Təxminən bir ildən artıq müddətdir ki, Qubada çalışıram – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında. Həyatımı pedaqoji fəaliyyətə bağladığım gündən paytaxt Bakının bir sıra ali məktəblərində çalışsam da, heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa Qubaya pənah gətirməli olacam və bu təhsil ocağını ölçüyəgəlməz dərəcədə çox sevməli olacam. Əlbəttə, bunu mənə sevdirən bir sıra səbəblər var ki, bunun da ən başlıcası, ən əsası və birincisi məhz ADPU-nun Quba filialında çalışmağım, filialın gözəl kollektivi və bura gəlməzdən əvvəl az-çox tanıdığım, işgüzarlığına, bacarığına və yüksık idarəetmə qabiliyyətinə bələd olduğum fizika elmləri doktoru Yusif Alıyevin belə bir təhsil ocağına rəhbərlik etməsidir.
Filial region əhəmiyyətli olsa da, bu gün onun fəaliyyəti Azərbaycanın da hüdudlarını aşaraq beynəlxalq səviyyəli ali təhsil müəssisəsi kimi tanınır. Təbii ki, bunun da bir çox səbəbləri var onun bu səviyyəyə çatması heç də asan olmamışdır. Kollektivin elmi-pedaqoji fəaliyyətlə yanaşı, müəllim və tələbələrin daha da püxtələşməsində başlıca amillərdən sayılan respublika və beynəlxalq əhəmiyyətli tədbirlərə üstünlük verməsi artıq bir ənənəyə çevrilmişdir. Doğrusu, mən bəlkə də bu sahədə respublikamızda belə bir təcrübəyə malik ola biləcək ikinci bir təhsil müəssisəsinin olacağına inanmıram. Filialın elm, təhsil, idarəetmə və digər sahələrdə qazandığı müsbət iş təcrübəsi haqda bu günədək kifayət qədər yazıldığından və az qala bütün respublikanın bunlardan xəbərdar olduğundan, onları yenidən sadalamaq fikrindən uzağam. Bir də “Görünən yola nə bələdçi”, - deyiblər. Ona görə də bu yazımda əsas məqsədim bir neçə gün bundan əvvəl filialda təşkil olunan və möhtəşəmliyi ilə heç vaxt unudulmayacaq, ADPU-nun Quba filialının tarixində xüsusi bir hadisə yaddaşlarda yaşayacaq beynəlxalq konfransla bağlı təəssüratlarımı bölüşmək fikrindəyəm.
Bəri başdan qeyd edim ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda keçirilən IV Beynəlxalq Elmi Konfransını noyabrın 12-22 tarixlərində Bakıda keçiriləcək qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP 29-un tərkib hissəsi kimi də dəyərləndirmək olar. Yeri gəlmişkən, elə konfransın açılış mərasimində qonaqların çıxışlarında səsləndirilən filikirlər də artıq bu problemin olduqca qlobal bir məsələyə çevrildiiyini və məhz COP 29-un da hamımız üçün bir növ həyəcan siqnalı çaldığını göstərdi.
Amma öncə qonaqlar Ulu Öndər Heydər Əliyevin Quba çşəhərindəki abidəsini ziyarət etdilər, ümummilli liderə dərin ehtiramlarıın bildirdilər. Sonra isə ADPU-nun Quba filialında Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Vətən Müharibəsi şəhidi, kapitan Aqil Niyaz oğlu Məlikovun xatirəsini əbədiləşdirmək məqsədilə qəhrəman döyüşçünün adına təsis edilən auditoriyanın aşılış mərasiminə qatıldılar. Şəhid kapitanın valideynləri, həyat yoldaşı, şəhid ailələri və qazilərin də iştirak etdiyi bu mərasimdə igid döyüşçülərimizin qanı və qəhrəmanlığı bahasına qazanılan bu qələbənin tariv boyu əcdadlarımızın arzuladığı milli birliyin təntənəsi olduğu xüsusi vurğulandı...
“Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda keçirilən IV Beynəlxalq Elmi Konfransın açılış mərasimində filialın direktoru Yusif Alıyevin çıxışı kollektivin qazandığı bugünkü uğurların heç də asanlıqla ərsəyə gəlmədiyini bir daha sübut etdi. Həm də onu sübut etdi ki, əzm, iradə və qətiyyət olan yerdə istənilən məqsədə çatmaq mümkündür. Təki yorulmayasan, usanıb yolundan dönməyəsən. Əslində bu qədər uğurlara imza atılmasında vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, kollektivin hər bir üzvünün böyük zəhmət payı vardır. Bunu da hörmətli filial rəhbəri dönə-dönə qeyd etdi. Eyni zamanda onların hər biri həm də əmindir ki, gördüyü işin və ya hər hansı bir yönümdə əməyin nəticəsi heç vaxt rəhbərliyin diqqətindən kənarda qalmayıb və qalmayacaq da. Bu inam onları daha da yaxşı işləməyə, gənc nəslin təlim-tərbiyəsində yorulmadan çalışmağa ruhlandırır. Elə beynəlxalq konfransın təşkil edilib-keçirilməsində kollektiv üzvlərinin vahid komanda halında işləməsi və hamısının bir ayaqda olması, şəxsən Yusif müəllimin hər bir xırda məsələnin belə öz nəzarətində saxlaması yekdillikdən xəbər verirdi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovun konfransa gəlişi, çıxışı və günün sonunadək proqram üzrə nəzərdə tütulan bütün tədbirlərdə iştirak etməsi, çəkinmədən deyəcəm, bəzi məmur və rəhbərlərdən fərqli olaraq, çıxışını bitirib tələm-tələsik Bakıya dönməməsi, hətta yekunda kollektivlə görüşməsi - bütün bunlar hörmətli professorun filialın fəaliyyətinə yüksək qiymətin bariz nümunəsi idi. Burada qısa bir haşiyə də çıxmaq istəyirəm - ümumiyyətlə, şəxsən mən rəhbərlik etdiiyi təhsil ocağının filialları olan hansısa rektorun regionlara səfər etməsi və Cəfər müəllim kimi gününü onların tədbirlərdə iştirak etməklə yanaşı, qayğıları ilə maraqlanması, təkliflərini dinləməsi halı demək olar ki, rastlaşmamışam. Doğrudan da bunu ADPU rektorunun Quba filialına yalnız real münasibətinin nəticəsi kimi dəyərləndirmək olar. Bu qənaətimi konfransın açılş mərasimindəki çıxışında Cəfər müəllimin Quba filialını istər elm və təhsil sahəsindəki uğurları, istərsə də respublika və beynəlxalq səviyyəli tədbirlərin yeksək səviyyədə təşkil olunub-keçirilməsində əldə etdiyi nümunəvi təctübə baxımından müsbət mənada digər filiallardan xeyli fərqləndirməsi, başqalarına nümunə göstərməsi də sübut edir. Hörmətli rektorun çıxışında xüsusilə diqqəti cəlb edən məqamlardan biri də filialda təkcə pedaqoji deyil, gələcəkdə digər yönümlü ixtisaslar üzrə də kadr hazırlığının aparılması istəyilə bağlı səsləndirdiyi təşəbbüslər və bununla bağlı təklifləri idi. Deməli, bu, ADPU rəhbərliyinin Quba filialına, onun fəaliyyətinə inam və etimaddan xəbər verir. Çox güman ki, yaxın gələcəkdə biz bunun da şahidi olacağıq. Bütün bunlar isə regionda müxtəlif sahələr üxrə ixtisaslı mütəxəssislərin hazırlığında, kadr probleminin həllində, ən nəhayət, başlıca və çoxdan həllini gözləyən bir çox problemlərin aradan qaldırılmasında böyük rol oynayacaqdır.
Konfransda iştirak edən millət vəkili Əlibala Mustafazadə ADPU rektorunun Quba filialında yeni ixtisasların açılması mümkünlüyü imkanlarını alqışlamaqla yanaşı, kollektiv üzvlərinin bəlkə də çoxdan gözlədiyi reallığı səsləndirməklə sanki hamının qəlbini oxumuş oldu. Yenicə parlamentə seçilmiş və Qubanı təmsil edən Əlibala müəllim filialın fəaliyyətinin ölkə hüdudlarını aşmasını, bir çox ali təhsil ocaqlarına nümunə ola biləcəyini və region üçün potensial kadr hazırlığına malik olmaq imkanlarını nəzərə alaraq onun statusunun daha da genişləndiirilməsinin vacibliyini dilə gətirməkdən belə çəkinmədi. Açığı filialın müstəqil ali təhsil ocağına çevrilməsi ideyası nə vaxtdır ki, gündəmdədir. Sadəcə, bircə realllaşması qalır. Nəzərə alsaq ki, ölkənin digər bölgələrindən fərqli olaraq, şimal bölgəsində hələ də müstəqil ali məktəb yoxdur, onda həqiqətən də bunu təkcə yeni bir ideya kimi deyil, vaxtı çoxdan çatmış reallıq təki qəbul etməliyik... Tədbirdə iştirak edən Quba rayon İcra Hakimiyyətinin, AMEA-nın Coğrafiya İnstitutunun rəhbərləri də təhsil ocağının Azərbaycan elminin və təhsilinin inkişafındakı rolunu yüksək dəyərləndirdilər...
Əslində bu konfransı qardaşlıq tədbiri kimi də hesab etmək olar. Konfransa təşrif buyuran və onun işinə onlayn şəkildə qoşulan Türkiyə, Qırğıızıstan, Özbəkistan, Pakistan, Rusiya və Almaniyadan olan qonaqların çıxışlarında günümüzün aktual problemlərinə həsr olunmuş belə bir törənin əhəmiyyəti ilə bərabər, ADPU Quba filialının respublika və beynəlxalq miqyasda elmi-pedaqoji əməkdaşlıq sahəsində qazandığı təcrübə və onun yayılma zəruriliyi dönə-dönə vurğulandı. Başqa təhsil müəssisələrinin də onun fəaliyyətindəki iş prinsipindən, müsbət idarəetmə metodundan yararlana biləcəklərinin əhəmiyyətini söylədilər. Qonaqların hədiyyələrlə mükafatlandırılması, bədii hissədə tələbələrin və rayon məktəblilərinin çıxışları da konfrans proqramının protokol qaydalarına uyğun hazırlandığını göstərirdi. Konfransa dəvət alan qonaqlarla xatirə şəkillərinin çəkdirilməsi kollektiv üzvlərinin bəlkə də illər boyu gözlədikləri arzuya qovuşmaqlarının kulminasiya nöqtəsi idi.
Konfransın ən maraqlı, bəlkə də daha çox gözlənilən məqamə isə ADPU rektoru professor Cəfər Cəfərovun filialın kollektivi ilə görüşü idi. Rektor günün sonu olmasına və bəlkə də yorğunluğuna baxmayaraq, kollektiv üzvlərinin az qala hər biri ilə ünsiyyətdə olmaq, onların qayğıları ilə maraqlanmaq, tədris prosesinin təşkilində yeni metodlardan istifadədə hər birinin təkliflərini dinləməkdən yorulmurdu. Təsadüfi deyil ki, kollektivlə görüş əvvəlcədən nəzərdə tutulmuş 30 dəqiqə deyil, 2 saata yaxın vaxt apardı. Təbii ki, burda hər bir şey vaxtın çoxluğuna deyil, səmimi və açıq söhbətin ümumi işə və son məqsədə yönəlməsinə hesablanmıdı.
Zəngin xatirələrlə yadda qalan konfrans bölmə iclaslarında məruzələrin dinlənilməsi ilə işini yekunlaşdırdı. Mövzu baxımından bir-birindən maraqlı, məzmunlu, elmi təhlillərə əsaslanan çıxışlarını iştirakçıların həqiqətən də istək olaraq deyil, həm də artıq indidən elmi-tədqiqat işlərinə marağın məntiqi nəticəsi kimi dəyərləndirmək olar. Müəllimlə tələbəsinin də bu tədbirdə iştirakı, çıxışı və eyni cərgədə addımlaması isə hər bir pedaqoqa yalnız xoş ovqat bəxş edər, qürurverici hal sayıla, baş ucalığı gətirə bilər. Sonda isə həmişə olduğu kimi, iştirakçıların mükafatlandıırılmasını filialda illərdir davam edən müsbət ənənənin davamı hesab edilməlidir. Mükafatlandırma törəni bir daha göstərdi ki, həqiqətən də vəzifəsindən və tutduğu mövqeyindən asılı olmayaraq, filialın çoxşaxəli fəaliyyətinin hər bir sahəsində zəhmət çəkən insanın əməyi nəticəsiz qalmır, daim rəhbərlik tərəfindən dəyərləndirilir...
Bax, beləcə daha bir beynəlxalq konfrans da arxada qaldı. Hələ qarşıda daha neçə-neçə tədbir bizi gözləyir. Bir-birindən maraqlı, məzmunlu və yaddaqalan. Amma mənə elə gəlir ki, bu beynəlxalq konfrans hamısından fərqliliyi ilə xüsusi olaraq seçiləcək. Həm qonaqların əhatə dairəsinə, həm səmimi ovqatına,... həm də tədbirdə səsləndirilən, ən başlıcası isə hamımızın çoxdan gözlədiyimiz yeni təklif və təşəbbüslərinə görə. Bizə isə bu təkliflərin tezliklə reallaşmasını arzılamaq və reallaşacağı günü səbirsizliklə gözləmək qalır. Çünki sən buna layiqsən, özü də çoxdan – ADPU-nun Quba filialı!
Kamal Kamalov
ADPU-nun Quba filialının baş müəllimi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü