bütün fənləri, xüsusən də təbiətşünaslığı əhatə etdi və ilk yaradılan universitet kimi tarixə düşdü. İslam dünyasının ən tanınmış ilk universitetlərindən olan bu təhsil ocağını müsəlman və dünya mədəniyyətinin inkişafına öz dəyərli töhfəsini vermiş çox sayda alimlər, filosoflar, ilahiyyatçılar bitirmişlər. Universitet, xüsusən də astronomiya avadanlıqları ilə çox yaxşı təchiz olunmuşdu. Onun “saat otağı”nda bucaqölçən alət, qum saatı və zamanı ölçmək üçün digər alətlər var idi. Astronomiya ilə yanaşı burada “Qurani-Kərim”, ilahiyyat, hüquq, məntiq, hesab, natiqlik, hekayə və şeir yazmaq sənəti, məntiq, coğrafiya və tibb öyrədilirdi. Burada həm də qrammatikaya, müsəlman tarixinə, kimyanın əsaslarına və riyaziyyata həsr olunmuş kurslar mövcud idi. Fənlərin bu cür rəngarəngliyi və onların tədrisinin yüksək keyfiyyəti dünyanın müxtəlif bölgələrindən olan alim və tələbələrin diqqətini özünə cəlb edirdi. Bu məscid-universitetlərin şagirdləri təkcə yerli sakinlər deyil, həm də qonşu ölkələrin insanları ola bilərdi. Müsəlman Yaxın Şərqi ilə xristian Avropası arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynamış universitetlə İbn Ərəbi, İbn Xaldun, Əl-İdrisi kimi alim və filosoflar sıx bağlı olublar.
Bağdadın məşhur Abbasilər Universitetində Suriya, İran və Hindistandan olan tələbələrə tibb, farmokologiya, mühəndislik işi, astronomiya və digər fənlər tədris olunurdu. Qahirədəki Əl-Azxar Universitetində Misirin digər bölgələrindən gəlmiş tələbələrlə yanaşı, çox sayda əcnəbi tələbələr də təhsil alırdılar. Tunisdəki Zeytun məscidində qrammatikaya, məntiqə, sənədləşdirməyə, etika elminə, mineral və peşə hazırlığına dair əlyazma kitablar saxlanılan kitabxana var idi. Tunisin Kayruane şəhərindəki Amika kitabxanasında qədim yunan yazıçısı, filosof İeronim tərəfindən 420-ci ildə yazılmış “Qədim xalqların tarixi” kitabının ərəb tərcüməsi saxlanılırdı. Tədris, xüsusən tibb sahəsi, indiki universitetlərdə olduğu kimi çox çətin idi. Tibb fakültəsində imtahanlar ağır və uzun çəkirdi. Uğurlu hesab olunmayan istənilən nəticə tibbi praktika ilə məşğul olmağı mümkünsüz edirdi. Hüquqşünas tələbələr baza təlimi keçirdilər, əgər onlar yaxşı təlim nəticələri nümayiş etdirirdilərsə, elmi rəhbərləri onları tədqiqatçı-təqaüdçülər dərəcəsinə yüksəldirdi. Yalnız bundan sonra onlar artıq aspiranturada təhsillərini davam etdirə bilərdilər. Bu isə qeyri-müəyyən vaxta qədər davam edə bilərdi. Bu vaxt, bəzən professor vəzifəsini tutanadək 20 ilə qədər uzanırdı. Praktik işə başlamaq üçün hüquqşünas razılıq və ya lisenziya (icazənamə) almalı idi. Məhz belə bir icazənin, ola bilsin ki, tələbənin universitet təhsilinin birinci səviyyəsini başa vurduğunu bildirən “bakalavr” (baccalareus) sözü ilə birbaşa əlaqəsi var. İlk dəfə bu söz 1231-ci ildə Paris Universitetində Papa IX Qriqori tərəfindən müəyyən olunmuş dərəcələr sistemində yaranıb. Ola bilsin ki, bu söz də müsəlmanlar arasında istifadə olunmuş ərəb ifadəsidir. Ərəb dilindən tərcümədə Bi-xakk-riva-nın mənası “öyrətmək hüququ verən vəsiqə” deməkdir və bu söz 6 əsr ərzində məzunlara verilən diplom sənədlərində yazılıb. Universitet təhsilini başa vuran tələbəyə diplomla yanaşı ona müəllimlik etmək hüququ verən bu cür lisenziya verilirdi. Bu gün isə beynəlxalq bakalavriat şagirdlərin bütün dünyada fəaliyyət göstərən universitetlərə daxil olması üzrə hazırlıq proqramıdır.
Universitet professorlarına bu elmi titulun verilməsi, kafedra müdiri vəzifəsinə təyin olunması ənənəsi necə yaranıb? Min il bundan əvvəl universitet və məktəblərdə təhsilalanların görməsi və eşidə bilməsi üçün yüksək kresloda əyləşən müəllimlər ətrafında toplaşan şagirdlərin dərnəklərini (xalyakat, əl-elm və ya xalyaka) görmək olardı. Müəllimlər xəlifə və ya alimlər komitəsi tərəfindən seçilirdi. Xəlifənin göstərişi ilə baş məscidlərin və ya “cami”lərin birində bir dəfə kafedra müdiri seçilən müəllim ömrünün sonlarına qədər bu vəzifəni icra edirdi. Məsələn, Əbu Əli əl-Kəttani 50 il kafedra müdiri işlədikdən sonra 1061-ci ildə 80 yaşında vəfat etmişdi.
Qeyd edək ki, müsəlmanlar təhsili ən yüksək səviyyədə institutlaşdırıblar. Universitetlərdə qəbul, məktəblərdə yekun sınaq imtahanları, təlim səviyyələrini keçdiyinə görə şəhadətnamələr, tədris dərnəkləri, əcnəbi tələbələrin qəbulu və təqaüdlər mövcud idi. Öz mahiyyətinə görə orta əsrlərin universitetlərindəki tədris prosedurları bugünkü ali məktəblərin fəaliyyətinə son dərəcədə oxşar idi. Orta əsrlərin universitetlərində hətta hazırlıq kursları və təhsildə qazanılan uğurlara görə mükafatların verilməsi ənənəsi də mövcud idi.
Müsəlman elmi XII yüzillikdə orta əsr Avropasına çatdı. Son 5 yüz il ərzində yaradılmış ərəb əsərlərinin, elmi kitabların kütləvi surətdə latın dilinə tərcümə olunmasına başlanıldı. Bu isə eksperimentlərə əsaslanmış rasional ideyaların geniş auditoriyalar üçün əlçatan olmasını təmin etdi. Çoxsaylı mənbələrlə təmin olunmuş elmi materialların meydana çıxması Avropa ali təhsilinin inkişafına təkan verdi, din və elm arasında münaqişənin qaçılmazlığına dair təsəvvürləri şübhə altına aldı. 1140-cı ildə renessans dövrünə yol açan fransız ilahiyyatçısı, filosof Tierri Şartrski Fransadakı Şartr kafedral məktəbdə şagirdlərinə öyrədirdi ki, elmi yanaşma yaradıcılığın Bibliya tarixi ilə uyğunlaşa bilər.
Qərbi Avropada ilk universitet XI əsrin sonlarında İtaliyada, Salerno şəhərində yaradılıb. Fransanın Monpelye şəhərində isə Salerno məktəbinin bir şaxəsi və müsəlman astronomiyası və təbabətinin öyrənilməsi üzrə iri mərkəz mövcud idi. Universitet çoxsaylı müsəlman və yəhudi əhalisi ilə birlikdə İspaniyaya yaxın ərazidə idi. XII əsrdə Qərbin intellektual “mühərriki” Parisə - “müəllimlər şəhəri”nə yerini dəyişdi. Bunun səbəbi isə bir sıra səyyah alimlərin ərəb kitablarından əldə etdikləri bilikləri yayması oldu. Üstəlik, bu gün bir çox tarixçilər bildirirlər ki, Oksford kimi ilk ingilis universitetlərinin layihəsi ölkəyə məhz bəhs etdiyimiz səyyahlar və evlərinə qayıdan səlibçilər tərəfindən gətirilib. Müsəlman universitetlərinin ilk məkanlarından olan Kordovanı ziyarət edənlər oraya özlərilə dini çərçivə ilə məhdudlaşmayan rasional düşüncəyə malik, əsaslandırılmış tərcümə kitabları aparırdılar.
Müsəlmanların ən ucqar cənub məkanlarından olan Timbuktda Sankore Universiteti fəaliyyət göstərirdi. Bu universitet Mali, Qana və Sonqay dövlətlərinin intellektual mərkəzi idi. Universitetin əsası 989-cu ildə Timbuktun baş hakimi, erudisiyalı bir şəxs olan Kadi Akib ibn-Mahmud ibn Ömər tərəfindən qoyulmuşdur. Təhsil ocağının daxili həyəti öz ölçülərinə görə çox dəqiqliklə Məkkədəki Kəbəni xatırladırdı. Daha sonra Sankore Universitetini mandinka (Afrikada, Mali Respublikasının qərbində yaşayan xalq) xalqının nümayəndələrindən olan varlı bir qadın maliyyələşdirib. Nəticədə ali məktəb aparıcı təhsil müəssisəsinə çevrilib. Universitet XII əsrin sonlarında da çiçəklənib, ali məktəbin tələbələrinin sayı 25 minə çatıb ki, bu da əhalisinin sayı cəmi 100 min olan şəhər üçün böyük bir rəqəm idi.
Universitetdə bir-birindən asılı olmayan bir neçə fakültə var idi. Onların hər birinə ayrıca bir müəllim rəhbərlik edirdi. Burada “Qurani-Kərim”, islam elmləri, hüquq, ədəbiyyat, terapiya və cərrahiyyə, astronomiya, riyaziyyat, fizika, kimya, fəlsəfə, dil və linqvistika, coğrafiya, tarix və incəsənət tədris olunurdu. Məşğələlər sirf təfəkkür xarakterli deyildi, tələbələr sənətkarlıq və sahibkarlığın prinsiplərini öyrənirdilər. Universitet emalatxanalarında kommersiya, aqronomluq, balıqçılıq, dülgərlik, tikinti, çəkməçilik və dərziçilik işi, naviqasiyaya dair dərslər keçilirdi. Təhsilin doktorantura və aspiranturaya ekvivalent olan ali səviyyəsi təxminən 10 il davam edirdi, bu tədris mərhələsini keçənlər dünya səviyyəli alimlər olur, öz elmi məqalələri və erudisiyalarına görə tanınırdılar. Dissertasiya işi risala (“nəsihətnamə”) adlanırdı. Elmi iş müdafiə edənlərə Qum (İran) və Nəcəf (İraq) şəhərlərinin şiə ilahiyyat məktəblərində olduğu kimi ayatullah adı verilirdi.
Yazı Böyük Britaniyanın Mançester Universitetinin professoru Səlim əl-Həsaninin rəhbərliyi ilə qələmə alınmış “1001 ixtira. Müsəlman sivilizasiyasının ölməz irsi” kitabının materialları əsasında hazırlanıb