Nadir İsrafilov: “Ən etibarlı və güvənli seçim abituriyentin öz seçimidir.”
Onsuz da qəliz olan qəbul qaydalarını ixtisas seçimi bir az da mürəkkəbləşdirir.Əgər belə demək mümkündürsə, ixtisas seçimini valideyn və ekspert ümidinə buraxmış, abituriyentin topladığı “balın kəramətinə” tabe etdirmişik. Dəfələrlə ali məktəblərə girişi asanlaşdırıb, çıxışı çətinləşdirmək barədə müxtəlif təkliflər səsləndirilməsinə baxmayaraq, bu günün özündə belə, hələ də bunun əksini görürük. Hətta iş o yerə çatıb ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də bir müddət əvvəl keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq bildirmişdi ki, abituriyentlərin heç də hamısı ixtisas seçimini özü etmir: "Yenə seçimi bəzi təhsil ekspertləri edir. Onlar təki harasa qəbul olunsun deyə seçim edirlər. Abituriyentlər də var ki, rayondan çıxıb Bakıda yaşamaq üçün qəbul olmaq istəyir"
DİM sədri M. Abbaszadənin abituriyentlərə basqı ilə bağlı belə qənətə gəlməsində müəyyən həqiqət var. Gənclərə daha çox valideynlər basqı edirlər. Bu da təbiidir, çünki hər bir valideyn öz övladının gələcəyini onun ali təhsil almasında, diplom sahibi olmasında görür. Hətta diplomun cehiz predmetinə çevrilməsi barədə az deyilməyib, az yazılmayıb. Övladlarına “filankəsin övladı xaricdə təhsil alır, sən heç burda da universitetə daxil ola bilmədin” kimi valideyn tənələrinin az şahidi olmamışıq. Hamısı mentalitetdən, kimlərləsə bəhs aparmaq prinsipindən irəli gələn xüsusiyyətlərdir. "Təki diplom olsun, qonum-qonşunun yanında başımız uca olsun", deyən bir çox valideynlər öz övladlarını onların arzusuna uyğun düzgün istiqamətə yönləndirib, onların müstəqil seçiminə mane olmamaq əvəzinə, övladlarının seçiminə müdaxilə edir, yalnız bu müdaxilənin ağır nəticələrini gördükdən sonra peşmançılıq çəkirlər ki, bu da artıq gec olur. Nazir Emin Əmrullayevin təbirincə desək, nəticədə hüquqşünas ixtisasında qəbul ola bilməyənlər tarixçi olurlar. İxtisas seçimini əmək bazarına görə yox, valideynin seçiminə görə edənlər əlavə seçim qarşısında qalırlar, ixtisasdəyişmə, yerdəyişmə halları ildən-ilə artır. Hər il qəbul imtahanlarında iştirak edib, müsabiqə şərtini ödəyən yüzlərlə, bəzən minlərlə məzunun elektron qaydada müraciətlərini təsdiq etməmələri kimi hallar baş verir.
Müvafiq ixtisas üzrə keçid balını toplamadığından, digər arzulamadığı ixtisasa keçid alanlar, “təki universitet olsun” düşüncəsi ilə yaşayanlar arasında ali təhsilə “şəhərli olmaq” prinsipi ilə yanaşanlar da az deyil. Düzdür, ixtisas seçimini o qədər mürəkkəbləşdirdik ki, 200 bal toplayan ali məktəbə daxil ola bildi, 500 bal toplayan kənarda qaldı, düzgün seçim edə bilməməsi ucbatından, ödənişsizə düşməli olan ödənişliyə düşdü. Bu sahədə olan bütün boşluqlara və çatışmazlıqlara baxmayaraq, abituriyentlərin ixtisas seçimində valideynlərlə yanaşı ekspertlər də az günahkar deyil.
Bir zəruri məqamın nəzərə alınması vacibdir ki, hər özünü ekspert səviyyəsində görən və ya mediada ekspert kimi təqdim olunan “ekspert”in irəli sürdüyü müddəa və verdiyi rəy, təklif, proqnoz heç də “quran ayəsi” olmayıb, gündəmə gəlmək və ya gündəmdə qalmaq məqsədinə xidmət edən taktiki gediş olmaqla yanaşı, həm də özünə ucuz reytinq qazanmağa və geniş ictimaiyyət arasında çaşqınlıq yaratmağa hesablanan açıqlama və bəyanatlardan başqa bir şey deyildir. Bununla belə seçim etməkdə çətinlik çəkən abituriyentin ekspertə müraciət etməkdən başqa digər çıxış yolu qalmır.
Dövlət İmtahan Mərkəzindən də dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, yenə də bu kimi hallar geniş vüsət almaqdadır. Halbuki, DİM-in müraciətinə əsasən “Abituriyentlər ixtisas seçimi zamanı diqqətli olmalı, bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası ixtisas seçimini özləri həyata keçirməlidirlər. Bəzən abitriyentlər bu işi başqalarına həvalə edirlər. Lakin həmin şəxslər bir çox hallarda yanlış seçim edir və ya ixtisas seçimi ərizəsini ümumiyyətlə təsdiq etmirlər. Bu isə arzuolunmaz hallara gətirib çıxarır".
Qəbul qaydalarının dəyişdirilməsi ilə bağlı təklifin neçənci olduğunu artıq unutmuşam. Neçə illərdən bəridir ki, neft kapitalının insan kapitalına çevrilməsini hədəfləmişik, ali təhsilin hamı üçün əlçatan olması kursu götürmüşük, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələləri ilə rəqabətə başlamışıq, digər tərəfdən isə ” Ali məktəblərə qəbul attestatla olsun!”; “Ali məktəblərdə dövlət imtahanı ləğv olunsun!” və s. bu kimi çağırışlar səsləndirilir, ali məktəblərə qəbul imtahanlarının ağır şərtlərlə keçirilməsi, ali məktəblərə qəbul üçün tətbiq olunan test imtahanlarının özünü doğrultmadığı və bu prosesin sadələşdirilməsi kimi təkliflər səngimək bilmir.
İxtisas seçimini bu qədər qəlizləşdirmək hansı məqsədə xidmət edir? Yaşlı və orta nəslin nümayəndələri xatırlamamış deyillər ki, adını çəkməyə belə ehtiyatlandığımız bir dönəmdə orta məktəblərdə təlim-tərbiyə işləri ilə yanaşı geniş peşə yönümü işi aparılardı. Həmçinin şagirdləri ayrı-ayrı peşələrə istiqamətləndirmək üçün nəzəri və praktiki tədbirlər həyata keçirilərdi. O zamanlar müəllim olmaq istəyənlər sənədlərini Pedaqoji İnstitut adlanan ali təhsil müəssisəsinə, həkimliyi arzulayanlar Tibb İnstitutu, mühəndisliyi seçənlər "Politexnik”ə , aqronom, zootexnik olmaq fikrinə düşənlər də Kənd Təsərrüfatı İnstitutuna verərdilər:
İndi beynəlxalq təhsil sisteminə inteqrasiya etməklə, əlavə təhsil proqramları həyata keçirmək, fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq və çox spektrli sahələrlə məşğul olmaq kimi səlahiyyətlər verməklə universitetləri birbaşa funksiyalarından – konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlamaq vəzifəsindən yayındırmışıq. Abituriyentlərə bir neçə ixtisas və ali məktəb seçmək hüququ verməklə, həkim olmaq istəyəni bioloqa , hüquqşünas olmaq istəyəni tarixçiyə, tarixçi olmaq istəyəni kitabxanaçıya çevirmişik. Nəticədə çarəsiz ”zorən” diplomçular ordusu yaranıb. Bir ara bioloqu tibb fakültəsinə, kitabxanaçını hüquqa köçürməklə, təhsilimizin qara ləkəsi olan qanunsuz tələbə köçürmələrinin kütləvi hal almasına şərait yaratmışıq.
Hüquqşünas, diplomat, polis, həkim, müəllim, mühəndis, aqronom və.s bu kimi ixtisaslara tam fərqli keçid balı tətbiq etməklə, gələcək mütəxəssislərimizə qabaqcadan hansı peşənin gəlirli və ya gəlirsiz olması hisslərini aşılamış, bəzi peşələri və peşə sahiblərini yüksəldərək, digərlərini aşağılamışıq: Bir sıra ixtisaslara keçid balını 150-yə və hətta 100-ə endirməklə, klassik qiymətləndirmədə "2”qiymətə bərabər tutulanları ali məktəb tələbəsi etmişik. Onu da deyim ki, səviyyəsiz universitetlərin qəbul planını doldurmaqla yanaşı, həmin ixtisaslara və bu ixtisası seçənlərə bəri başdan "perspektivsiz” damğasını vurmuşuq. Kəskin sıçrayışlar edərək mövcud reallıqları nəzərə almadan ixtisas qrupları üzrə qəbul planı və daxil olan ərizələrin sayı arasında qeyri tarazlıq yaratmışıq. Bununla da yüzlərlə plan yerləri vakant qalmış, çıxış yolunu bəzi ixtisaslara minimum balla qəbul aparmaqda görürük.
Həmçinin bu vacib prinsipə etinasızlıq və biganəlik nümayiş etdirərək peşə və ixtisasları "prestijli” və "prestijsiz” kateqoriyalarına bölərək, bir sıra peşə və ixtisasların yaxın gələcəkdə tarixə qovuşacağına bu başdan etibarlı zəmanət vermişik. İxtisas seçimini abituriyentin istək və arzusuna deyil, onun topladığı "balın kəramətinə” tabe etdirmişik. Bu halda hansı ixtisas seçimindən söhbət gedə bilər…?
Onu da xatırlatmaq yerinə düşər ki, hələ 2016-cı ildə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsinə münasibət bildirərkən, məzunların bu “imtahanların çox yığcam və rahat bir modeli”ndə qüvvələrini sınamaq imkanı vermək üçün 2 il vaxt tələb olunacaq barədə ictimaiyyətə təqdim ediləcəyi perspektivi barədə rəsmi açıqlama vermişdi. Milli Məclisin iclasında “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı da qaldırılan məsələ bir neçə deputat tərəfindən dəstəklənmişdi.
Danılmaz faktdır ki, abituriyentlərin ən həlledici anları onların ixtisas seçimi ilə bağlıdır. İxtisas seçiminə kənar müdaxilələrə yol verilməməsi üçün abuturiyent oxuya biləcəyi bir ixtisası seçməlidir ki, gələcəkdə məcburi ixtisasdəyişmə zorunda qalmasın.