
Artıq ali məktəblərə qəbul imtahanlarının nəticələri də elan edildi: II və III ixtisas qrupları üzrə qəbul imtahan nəticələri ictimaiyyətə açıqladı. Cəmi bir ay yarımdan sonra isə tamamilə başqa tendensiya gündəmə gələcək–universitetlərə qəbul imtahanlarında yetərli nəticəni toplaya bilməyib, xaricdə-əsasən, qardaş Türkiyədə-ali təhsil almağa yollanacaq tələbə namizədlərin ard-arası kəsilməyəcək. Elə xaricdə təhsil mərkəzlərinin də həmin ərəfələr əsl iş mövsümü başlayır. İşlərini peşəkar səviyyədə və vicdanla yerinə yetirən xaricdə təhsil mərkəzləri ilə yanaşı, bəzən, onların əksinə hərəkət edən, valideyn və gənc tələbə namizədi çıxılmaz durumda qoyan “xidmət i obyektlər” də qollarını çırmalayaraq işə başlayırlar.
Təəssüf ki, ikincilərin sayı birincilərdən çox olur. Təcrübəsiz valideyn və abituriyentlər isə kimə inanacağını, nə etməli olduğunu bilməkdə çətinlik çəkirlər. Nəticədə bəzilərinin üzləşdikləri nəticələr isə həqiqətən faciəli olur. Kor-koranə başqa ölkəyə gedən, dil bilgisi olmayan, ümumiyyətlə hər şeyə yad olan gənc “tələbə” aldadıldığını anlayır, lakin artıq hər şeyin gec olduğunu da dərk edir.
Bəs, nə etməli?
Dövlət İmtahan Mərkəzi artıq bir neçə ildir ki, qəbul imtahanlarında iştirak edən on minlərlə abituriyent üçün ixtisas seçimi ilə əlaqəli xüsusi məsləhət mərkəzləri təsis edib. Həmin mərkəzlər bir çox valideyn və abituriyentə imtahan sonrası mərhələdə çox böyük yardımçı olub. Onları belə deyək, ixtisas seçimini ödənişli əsaslarla həyata keçirən qeyri-peşəkarların toruna düşməkdən xilas edib.
Eyni məntiqlə çıxış edərək, xaricdə təhsillə bağlı məsləhət mərkəzlərinin də yaranmasına ciddi ehtiyac vardır. Doğrudur, bu daha çox Elm və Təhsil Nazirliyinin fəaliyyət istiqamətinə uyğun olsa da, imtahan prosesi ilə əlaqəli olduğundan DİM də bu məsələdə nəsə edə bilər.
Məsləhət mərkəzləri nə kimi işlər görməlidir?
Bu gün xaricə getmək istəyən şəxslərin böyük əksəriyyəti məhz təqaüdlə təhsil almaq istəyənlərdir. Lakin bu barədə internet bilgiləri çox olsa da, kifayət qədər çaşqınlıq yaradan, o cümlədən yanlışlığa yol verən resurslar da var. Lakin məsləhət mərkəzləri burada böyük yardımçı fiqur rolunda çıxış edə bilər. Xaricdə təhsil üzrə müəyyən təcrübəyə sahib mütəxəssisləri cəlb etməklə, ən sərfəli təqaüdlü təhsil proqramları, onlara müraciət qaydaları və s. cari proseslərlə bağlı müraciətçiləri bilgiləndirib, onları doğru istiqamətləndirməyə çalışacaqlar.
Bu gün xaricdə təhsil almaq istəyən gənc hansı ölkəni seçmək, istədiyi ixtisas üzrə hansı əcnəbi universitetlərin daha faydalı olacağını bilməyə çalışır. Həmçinin, əvvəlcə getmək istədiyi ölkənin yaşam şəraitini, həyat tərzini, sosial-məişət tələblərini, viza və digər prosedur qaydalarını bilməlidir. Bu onun düzgün seçimində əsaslı rol oynaya bilər. Bu zaman məsləhət mərkəzləri həmin ölkələrdə (yaxud, universitetlərdə) təhsil alan məzun və tələbələrin də vasitəsilə müraciətçiyə dolğun məlumat verərək, onu praktiki cəhətdən də məlumatlandıracaqdır.
Müraciət edən gənc məsləhət mərkəzləri vasitəsilə həmçinin, müraciət qaydaları, əhəmiyyəti, ixtisaslar və universitetlər üzrə təsnifatı da öyrənə biləcək.

Məsləhət mərkəzlərinin əlavə üstünlükləri
Xaricdə oxumaq istəyinə olan hər kəsə bələdçi rolunu oynamaqla yanaşı, onları yanlışlardan qoruyacaq məsləhət mərkəzləri əlavə olaraq aşağıdakı üstünlükləri özündə ehtiva edə biləcək:
-Müraciət qaydaları və hüquqi prosedurlarla bağlı tövsiyələr – Vizanın alınması, universitetə yollanacaq sənədlərin səhmana salınıb-yollanması və s.;
-Universitetlərə uğur hekayələri və motivasiya məktublarının yazılması qaydaları;
-Müraciət olunan universitet tərəfindən müsahibəyə dəvət olunanlar üçün hazırlıq dərsləri və praktiki tövsiyələr;
-Bakalavr, magistr və PHD pillələri üçün ixtisaslar üzrə ən uyğun universitetləri müraciətçiyə cədvəl şəklində təqdim edəcək. ( cədvəllərdə illik təhsil haqqıları, üstünlükləri və s. göstəriləcək)
Xaricdə təhsil üzrə məsləhət mərkəzləri xaricdə oxumaq istəyən minlərlə insanın qarşılaşdığı əsas problemlərə cavab vermək, onları uğura daha da yaxınlaşdırmaq gücündə olmalıdır.
Onların fəaliyyətinin əsas məqsədi Bəzi xaricdə təhsil mərkəzlərinin gənclərin bilgisizliyindən yararlanaraq,onlara bu istiqamətdə yanlış istiqamət vermələrinə, onlardan bəzən maddi mənada sui-istifadə etmələrinə son qoymaq olmalıdır.
Məlumdur ki, hazırda abituriyentlərin müəyyən qismi ali təhsilini ölkədə deyil, xaricdə davam etdirmək istəyirlər. Onlara bu kimi sistemli, bütün proseduru, bilgiləri verəcək etibarlı mənbələrin olmaması böyük çatışmazlıqdır. Təbii ki, bu gün ölkədə onlarla xaricdə təhsil mərkəzləri var və onların bir qismi yuxarıda sadalananları öz biznes maraqlarını təmin etmək məqsədilə həyata keçirirlər. Onlara fərdi sahibkarlıq fəaliyyətləri ilə bağlı hər hansı irad bildirmək də doğru olmaz.
Lakin rəsmi əsaslarla yaradılan və birbaşa vətəndaş məmnuniyyəti üzərindən fəaliyyət göstərən məsləhət mərkəzlərinin yaradılması ölkə təhsili adına böyük uğur hesab edilə bilər.
Elmin Nuri
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı