“Azərbaycanda bağça müəllimi tapa bilmirik” – Kadr axtarılır!
“İşləyənlərin çoxunda ali və orta təhsil yoxdur”
“Bu o deməkdir ki, biz kadr yetişdirməmişik.Savadlı kadrlara ehtiyacımız var”
Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 nəfər tərbiyəçi-müəllimdən 51 faizinin nin (5800 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər.
Elm və Təhsil Nazirliyi yaranmış problemin həlli üçün hazırda məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərə təhsil sənədlərini aidiyyəti quruma təqdim etmək üçün imkan yaradıb. Sözügedən he yət tərəfindən müvafiq ixtisas üzrə təhsil sənədi təqdim edildiyi halda onların əməkhaqqı ödənişinin “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası”na əsasən ödənilməsi həyata keçiriləcək.
Məsələ ilə bağlı “Sherg.az” a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, daha yüksək rəqəmlər gözləyib. Onun sözlərinə görə, Təhsil Nazirliyinin açıqladığı son statistika acınacaqlıdır:
“Vəziyyətin belə olacağı bəlli idi. Azərbaycan təhsil sistemində məktəbəqədər təhsil seqmenti iflic vəziyyətdədir. Çox təəssüflər olsun ki, uzun illər, məktəbəqədər təhsil, təhsildən tamamən uzadlaşdırıldı. Yerli icra orqanlarına verildi. Təsəvvür edin, təhsil müəssisəsi təhsillə əlaqəli dövlət qurumunun tabeliyində deyil. Təhsildə çalışan müəllim yerli icra qurumuna tabedir. Bu gedikcə məktəbəqədər təhsil müəssisələrində təhsilin və tədrisin formal olmasına gətirib çıxardı. Tam əminliklə deyirəm, bizdə dövlət bağçaları uzun illər, yalnız formal fəaliyyət göstəriblər. Azərbaycanda hazırda 1825 uşaq baxğası var. Onlardan 1602 -si dövlət bağçasıdır və burda 126 mindən çox uşaq təhsil alır. Düşünürdüm ki, Azərbaycanda bağçaların sayı azdır və mütləq artırılmalıdır. Çünki uşaq sayına görə bağçaların say göstəricisi bir-birinə adekvat deyil. Bunu zaman- zaman problem kimi də qabartmışdıq. Ancaq indi düşünürəm yaxşı ki, bağçaların sayı artırılmayıb. Bağçada işləyənlərin yarıdan çoxu diplomsuzdur. Bilik və bacarıqları yetərincə deyil. Bu çox təəssüfləndiricidir. Əsas iş bağçaların sayının artırılmasından əvvəl, orda işləyən kadrların sayının artırılmasıdır”.
E.Nuri vəziyyətdən çıxış üçün bir neçə təklif irəli sürüb:
“Birincisi, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən bağçalara işə qəbul müsaqibəsi daha da intensivləşdirilməlidir. İlk olaraq ötən il bu prossesə başlanıldı, nəticə də 102 metodist və tərbiyəçi işə qəbul olundu. Bu say çox azdır. Mütləq surətdə nəticə artırılmalıdır. Onlara imtahan prossesində güzəştlər olunmalıdır. Yalnız ali və orta təhsili olub, xüsusi göstəricilərə malik olan şəxslər işə qəbul olunmalıdır. Daha sonra bağça müəllimləri üçün metodik dərs vəsaitləri yox səviyyəsindədir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyindəki təhsil inistutunun bu istiqamətlərdəki işi artmalıdır. Universitetlərdə məktəbə qədər təhsillə bağlı ixtisasların sayı artırılmalıdır. Bu gün biz bağça müəllimi tapa bilmirik. İşləyənlərin çoxunda ali və orta təhsil yoxdur. Bu o deməkdir ki, biz kadr yetişdirməmişik. Savadlı kardrlara ehtiyacımız var”.