
Bildiyimiz kimi 5 oktyabr tarixi hər il dünyanın 100-dən çox ölkəsində olduğu kimi ölkəmizdə də Beynəlxalq Müəllimlər Günü olaraq qeyd olunur. Qeyd etməliyik ki, insanın fərd olaraq formalaşmasında, yetişməsində onun təhsili, mədəniyyəti xüsusi rol oynayır. O təhsili isə az yaşlarından başlayaraq məktəbdən alırıq. Məktəbdə bizlərə diqqət göstərən, öz qayğısını əsirgəməyən, valideynlər qədər doğma və əziz müəllimlərimizə isə sadəcə alqış düşür.
Xüsusi olaraq bu yazımda təhsil aldığım Gədəbəy rayonu, Siyavuş Qasımov adına Çiçəkli kənd tam orta məktəbinin adını qeyd etməliyəm. Bu elm ocağı rayonumuzun ucqar nöqtəsində yerləşir və hər il öz məzunlarının yüksək nəticələri ilə ölkə təhsilinə öz töhfəsini verir. Deyə bilərik ki, hal-hazırda kəndimizdə hər evdə ali təhsilli kadr var, bu isə zəhmətkeş müəllimlərimizin əməyi nəticəsində əldə olunmuş uğur hesab olunur.
Hazırda şagirdlərin təlim-tərbiyəsi ilə təxminən 25 müəllim məşğul olur. Məktəbdə müəllim-şagird münasibətləri yüksək səviyyədə qurulmuşdur, şagirdlər öz müəllimlərini çox sevir və hörmət bəsləyir bu isə birbaşa rəhbərliyin düzgün idarəetmə formasına malik olması deməkdir. Məktəbin direktoru Tofiq Mirzəyevə məhz buna görə xüsusi təşəkkür düşür. Eləcə də fənn müəllimləri – Şəmsəddin müəllim, Qəmbər müəllim, Asəf müəllim, Əlibala müəllim, Rüfət müəllim, Natiq müəllim, Fuad müəllim və digər müəllimlərin də adlarını vurğulamaq lazımdır ki, məktəbdə təhsilin formalaşmasında, yüksək nəticələrin əldə olunmasında müstəsna xidmətləri vardır. Həmçinin yaş ilə əlaqədar təqaüdə çıxan müəllimlərdən Vilayət müəllimin, Murğuz müəllimin, Hüseyn müəllimin də adını vurğulamalıyıq. Çünki kəndimizdə hal-hazırda çalışan təhsilverənlər elə məhz o zəhmətkeş müəllimlərin əməyindən bəhrələnmişdir.
Mən S.Qasımov adına Çiçəkli kənd tam orta məktəbin keçmiş şagirdi olaraq bütün müəllimlərimi ürəkdən təbrik edir, işlərində müvəffəqiyyətlər, yeni tədris ilində uğurlar arzulayıram!
Eltac Səməndər
S.Qasımov adına Çiçəkli kənd tam orta məktəbin məzunu