
Universitetlərə ixtisas seçimi müsabiqəsinin başlamasına cəmi bir neçə gün qaldı. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Youtube” platforması üzərindən təşkil olunan canlı yayımda bu il üçün 55907 plan yerinin müəyyən olunduğunu bildirib. Bu qədər plan yeri ümumilikdə 1612 ixtisas arasında bölüşdürüləcək.
Yaxın gələcəkdə bu sayda ixtisaslar arasında tələbat meyarına görə hansılar fərqlənəcək? Bu sayda ixtisasın varlığı əmək bazarı üçün nə dərəcədə vacibdir? Qarşıdakı illərdə hansı ixtisaslara tələb daha da artacaq?
Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən, elm və təhsil məsələləri üzrə tədqiqatçı, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Elmin Nuri bildirib ki, gələcəkdə daha çox tələbatın artacağı ixtisaslar xüsusi mexanizmlə, vacib datalar əsasında müəyyən olunur:

“Əmək bazarında hər hansı bir ixtisasa tələbatın nə dərəcədə artdığını göstərən əsas meyarlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən tətbiq edilir. Belə ki, hər il ixtisas seçimi ərəfəsində hər hansı ixtisas qrupunda dövlət sifarişli plan yerlərinin sayı artırılırsa deməli, o qrupa olan tələbat da çoxdur. Üstəlik, minlərlə müraciətçi tərəfindən məhz həmin ixtisaslar xüsusi maraq dairəsində olub.
Beləliklə, ötən illərin dataları, əmək bazarındakı tələb-təklif prinsipləri müşahidə edilərək, məntiqi sxem, alqoritmik göstəricilər əsasında hər hansı ixtisasa olan maraq artımı müşahidə edilir. Yeri gəlmişkən, İT imkanlarından yüksək səviyyədə istifadə edən Dövlət İmtahan Mərkəzi bu proseduru da mükəmməl həyata keçirir”.
Ekspertin sözlərinə görə, bütün bu sualların cavabı DİM tərəfindən çap olunan “Abituriyent” jurnalının 4-cü nömrəsində öz əksini tapıb:
“DİM tərəfindən “Abituriyent” jurnalının 4-cü sayı çapdan çıxdı. Hər bir abituriyentin masasında olmalı olan bu say əslində əmək bazarının indiki və gələcək aqibətinin real mənzərəsidir. Sadəcə biz gizlində “sakit bomba” kimi gizlənən bu detallara çox zaman diqqət etmirik. Məsələn, bir ixtisasa dövlət sifarişli plan yerinin artırılması o deməkdir ki, dövlətin özünün bu istiqamətdə kadra ehtiyacı var. Bu səbəbdən də dövlət öz hesabına həmin ixtisas üzrə kadrların formalaşmasına çox maraqlıdır.
Təsadüfi deyil ki, ötən il də, bu il də II ixtisas qrupu üzrə dövlət sifarişli plan yerlərinin sayı xeyli artdı. Bu il II qrupda 299 ixtisas üzrə 10190 plan yeri müəyyən olunub.
DİM sədrinin də sözlərinə görə, ötən il olduğu kimi bu ildə II ixtisas qrupu üzrə dövlət sifarişli plan yerlərinin sayı artırılıb. Bu o deməkdir ki, bu qrupun piroritet istiqamətləri olan biznesin idarəedilməsi, beynəlxalq iqtisadi münasibətlər, marketinq, menecment, eləcə də idarəçilik və inzibati xarakterli ixtisaslar bu gün əmək bazarının xüsusi marağındadır”.
E. Nurinin sözlərinə görə, III ixtisas qrupu üzrə dövlət sifarişli plan yerlərinin sayında azalmaların edilməsi buradakı bir çox humanitar, ictimai və pedaqoji əsaslı ixtisaslara tələbatın azalmasına işarədir:
“Bu il III ixtisas qrupu üzrə dövlət sifarişli plan yerlərinin sayında azalma müşahidə edildi. Birdən-birə 328 azalma sıradan bir hal hesab edilməməlidir. Bu o deməkdir ki, əmək bazarı artıq bu qrupa aid olan bəzi ixtisasları artıq özünə cəlb etmir. Tələb-təklif mexanizmi həmin ixtisaslara minimal kadr hazırlığını diktə etmiş olur”.
“I və IV ixtisas qrupu ilə bağlı analoji məlumatlar gələn həftə elan ediləcək. Həmçinin, “Abituriyent” jurnalının bu qruplar üzrə xüsusi sayı da gələn həftə çap ediləcək. Şəxsən mənə I ixtisas qrupu üzrə təqdim ediləcək datalar, ayrılmış plan yerləri çox maraqlıdır. Amma proqnoz olaraq deyim ki, bu qrupda da dövlət sifarişli plan yerlərinin sayında artım edilə bilər. İT ixtisasları I ixtisas qrupunu hələ uzun illər lider kimi saxlayacaq” - deyə, E.Nuri əlavə edib.