
Azərbaycan ordusu Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərini davam etdirir. Dünən səhər saatlarından başlanan antiterror tədbirləri bir neçə məsələdə ayıq-sayıqlıq tələb edir. Bunlardan biri də informasiya təhlükəsizliyi məsələsidir.
İnformasiya Texnologiyaları üzrə mühəndis-ekspert, Tədqiqatçı Bəhruz Əliyev Moderator.az-a açıqlamasında informasiya təhlükəsizliyi ilə bağlı çox vacib detalları qeyd edib. Tədbirlərin davam etdiyi müddətdə bunların hər birinə ciddi-cəhdlə əməl etməyimiz çox vacibdir:
“Bizlər suya möhtac olanlar kimi zəfərə susamış, haqq və ədalətin yerini tapmasını arzu edənlərik. Ürəyimiz zəfərlə və uğurla doludur və onunla döyünür. 30 il daxilimizdə yaşatdığımız nisgili səbrimizin sonu gələndə, 44 gündə qısasını alan vətən övladlarıyıq. Yaralarımızı sürətlə sağaldıb, qamətimizi dik tutub, doğan üfüqlərdəki, aydın işıqları gözləyirik. Vətən haqqında olan hər bir xoş xəbər və hər bir uğur bizim içimizdəki məğrur hisslərin tərənnümüdür.
Amma unutmamalıyıq ki, bilmədən bəlkə də fərqində olmadan çəkdiyimiz, paylaşdığımız hər bir informasiya bizim düşmənlə üz-üzə olduğumuz yerdə əleyhimizə işləyə bilər. Hər hansı vətən övladının həyatı bahasına başa gələ bilər.
Ona görə də hər kəsdən xüsusi diqqət tələb olunur:
-Hərbi maşın və avadanlıqlar, onların daşınması ilə bağlı hər hansı bir foto və video çəkiliş aparmayın və paylaşmayın. Çünkü çəkilən hər bir media faylda çəkiliş yerinin mövqeyi (location) kimi bir çox məlumatlar düşmənin əlinə keçə bilər.
-Hər hansı hərbi uçuş avadanlıqlarının foto və video çəkilişni aparmayın və paylaşmayın bu döyüşdə canını qoyan əsgərimizin planını poza bilər. Fərqində olmadan düşmənə yol göstərilmiş ola bilərsiniz.
-Xidmətdə olanlarla müxtəlif yollarla əlaqə saxlamaqdansa, hisslərimizi çətin də olsa cilovlayıb səbr etməliyik. Çünkü telefonlar yenə təhlükə mənbəyidir. Düşmən diqqətlə bizim səhvimizi gözləyə bilər. Danışıqlardan öyrəndiyi məlumatları əleyhimizə istifadə edə bilər.
-Sosial şəbəkələrdə yayılan dezinformasiyaya təsdiqlənməmiş məlumatlara inanıb yaymaq olmaz. Düşmənin virtual aləmdə qurduğu tələlərə qarşı diqqətli olmaq lazımdır. Keçmiş illərdə çəkilmiş vəya başqa yerlərdə baş vermiş foto və video məlumatlarla Azərbaycan ictimaiyyətini aldadıb, istiqamətləndirmək istəyə bilərlər. Ona görə də ancaq dövlət mənbələrinə qulaq asmaq və məlumatı dövlət mənbələrindən eşitmədiyimiz müddətcə şübhə ilə yanaşmalıyıq.
-Döyüş mövqeyinə yaxın yaşayanlara isə daha çox məsuliyyət düşür. Hər hansı hərəkətlilik barədə informasiya verilməməlidir. Hərbi qulluqçuların hərəkəti vəya yaralı, şəhid və s. kimi əlaqəli məlumatları, dövlət tərəfindən elan edilmədiyi halda heç bir məlumatı əsla heç bir formada paylaşmamalıyıq.
-Qısaca, sadəcə hüquq-mühafizə orqanlarımızın və dövlət kanallarının verdiyi məlumatlara etibar etməliyik və onlara inanmalıyıq”.
Unutmayaq ki, informasiya təhlükəsizliyimizi qorumaq, daha az fəsadla qalib olmağımız üçün, ciddi addımdır. Cəbhə arxasında olan önəmli xidmətdir. Gəlin birlikdə diqqətli olaq. Biz Birlikdə Güclüyük!