Azərbaycan tarixinin ən parlaq səhifələrindən olan 8 Noyabr Zəfər Günü orta ümumtəhsil məktəblərində də xüsusi olaraq qeyd edilir. Bizi tarixi torpaqlarımıza qovuşduran qəhrəman şəhidlərin müqəddəs ruhu, qazilərimizin fədakarlıqları məktəb rəhbərliyi, müəllim və şagirdlər tərəfindən hazırlanmış xüsusi səhnəciklər, tədbir proqramları vasitəsilə bugün bir daha anılır.
Edupress.az xəbər verir ki, bu cür nümunəvi addımlardan biri də Bakı şəhəri Xətai rayonu 245 saylı tam orta məktəbin şagirdləri tərəfindən həyata keçirilib.
Məktəbin 3c sinif şagirdlərinin iştirakı ilə Zəfər Günü münasibətilə “Zəfər yarışı” adlı bilik yarışması təşkil olunub.
Gənc müəllim Xəyalə Kəlbalıyevanın rəhbəri olduğu sinif bilik yarışmasına xüsusi şövqlə hazırlaşmış və öz intellektləri ilə yanaşı, vətənpərvərlik hisslərini də nümayiş etdiriblər. Yarışma zamanı 3C sinifi 5 komandaya –“Qarabağ bizimdir”, “Dəmir yumruq”, “Xarı bülbül”, “Zəfər” və “Harop” – bölünərək birincilik uğrunda mübarizə aparmışlar. Mübarizənin sonunda “Qarabağ bizimdir” komandası birinci, “Zəfər” ikinci, “Dəmir
yumruq” isə üçüncü yerə layiq görülmüşlər. Qalib gələn komanda üzvləri sonda xüsusi sertifikatlarla mükafatlandırılmışlar. Həmçinin, “Xarı bülbül” və “Harop” komandalarının üzvləri də digər üç komandadakı yoldaşları kimi həm Zəfər Günü ilə bağlı öz dərin bilgilərini, həm də bu vətənpərvərlik duyğularını yetərincə yüksək şəkildə nümayiş etdirməyi bacarıblar.
Yarışmada 245 saylı məktəbin direktor müavini Rəna Əbilova, kitabxana müdiri Sona Əlizadə, həmçinin, məktəbin təhsildə psixoloji xidmətin təşkilinə məsul əməkdaşları Xavər Rzayeva və Nərmin Zeynalzadə münsiflər heyəti kimi iştirak etmişlər.
Qeyd edək ki, Xəyalə Kəlbalıyeva və onun rəhbəri olduğu sinif hər zaman vətənpərvərlik mövzularında hazırladıqları, maraqlı məzmun və forması ilə seçilən layihələrlə yadda qalıb.