
Bakının 226 saylı orta məktəbində ənənəvi olaraq XI sinif şagirdlərinin “Son zəng” tədbiri keçirilib.

Tədbir Müdafiə Nazirliyinin hərbi orkestrinin müşayiəti ilə Azərbaycanın Dövlət Himni ilə başladı. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra aparıcı Səadət Məhədova məzunları təbrik edərək tədbiri açıq elan edib:
“Bir sakit , günəşli payız səhərində, 11 il bundan öncə qucağını açmışdı sizə bu məktəb.Bu gün isə “Əlvida” deyib, son zəngini çalacaq, sizlər üçün əziz məzunlar. Həm sevincli həm də həyəcan dolu bu gündə bitirirsiniz 11 illik məktəb həyatını. İndi siz yeni, müstəqil həyata qədəm qoyursunuz.”
Aparıcı on bir il məktəbdə təhsil alan XI A və XI B sinfinin məzunlarını, onlara ana qədər doğma olan ibtidai sinif müəllimlərini - təqaüddə olan S.Axundovanı (XI A) və T.Məmmədovanı, sinif rəhbəri K.Talıbovanı, eləcə də Z.Sadıqovanı (XI B) və sinif rəhbəri K.Haqverdiyevanı səhnəyə dəvət edib. Müəllimlər çıxış edərək, məzunları "Son Zəng" günü münasibətilə təbrik etdilər, ali məktəbə gedən yolda, gələcək həyatlarında məzunlara nailiyyətlər arzuladılar.
Məktəbin direktoru Arzu Məmmədova qonaqları, məzunları, tədbir iştirakçılarını salamlayaraq “Son zəng” günü münasibəti ilə təbrik etdi. Səhnəyə daxil olan məzunlar 44 günlük Vətən müharibəsində əbədiyyətə qovuşan şəhidlərimizi anaraq salamladılar. Sonra hərbi geyimdə olan şagirdlər onların xatirəsinə hərbi and içdilər.
XI sinif şagirdləri "Son Zəng" tədbirində bir-birindən maraqlı olan dünya xalqlarının rəqslərini, eləcə də mahnı çələngini böyük coşqu ilə ifa edərək tədbir iştirakçılarına xoş ovqat bəxş etdilər. Məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram alqışlarla qarşılandı.

“Son zəng” günündə 2022-ci ildə 641 balla ali məktəbə qəbul olan məktəbin məzunu - Məleykə Heybətova da on birinciləri təbrik edərək, qələbə estafeti olan açarı XI sinif şagirdi Arzu Nəsirovaya təqdim etdi. Arzu Nəsirova isə əlindəki açarı X sinif şagirdi Səma Hidayətovaya təqdim etdi.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov çıxış edərək, məzunları “Son zəng” günü münasibətilə təbrik etdi və onlara qarşıdakı həyat yollarında uğurlar arzuladı.
Qeyd edək ki, “Son zəng” tədbirində 50 il öncə məktəbə ilk qədəmlərini qoyan məzunlar da alqışlarla fəxri məzunlar kimi səhnəyə daxil oldular.

Onlar 226 nömrəli məktəbin şagirdləri olduğu üçün fəxr etdiklərini, yaddaşlarında qalan məktəb xatirələrindən söhbət açdılar. Tədbirə dəvət etdiklərinə və məzunlara göstərilən diqqətə görə isə məktəbin direktoru Arzu Məmmədovaya təşəkkür etdilər.
Rüfət Haqverdiyevin rəhbərliyi altında zurna, dabul və nağaranın ritmik musiqisi və “Həyat bayram olsa” mahnısının sədaları altında 50 il öncə və bu gün məzun olan şagirdlər üzlərində sevinc hissi ilə oynaq, şux rəqsləri məharətlə ifa etdilər.

Sonda ənənəvi olaraq XI sinif şagirdləri estafeti birinci sinif şagirdlərinə verdilər. Nəhayət birincilər səhnədə ürək döyüntüləri və ritm sədaları altında “Son zəng”i çaldılar.
İllər keçəcək, inanırıq ki, balacaların XI sinif şagirdləri üçün çaldığı “Son zəng”in sədası məzunları ali məktəblərə, ən əsası müstəqil Azərbaycanın işıqlı və parlaq sabahına səsləyəcək.
Əziz on birincilər, məzun gününüz mübarək!

