
“Uşaq yoxdur, insan var… Uşaqların da böyüklər qədər hörmətə layiq olmaq haqqı var.”
Təhsilimiz klassik pedaqogikadan bir növ ayrı düşüb, desəm bəlkə də mənimlə razılaşanlar da az olmaz. Bir çox, hətta ali pedaqoji təhsilli gənclərimiz arasında hələ də bilməyənlər var ki, bu günki təhsil Sokrat, Aristotel, Platon, Seneka kimi antik filosofların, Makarenko, Komenski, Uşinski, Suxomlinski, Pestalotsi kimi nəhəng pedaqoqların, Hovard Qardner, Maykl Oukşot, Con Gudled, Martin Haydeqqer, Xuan Orteqa, Con Dyui, Lüdviq Vitgenşteyn, Yurqen Habermass kimi post modernistlər, filosof və pedaqoqların çiyinləri üzərində inkişaf edib. Məhz bu baxımdan gənc nəslin görkəmli şəxsiyyətlərin pedaqoji irsini öyrənmələrinə böyük ehtiyac var...
Mən hələ neçə illər bundan qabaq, təlim və tərbiyənin vəhdətinə dair bəzi mülahizələrimi bölüşərkən dəfələrlə qeyd etmişəm ki, istəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir. Başqa sözlə ifadə etsək, təlimə “ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib.
Uşaqlar naminə həyatını qurban verən, pedaqogikaya aid kitabları dünya şöhrəti qazanan Yanuş Korçakın keşməkeşli həyat yolu və pedaqoji irsi ilə çoxdan tanış idim.
"Yetimlər evinin” 192 şagirdi Treblinka "ölüm düşərgəsinə” göndərilərkən uşaqlar vaqonlara mindirilən zaman alman zabitlərindən biri ona həyatının bağışlandığı barədə kağız təqdim etdiyi halda belə, Yanuş Korçak onları tək buraxmır, uşaqlarla birgə qaz kamerasına daxil olur. Ölümə gedən yolda iki ən kiçik uşağın əlindən tutan pedaqoq heç nədən xəbəri olmayan körpələrə nağıl danışır..
.Yanuş Korçak nədən birdən yadıma düşdü? Sən demə, bu gün “Qoca Həkim” və ya “Cənab Həkim” kimi tanınan (22 iyul 1878, Varşava - 5 avqust 1942 - Treblinkada alman ölüm düşərgəsində vəfat etmişdir) – həkim, yazıçı, publisist, ictimai xadim, tərbiyənin nəzəriyyə və təcrübəsinə yenilik gətirən dahi pedaqoqun doğum günü imiş. “Uşaq yoxdur, insan var!” deyən Yanuş Korçakın əsas ideyası uşaqların da böyüklər qədər hörmətə layiq olduqlarını vurğulamaq idi. Hər uşağın özünəməxsus yolu, istedadı və tərzi olduğunu bildirirdi.
"Balıqlar suya, ağaclar meşəyə, otlar çəmənliyə toplaşdığı kimi, uşaqlar da məktəbə toplaşmalıdır” və yaxud "Yüksək əqli imkanlara və bacarıqlara malik uşaqlar var, lakin onların dəcəlliyi və inadkarlığı üzündən hamı onları inkar edir, yararsız hesab edir. Bu uşaqlara düzgün yanaşmanı tapıb tərbiyə etsək, onlar dahi olaraq böyüyərlər”, "Mümkün olan hər şeyi duyğularla qavramağa təqdim etmək, yəni görünəni – görmə duyğusuna, səsi – eşitmə duyğusuna, iyi – iybilmə duyğusuna, dadı olanı – dad duyğusuna, toxunula biləni – lamisə duyğusuna təqdim etmək qoy müəllimlər üçün qızıl qayda olsun” deyirdi Çex pedaqoqu, humanist, ictimai xadim, pedaqogika elminin banisi Yan Amos Komenski.
Bu məşhur çex pedaqoqun hesabına müasir uşaqlar parta arxasında əyləşir, qiymət alır və ev tapşırıqlarını yerinə yetirirlər. Yan Amos Komenski sinif - dərs sisteminin banisi hesab olunur. Üç əsr bundan qabaq Komenski anlayıb ki, məktəbin və təhsil sisteminin yaradılması gələcək nəsilləri humanizm ruhunda yetişdirməyə kömək edəcək. Təhsil aləmində Yan Komenski individual tədrisi, sinif-dərs tədrisi sisteminə dəyişib. Komenski təhsilin keyfiyyəti naminə müəyyən olunmuş planın və müvafiq təşkilatın olması haqqında nəzəriyyə irəli sürüb. O, uşaqların 6 yaşından təhsilə cəlb olunmasını və həmçinin müntəzəm şəkildə təhsil müəssisəsinə getməyini, şagirdlərin bilik səviyyəsinin ölçülməsi tədbirlərinin həyata keçirilməsini təkid edib. Gənc nəsil bunları niyə bilməməlidir ki...?
Davamı var...