
"Bu gün orta məktəblərimizdə şahmat məcburi fənn kimi tədris olunmalıdır".
Bunu Moderator.az-a açıqlamasında təhsil məsələləri üzrə tədqiqatçı, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Elmin Nuri deyib.
Onun fikrincə, çağdaş təhsilin modern çağırışlarının mərkəzində gələcəyin yüksək analitik keyfiyyətlərə malik şəxsiyyəti durduğundan Şahmatın bu istiqamətdəki özəllikləri şagirdlərimiz üçün çox faydalı ola bilər:
"Bugün orta məktəblərimizdə şahmatın ayrıca fənn kimi tədrisi çox vacibdir! Doğrudur, bir çox məktəblərdə dərsdənkənar əlavə məşğələ kimi keçirilir və könüllü xarakter daşıyır. Amma gələcəyin təfəkkürlü şəxsiyətinə yönəlik təhsili düşünürüksə, şahmat fənni heç olmasa həftədə bir dəfə əsas fənn kimi tədris olunmalıdır. Amma necə? Aşağıdakı detallar nəzərə alınmaqla:
-Tam olaraq peşəkar şahmat məktəblərində olduğu kimi deyil, analizetmə, qərarqəbuletmə, situasiyadan çıxış elementlərinin nəzəri izahı kimi;
-Zəka dünyasına yolçuluq kimi -onsuz da dərs yükü ağır olan uşaqlar üçün əyləncəli və maraqlı olmalıdır;
-Şagirdi manevr və sistemli hərəkətə öyrədən alqoritm kimi..
-Hazırlanacaq dərs vəsaitində də bu amillərin nəzərə alınması DÜŞÜNƏN ŞAGİRDİ cəmiyyətə daha tez qazandıracaq".
E. Nurinin sözlərinə görə, məktəblərdə keçiriləcək Şahmat fənni üçün ayrıca dəsr vəsaiti hazırlanmalı və o klassik şahmar tədrisi kitablarından fərqlənməlidir:
"Hazırlanacaq dərslikdə öncə yuxarıda sadaladığımız meyarlar və onlara əlavə ediləcək bu kimi detallar öz əksini tapmalıdır. Dərslik həm nəzəri, həm də praktiki bazadan ibarət olub,həyati tətbiq əhəmiyyətli olmalıdır. Yəni, orada şagird şahmat gedişləri ilə yanaşı, onların real həyatdakı faydalılığını da mənimsəməlidir".