Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Ailəm və məktəbim” layihəsinə start verilib.
Layihənin keçirilməsinin əsas məqsədi cəmiyyətin təməlini təşkil edən, dəyərlərini yaşadan ailələr və ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etməkdən ibarətdir.
Layihə çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə valideynlər üçün təlim və seminarlar, “Hər şey övladımız üçün” devizi altında tədbirlər təşkil olunacaq.
Həmçinin valideynlərin övladlarının təhsil aldığı müəssisə ilə yaxından tanış olması, onların məktəbin tədris resursları və təhsil müəssisəsində həyata keçirilən layihələr barədə məlumatlandırılması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması məqsədilə keçirilən “Valideynin məktəbdə bir günü” layihəsinin davam etdirilməsi nəzərdə tutulur.
Bundan əlavə, ixtisaslarına, iş sahələrinə uyğun olaraq valideynlərin həmin sahələrə maraq göstərən şagirdlərlə görüşləri keçiriləcək, maarifləndirici buklet və materiallar hazırlanacaq və paylanacaq.
Valideynlərin təklif və fikirlərinin öyrənilməsi üçün müxtəlif görüşlər və sorğular keçiriləcək, onlar birgə fəaliyyətlərə cəlb olunacaqlar.
Eyni zamanda layihə çərçivəsində ümumi təhsil məktəblərində keçirilən fəaliyyətlər üzrə fərqlənən valideynlərin təltif olunması da nəzərdə tutulub.