• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Qızların təhsili uğrunda döyüşən müəllim cütlük – Təsirli xatirələr, inanılmaz olaylar-FOTOLAR

  • 31-07-2023, 13:37

 

Giriş üçün

Dünya Bankının qızların təhsildən kənarda qalmasının ağır fəsadlarını  təqdim edən hesabatına əsasən hazırda bütün dünyada 132 milyondan çox qız tam təhsil ala bilmir. Bu faciəvi rəqəm 6-17 yaş aralığındakı qızları əhatə edir.

Hesablamalara əsasən,  dünya üzrə orta hesabla qızların  89%-i  ibtidai,  77 faizi orta  məktəbi bitirir. Ancaq gəlirlərin aşağı səviyyədə olduğu ölkələrdə  bu nisbət müvafiq olaraq  2/3 və 1/3 təşkil edir.

Azərbaycanda bu istiqamətdə vəziyyət necədir? Dövlət İmtahan Mərkəzinin tələbə qəbulunun elmi-statistik təhlillərinə görə, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə onların  sayı kəskin azalır.

2009-cu ildə “Təhsil haqqında” qanunda 9 illik icbari təhsillə bağlı dəyişiklik edilməsi bu məsələdə vəziyyəti müsbətə doğru bir xeyli dəyişdirmiş oldu. Lakin icbari təhsil müddətindən, yəni 9-cu sinfi bitirdikdən sonra xüsusən də qızların təhsildən yayındırılma halları hələ də qalmaqdadır. Dövlət İmtahan Mərkəzinin tələbə qəbulunun elmi-statistik təhlillərində bu fakt öz rəsmi təsdiqini tapmış olur.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışlarının birində Azərbaycanda qız uşaqlarının 90 %-dən çoxunun hüquqi maneə ilə qarşılaşmadan təhsil ala bildiyini qeyd edib. Nazir bununla yanaşı qızların təhsildən yayındırılmasına görə narahat olduğunu da vurğulayıb:

“Biz təhsilsiz qalan qızların problemlərinin gizlədilməsi tərəfdarı deyilik. Məsələ qısa müddət ərzində nə qədər çox üzə çıxarılsa bir o qədər də problemin həlli istiqamətində addımlar atıla bilər”.

 Qızların təhsili uğrunda

Lakin ölkəmizdə bir çox təhsil fədaisi var ki, onlar xüsusən də IX sinfi başa vurduqdan sonra qızların təhsillərini davam etdirmələri, ali təhsil almaları üçün böyük fədakarlıq nümunəsi göstərmişlər.

Edupress.az-ın haqqında danışacağı belə şəxslərdən biri də  Ağdam şəhər 91 saylı məktəbin direktoru Nemət Rüstəmlidir. O, həyat yoldaşı və həmkarı Günay Rüstəmli ilə birlikdə böyük şəhərdən hələ o zaman cəbhə xətti hesab edilən Ağdama gedərək, orada şagirdlərin təhsil  keyfiyyətinin artırılmasında, qızların təhsildən yayınmasının qarşısının alınmasında xüsusi xidmət göstərib.  

Gəlin, Nemət müəllimi elə öz dilindən daha yaxından tanıyaq:

Hələ hərbi xidmət zamanı gördüyüm müəyyən reallıqlar səbəbindən qəti qərara gəldim ki, mütləq kənd müəllimi işləməliyəm. O zaman müəllimlərin işə qəbulu üçün MİQ müsabiqəsi keçirilmirdi. Fikirləşirdim ki, hərbi xidmətdən sonra mütləq təyinat alıb hansısa kəndə müəllim kimi getməliyəm. Hərbi xidmətimi başa vurduqdan sonra artıq işəqəbul üçün MİQ müsabiqəsi formalaşmışdı, maksimal bal da 35 idi. Mən Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq 32, nişanlım isə riyaziyyat müəllimi kimi 30 bal toplamışdı. Biz bu yüksək göstəricilərlə Bakı da daxil, bir çox böyük şəhərləri seçə, orada çalışa bilərdik. Amma yox, ikimiz də eyni qərarı verdik, bizə harada daha çox ehtiyac varsa, ora da getməli idik. Elə bu səbəbdən də bizə daha doğma olan, uşaqlığımızın qaldığı Ağdamı, oranın işğal olunmayan, cəbhəyanı məktəbini seçməli olduq. Qarşıda Ağdamda bizi uzun və fədakarlıqlarla dolu təhsil həyatı gözləyirdi.

Təbii ki, ilk vaxtlar heç nə asan olmadı. Hətta azacıq da olsa, peşmanlıq da vardı. Rastlaşdığımız ilk çətinliklər yaşayış yeri, ev məsələsi və Təhsil Nazirliyi tərəfindən şəhərdən uzaqlıq məsafəsinə görə verilən H1 həvəsləndirmə məbləğinin alınması ilə bağlı oldu. Sonradan hər şey qaydasına düşdü. Həm də biz öz problemlərimiz yox, buradakılara təhsili necə sevdirmək barəsində düşünürdük. Özüm Bakıda və Sumqayıtda böyümüşdüm, birdən-birə o mühitdən bu ortama düşmək, heç də asan olmayacaqdı. Həyat yoldaşım Günay xanım yaşadığı ərazidə tanınmış müəllim olduğundan repetitor kimi 50-yə yaxın tələbəsi var idi. Amma biz bütün bunların hamısını qoyub Ağdama gəlmişdik

 Təhsili doğmalaşdıran “yad” adamlar         

 Nə gözəl ki, bugün Ağdam şəhərimiz işğaldan azad edilib. 10 il bundan əvvəl, yəni Nemət müəllim həyat yoldaşı ilə birlikdə rayonun işğal altında olmayan, yenicə salınan qəsəbəsinə  yollananda orada hər şey təzə qurulurdu. Elə məktəb də... Müəllimləri isə qarşıda böyük missiya gözləyirdi:

 -O zaman qəsəbə (Nemət Rüstəmlinin müəllim kimi işə başladığı, hazırda isə direktoru olduğu məktəb Ağdam rayon Baharlı qəsəbəsində yerləşir -red.) hələ yenicə, təxminən 5 il olar salınmışdı. Orada qızları nəinki ali məktəbə, nəinki kollecə, təsəvvür edin, heç IX sinfə qədər oxumağa belə qoymurdular. Nə qəbul var idi, nə də IX sinifdən  sonra təhsil... Oğlan uşaqlarının da çoxu IX sinifdən  sonra məktəbi buraxıb,  təsərrüfatla məşğul olmağa gedirdilər. Belə vəziyyətdə sən də çıxılmaz durumda qalırsan. Təsəvvür edin, burada yad adamsan, amma yerli camaatın qarşısına çıxıb onları övladlarının gələcəyi üçün təhsilə səsləməlisən... Qızların təhsilinin vacibliyindən danışmalısan..

Bəs biz nə etdik?!  İlkin olaraq nədən başladıq? İlk ili həyat yoldaşımla ikimiz uşaqları dərs bitdikdən sonra əlavə olaraq  məktəbdə saxladıq. Qızların  bəzən dərsdən sonra məktəbdə qalmasına imkan vermirdilər. O zaman yoldaşıma deyirdim ki, onları evə dəvət et və hazırlığı burada keçək. Elə həmin il biz məktəbdən 5-6 qızı hazırlaşdırmağa başladıq. Mən Azərbaycan dili və ədəbiyyat,  xanımım isə riyaziyyat fənni üzrə hazırlıq keçdik, onları buraxılış imtahanına hazırladıq. Çox yaxşı nəticələr də əldə etdilər. Bütün qəsəbə şok vəziyyətində idi. Onların uğurlarından biz  daha da həvəslənib işimizi sürətləndirdik. Amma...

İşin amması...

Bu uğurdan sonra gənc müəllim cütlüyə inam və etimad təbii ki, artır. Amma bu onların işini yenə də asanlaşdırmır. Nemət müəllim həyat yoldaşı və həmkarı ilə birlikdə təhsillərinin yarımçıq qalması ilə üzləşmək qorxusu yaşayan qız şagirdlərinin bir-bir evlərinə gedir, onların valideynlərini müxtəlif yollarla yola gətirir, təhsilə davam üçün razılıqlarını alırlar:

-Bizim üçün hər şey yenə də çətin idi. Evlərə gedir, valideynləri qızların təhsillərini davam etdirmələrinə, ali məktəbə qəbul üçün  hazırlığına  icazə vermələri üçün dilə tuturduq. Misallar gətirirdik, nümunələr göstərirdik. Məsələn, deyirdim ki, baxın, mənim həyat yoldaşım da təhsil alıb, indi sizin övladlarınıza  dərs keçir. Deyirdim ki, xəstəxanaya gedib qadın həkim tələb edirsiniz, əgər qızınız oxumasa, qadın həkimi biz haradan əldə edəcəyik?! Məktəbdə yuxarı siniflərdə qadın müəllimlərin dərs demələrini istəyirsiniz. Yaxşı, sizin qızınız oxuyub müəllim olmasa, biz məktəbə necə gətirə biləcəyik?! Təhsilin əsas şərt olduğunu onlara göstərməyə çalışdıq. Məktəbimizdə bir müəllim var idi, həyat yoldaşı şəhid olmuşdu. Amma savadı hesabına övladlarını özü böyüdə, maddi təminatın öhdəsindən gələ bilirdi. Valideynlərə onu və onun kimi başqa bir neçə insanı nümunə göstərirdik. Beləcə razı olurdular. Öz övladlarının  gələcəyi naminə etdiyimiz xahişləri sağ olsunlar ki,  yerə salmırdılar (gülür)

 “Pəncərədən daş gəlir”

 Nemət müəllim söhbətin bu yerində qızların təhsillərinə davam etmələri üçün göstərdiyi fədakarlıqlardan  bir neçə nümunəni bizim üçün də çəkir:

-Sizə maraqlı bir məqamı da deyim. Bir qız şagirdin oxuması üçün valideynlərini razı salmışdıq. Amma qardaşı buna razı deyildi və o bir gün bizim evin pəncərələrini daşlamışdı. Biz hüquqi addımlar atdıq, amma öz növbəmdə də xahiş etdim ki, onu sadəcə tənbəhləyək  ki, qorxsun və gələcəkdə bu kimi xətalara yol verməsin.  

Məktəbdə iki bacı  var idi, dərslərini  hər ikisi çox gözəl oxuyurdu. Onlardan birini atası IX sinifdən çıxardı. Amma  uşaq çox savadlı idi, təhsil üçün alışıb-yanırdı. Nə qədər desək də olmadı, atası qərarında qəti idi. Onu məktəbdən uzaqlaşdırdı. Qız ailə həyatı qurdu və bu çox uğursuz oldu. Kiçik bacısını da IX sinfə çatanda çıxarmaq istəyəndə buna imkan vermədik. Dedim ki, o biri qızının istəklərini nəzərə almadın, eyni taleyi heç olmasa, digəri yaşamasın. Ata dedi ki, müəllim, mənim qızımın təhsili üçün ayırmağa pulum yoxdu, özün nə edirsən et. İnanın səmimiyyətimə, o qızın bütün hazırlıqlarını  öz üzərimizə götürdük. Mən özüm Azərbaycan dili və ədəbiyyat fənnindən, yoldaşım riyaziyyatdan hazırlıq keçdik. Əlavə olaraq, onun üçün Tarix və İngilis dili fənlərindən  müəllimlər də tapdım. Nəticədə, həmin xanım  557 balla Mingəçevir Dövlət Universitetinin bakalavriaturasına qəbul olundu. Bu il isə BDU-nun magistraturasını qazandı.

Bir xahişin tarixçəsi

Bunlar hələ son deyil. Nemət müəllim danışdıqca və nümunələr çəkdikcə, onun müəllimliyi ilə yanaşı, elə təhsil döyüşçüsü olduğu da getdikcə daha da qabarırdı:

“Başqa bir nümunə də deyim: bir qız şagirdimiz də var idi, o özü və qardaşı dərslərini çox yaxşı oxuyur, imtahanlara stabil hazırlaşırdı. Sınaqlarda da 500-ə qədər bal toplayırdılar. Onları da biz hazırlayıb, bu səviyyəyə çatdıra bilmişdik. Amma hazırlıq müddətinin tən ortasında  valideyn qəfildən dedi ki, müəyyən səbəblərdən bu qəsəbəni tərk edib, Bakıda yerləşəcəyəm. Nə qədər xahiş etsək də olmadı. Onlar Bakıya köçdülər. Lakin biz öz şagirdlərimizi yaddan çıxara bilməzdik. Bakıdakı əksər kurslarla əlaqə saxladım. Emaillər yazdım, telefon açdım. Bildirdim ki, iki şagirdim maddi imkansızlıq üzündən Bakıya köçüb, xahiş edirəm ki, onlara təhsil almaqda, hazırlaşmaqda yardımçı olasınız. İnanın, indi özündən deyən kursların bir çoxu bizə ən yaxşı halda 20-30 faiz güzəşt edə biləcəklərini dedilər. Yalnız bir kurs xahişimizi müsbət qarşıladı. Sınaqdan keçdikdən sonra həmin uşaqları kursa qəbul etdilər. Nəticə isə çox möhtəşəm oldu: qız ali məktəbə qəbulda 610, oğlan isə 557 bal topladı. Bununla da mənim onlarla bağlı olan missiyam tamamlandı. Amma biz indi də görüşürük. O uşaqlar orada iki il hazırlaşdılar, kurs da yenicə yaranmışdı. Onlar ali məktəbə qəbul olandan bir müddət sonra hazırlıq mərkəzinin rəhbəri xaricə getdi və müəssisə də qapandı. Bundan da məncə, bir ilahi işarə var idi. Həmin kurs sanki o iki uşaq üçün açılmışdı və onlarla da öz missiyasını tamamladı. Həmin qızımız Ülkər universiteti fərqlənmə diplomu ilə bitirdi. Magistraturaya da qəbul oldu. Hazırda hazırlıq kurslarının birində müəllim kimi çalışır.

 Qızların təhsilində görünməz düşmən

 Qızların IX sinifdən sonrakı təhsil həyatlarındakı əsas düşmən mental dəyərlər, ailədaxili qərarlardır. Bəziləri bu yaşdan sonra nişanlanır, birbaşa ailə-məişət mövzularına cəlb edilir, bəziləri isə ümumiyyətlə, yersiz yerə evdə oturmaqla kifayətlənirlər. Amma qızların təhsilində  bir görünməz düşmən də var ki, o da ailədaxili maddi imkansızlıqdır. Maddi imkansızlıqdan əziyyət çəkən valideyn məcburən seçim etməli olur: bu zaman onun seçimində təəssüf ki, qız övladının təhsili prioritet olmur. Amma Nemət müəllim bu gizli düşmənlə də mübarizə aparıb. Özünü eşidək:

 -Gəlin, sizə çox fədakar  bir şagirdimizdən danışım. Onun da oxumağa dəhşət həvəsi var idi. Amma ailəsində iki qardaş-bacısı qan xərçəngindən əziyyət çəkirdi. Onun  təhsili üçün isə ailəsinin imkanı yox idi. Belə bir istedadlı qızın təhsil həyatı, gələcəyi maddi imkansızlıq üzündən sual altına düşürdü. Ona 11-ci sinifdən dərs keçməyə başladım. Qızın gözlərində dərs zaman sanki alov çıxırdı, o qədər həvəsli idi. Nəticədə Mingəçevir Dövlət Universitetinə ibtidai sinif müəllimliyi ixtisası üzrə qəbul oldu. Amma çox potensiallı qız idi. Bununla qətiyyən kifayətlənmədi. Öz ixtisasını oxuya-oxuya ingilis dili müəllimliyi üzrə hazırlaşdı və ora da qəbul oldu. Sonradan bu istiqamətdəki təhsilini Bakıda magistratura səviyyəsi üzrə davam etdirdi. Hazırda magistraturaya qəbul olunmaq istəyənlərə  ingilis dili hazırlığı keçir.

Bir qazimiz də var idi. Onun da iki qızı oxumağa yaman həvəsli idi. Amma atanın sosial təminatı qızlarının hazırlığı üçün kifayət etmirdi. Ona dedim ki, biz sənə borcluyuq, qızlarını bizə verəcəksən və biz onları hazırlaşdıracağıq. Elə də etdik. Xanımların hər ikisi ali məktəbə qəbul olundu.

Bir nümunəni də deyim: üç qız övladı olan valideyn bizə müraciət etdi və dedi ki, övladlarımın ödənişli əsaslarla hazırlaşmasını istəyirəm. Amma sonradan müəyyən səbəblərdən ödəniş olmadı və şagirdlərin hazırlıqdan qalmaq ehtimalı yarandı. Amma onlar özləri mənə müraciət etdilər ki, Nemət müəllim, atamızın pulu yoxdur, biz isə universitetə hazırlaşmaq istəyirik. Təbii ki, qəti etiraz etmədim. Həyat yoldaşımla birlikdə onların evinə gedib, qızları tam təmənnasız şəkildə hazırlaşdıracağımı dedim. Elə də etdik. Nəticədə onlardan ikisi universitetə, biri isə kollecə qəbul oldu. Bu gün də xoşbəxt ailələri var və öz ixtisasları üzrə çalışırlar.

Belə nümunələr çoxdu. Həmin xanımlar indi də bizimlə əlaqə saxlayırlar. Hətta onlardan biri mənə dedi ki, müəllim siz öz cavanlığınızı buraların təhsilinə həsr etdiniz. Doğrudan da elədir, bu mənada mən özümü təhsil fədaisi hesab edə bilərəm.

 Şagird üçün mübarizə

 Bir neçə qız şagird  olub ki, Nemət müəllim onların təhsili üçün sözün məcazi mənasında döyüşməli olub. Bundan ötrü valideynlə də mübarizə aparmaqdan çəkinməyib. Nəticə də sizcə, nə olsa yaxşıdır? Həmin şagirdlərin hər biri sonradan tələbə adını qazanıb. Nemət müəllimin özünü dinləyək:

 -Arifə adlı şagirdimizdən də deyim. O da yüksək savada malik xanım idi. İki qardaşı ilə birlikdə hazırlaşırdı. Bir gün valideyni dedi ki, müəllim, iki oğlum universitetə hazırlaşsın, amma istəyirəm qızım  kollecdə oxusun. Valideynlə razı ola bilməzdik. Çünki  Arifə həqiqətən də yüksək savada və bacarığa malik idi. Onun razılığı olmadan qızın universitet hazırlığını davam etdirdik. Arifə hazırda Bakıda, coğrafiya müəllimliyi ixtisası üzrə oxuyur.

Bir faktı da sizə deyim: O zaman qəsəbəyə yeni gəlmişdik. Hələ insanlar bizi, biz onları çox da yaxşı tanımırdıq. Çox yaxşı oxuyan bir qız şagirdimizi atası 9-cu sinifdən çıxararaq nişanladı. Bununla da onun təhsil həyatı sual altına düşdü. Amma sonradan şəxsi münasibətlər pozuldu, nişan qaytarıldı. Atası ilə dəfələrlə söhbətimiz oldu. Onu qızının təhsil almasının vacibliyinə inandırdım. Dedi ki, müəllim, sizə etibar edirəm. Biz də qız şagirdimizin hazırlığı ilə məşğul olmağa başladıq. Xatırlayıram, hətta bir dəfə qızın qardaşı yolda qabağımı kəsib dedi ki, mənim bacım oxumayacaq. Elə bil ki, bu məsələdə ata ilə oğul da üz-üzə durası oldular. Amma nəticədə biz öz məqsədimizə çatdıq. Həmin xanım da yaxşı göstərici ilə universitetə qəbul olundu və hazırda müəllim olaraq işləməkdədir.

Adını çəkməyəcəm,  həddindən artıq bilikli və bacarıqlı, müəllimliyə aşırı dərəcədə həvəsi olan bir şagirdimiz də vardı. 11-ci sinifdə oxuyan zaman gətirib 5-6-cı siniflərə salırdım ki, onlara dərs keçsin. Çünki bu peşəni  nə dərəcədə  sevdiyini hiss edirdim. Amma yenə də valideyn amili özü sözünü deməyə başladı. Qəbul imtahanı ərəfəsində atası mənə dedi ki, onun əyani əsaslarla haradasa oxumasını istəmirəm. Oxuyacaqsa da qiyabi əsasla, evdə qalmaq şərtilə oxusun. Təbii ki, bununla razı ola bilməzdim. Onun özü ilə ikilikdə çox danışdıq, çox mübarizə apardıq. Axırda qız övladları Bakıda təhsil alan bir neçə valideynlə həmin atanın görüşünü təşkil etdim. Bir yandan mən, digər yandan da o biri valideynlər onu inandırmağı bacardıq. Amma bu hələ son deyil. Şagird 520 bal toplamasına baxmayaraq biz onun üçün məcburən də olsa, Ağcabədidəki Müəllimlər İnstitutunu seçdik. Dedik, heç olmasa, orda da olsa əyani əsaslarla oxusun. Bundan sonra həmin valideyn mənə dedi ki, indi buyur, qız üçün orada qalacaq yeri özün tap... Həqiqətən də qəribə bir vəziyyət yaranmışdı. Amma işi yarım qoymaq olmazdı. Həmin institutda bir məsul nümayəndə ilə danışıb tələbənin ev məsələsini də həll etdik. Hazırda həmin xanım öz ali təhsilini davam etdirir. Atası da hər şənbə maşınla gedib onu institutdan götürür  və birinci gün geri qaytarır.

 İnsanı yaşadan mesajlar

 Nemət müəllim danışdıqda səsindəki titrəyişdən, gözlərindəki parıltında hiss olunurdu ki, onun bu mücadiləsi nəticəsiz olmayıb. Bu yolda həyat yoldaşı ilə birlikdə döyüşən Nemət müəllim indi də təhsillərinə yardımçı olduğu qızların uğurları ilə yaşayır, bundan xüsusi zövq alır. Elə onlar barəsində danışarkən üzündə yaranan sevinc nəyə desən deyər... Məncə, əsl təhsil də elə bu sevincin özüdür..

-Demək olar, hər gün bu cür şagirdlərimizdən təşəkkür mesajları alıram. Sağ olsunlar ki, unutmurlar. Bəzən səhər yuxudan oyanan kimi telefonu  açıram və görürəm ki, keçmiş şagirdlərimdən kimsə mənə sadəcə təşəkkür yazır, uğurlu gün arzulayır. Məsələn, Ülkər adlı şagirdim var, hazırda Bakıda çalışır. Bir neçə dəfə səhərlər telefonu açanda onun təşəkkürünü görmüşəm. Yazıb ki, müəllim sadəcə olaraq təşəkkür etmək istədim. Əgər mən bugün səhər durub işə gedirəmsə bu, sizin sayənizdədir. Doğrudur, unudanlar da olub (gülür), amma biz onları da yaddan çıxarmırıq, onların da uğuruna sevinirik. Belə mesajlar insanı yaşadır. Təhsil sevgi işidir. Biz təhsilə könlümüzü bu cür təşəkkürləri almaq üçün yox,  cəmiyyətin normal inkişafı üçün vermişik. Əgər cəmiyyət təhsil sayəsində normal olmasa, bu, mənim övladlarımın gələcəyi üçün də təhlükəlidir.

Amma məni qürurlu edən bir məqam var: Bu gün övladlarıma çox az vaxt ayırıram. Əsasən şənbə-bazar harasa çıxar, onlarla zamanı dəyərləndirirəm. Qızım məndən onları çox istədiyini soruşur. Təbii ki, “bəli” cavabını verirəm. Daha sonra şagirdlərimi çox istəyib-istəmədiyimi soruşur. Deyirəm ki, mənim üçün onlar da, siz də eynisiniz. Günün 6-7 saatını onlarla, yerdə qalan hissəsini isə sizlərlə keçirirəm. Sevgim  hər ikinizə qarşı eynidir. Qızım deyir ki, ata, yox, sən şagirdlərini bizdən çox istə. Öz övladını çox istəməyə nə var ki, əsl insan başqalarını çox istəyəndir. Biz uşaqlarımızın məhz bu ruhda tərbiyə almasını istəyirik.

Bu gün də  qız şagirdlərimiz  tez-tez yazıb hal-əhval tuturlar. Bayaq barələrində danışdığım üç qız bacılar da bu sıradadırlar. Onlardan biri ötən dəfə hətta həyat yoldaşı ilə də bizi tanış etdi və dedi ki, bizim mənəvi atamız bu insandır.  Belə şeylər adamı yaşadır.

 Sonluq və səbəblər

-Qızların təhsildən yayındırılmasının səbəbləri müxtəlifdir. Amma regionlarda əsas səbəblər demək olar bunlardı:  Bəzən, ailələr ata xaqanlığı, ana xaqanlığı dövrünün adamları kimi düşünür, “qız nədir, oxumaq nədir?”  prinsipi ilə hərəkət edirlər. Az da olsa, belə hallar var. Deyirlər ki, elə oxuyub-yazmanı bilsə, bu, kafidir. Əsasən, məişət bacarıqlarının olmasını vacib sayırlar.

Növbəti səbəb qızların ali təhsil arxasınca Bakıya ya başqa şəhərlərə getməsi məsələsidir. Qız şagird ali məktəbə qəbul olunubsa, təbii ki, onun yerləşdiyi şəhərdə də yaşayıb, təhsil almalıdır. Amma yox, həmən belə bir “problem” yaşanır, valideyn  “Necə olacaq, yanında kim qalacaq?” sualları ilə döyüşür.

 Bir böyük problem də ailələrdəki maddi imkansızlıqla bağlıdır. Bu gün bölgələrimizdə işsizlik daha yüksək səviyyədədir. Ona görə də bir evdə oğlanla qızın təhsili barəsində seçim etmək lazım gələndə çox vaxt birincinin üzərində dayanır, onun hazırlığı üçün əllərindən gələni edirlər. Hətta “onsuz da qız ailə qurub, köçüb gedəcək, onun təhsilinə xərclədiyimiz məsrəf faydasızdır” düşüncəsində olanlar da var. Amma daha başa düşmürlər ki, qıza verilən bugünkü təhsil onun sabah öz ayaqları üzərində möhkəm qalmasına, öz maddi rifahını öz həll etməsinə səbəb olacaq.

P.S. Son olaraq, Nemət müəllim bizə vacib bir faktı açıqlayır: Baharlıda olduğumuz  10 il müddətində 50-ə qədər qızın ödənişsiz təhsil almasına yardımçı olmuşuq. Ümumilikdə isə 1000-ə qədər şagirdi təhsilə cəlb etmişik.

P.S.S. Bu rəqəmlər sözsüz ki, getdikcə artacaq və arta-arta da Nemət müəllimə, həyat yoldaşı Günay xanıma təhsilimizin, cəmiyyətimizin, bir sözlə hamımızın adından dərin təşəkkür edəcəklər...

 


Xəbərə dair fotosessiya

Elmin Nuri
Müəllifin digər yazıları
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!