Xülasə
Dünya siyasətinin hazırda gəldiyi nöqtədə təkcə fərdlərin vətəndaşlıq institutu vasitəsilə təmsil olunduqları dövlətlər deyil, Transmilli Korporasiyalar, güc mərkəzləri, nüfuz qrupları, beynəlxalq münasibətlərin aktorları keyfiyyətcə və məzmunca yeni mübarizə mərhələsinə keçid ediblər.
Bütün qlobal təlatümlərin, bəşərə verilən müsbət və mənfi tonlu kodlaşdırılmış informasiyaların hədəfi, sürəti və məqsədi onlayn dünya reallıqlarını doğurub.
Müasir qlobal siyasi təsisatın münasibətləri, sosial – qlobalistikası, ənənəvi paradiqmalardan və yanaşmalardan fərqlənərək, asimmetrik, informativ, İT tətbiqlərinə uyğunlaşdırılmışdır. İdarəetmənin, davranış fenomeninin, yeni trendlərin başlıca daşıyıcısı sürət və formaca dəyişmiş, sosial media reallıqlarına ayaq uydurmuşdur. Bu, nə ənənəvi dünyanı təmsil edir, nə də mühafizəkar baxışların platformasıdır.
Açar sözlər: Sosial media, dünya siyasəti, feyk-nyus
Abstract
At the current juncture of world politics, not only the states represented by individuals, but also transnational corporations, power centers, influential groups and other actors of international relations have entered a qualitatively and substantively new stage of struggle. New realities of the online world were born within the framework of all global upheavals and targeted, speeded and purposely prepared, positively or negatively coded information is provided to mankind. Relations of modern global political institution and its socio-globalistics, in contrast to traditional paradigms and approaches, is adapted to asymmetric, informative IT applications. The main carrier of governance, behavioral phenomena, new trends has changed itsspeed and form, and has adapted to the realities of social media. It does not represent the traditional world, nor is it a platform for conservative views.
Key words: Social media, world politics, fake news
Giriş:
Qloballaşma fərqli sivilizasiyalar üçün eyni məzmuna uyğun yanaşmalar vəd edə bilər. Bu şəraitdə günümüzün dövlətləri, xalqları, iqtisadi mərkəzləri, TMK-lar və müxtəlif nüfuz qrupları kifayət qədər ideoloji, iqtisadi, siyasi və mənəvi hədəflərinə unikal üsullarla, onlayn formalarla çatmaqdadırlar.
Texniki tərəqqi inqilabının məhsulları olan onlayn media vasitələri milyardlarla əhalinin sosial profillərini çıxarmaqla, onların internet məkana əlçatımlılığını təmin etməklə həm də istifadəçiləri idarəedilən hədəfə çevirməyi bacarmışdır.
Həlledici qərar qabiliyyətinə malik olan inzibati qərarverici orqanların davranışı (nəzəri olaraq), dünya ölkələrinin üzləşdiyi yeni reallıqlar böyük ölçüdə ənənəvi görüşləri arxa plana atmaqla, müasir qaydaları və davranışları, yəni müharibələri və hüquqları doğurmuşdur. Hələ ki, post-pandemiya dövrü ilə başlayan yeni dünya nizamı öz oxu ətrafında on illiklər ərzində siyasi dövretməsini başa çatdırmadığı üçün bizi gözləyən infodemik gələcəyə dair dəqiq proqnozlar verə bilmirik. Müasir reallıqlar özündə müharibələr, iqtisadi zəncirin pozulması, sosial-siyasi çalxalanmalar, pandemiya nəticəsində pozulmuş münasibətlər çoxluğunu ifadə etməkdədir ki, qlobal təhdidləri artıq Yer kürəsinin bütün nöqtələrində yaşayan insanlar eyni saatda, eyni məzmunda oxuya və eyni formada reaksiya vermək imkanına malikdirlər.
Xaotik qlobal düzən kontekstində əsas idarədici vasitə olan sosial media daha çox “Feyk - nyus”, hibrid müharibə məzmununa doğru yuvarlanmaqdadır. İnfodemiya fonunda Facebook, İnstagram, Youtube, Twitter dünyası ilə TikTok “power”i arasında başlayan dünya onlayn müharibəsi bizi fərqli gələcəyə doğru aparmaqdadır. Kiberdünyada baş verən texnoloji inqilab ölkəmizin böyük uğurla başa vurduğu vətən müharibəsindən sonra bizi də öz ağuşuna almaqda və məğlub cəbhənin yer aldığı qlobal şəbəkənin sosial media savaşında hədəfə çevirməyə cəhd edilməkdədir.
Dünyada isə postpandemiya və Rusiya – Ukrayna müharibəsi qlobal siyasətin aktorlarına və onların sosial mediada əks olunan davranışlarına qiymət vermək üçün yeni fəlsəfəyə ehtiyac duyulmaqdadır.
Əsas hissə:
Qloballaşma fenomeni birmənalı anlaşılmamaqla yanaşı, çoxsaylı paradiqma və nəzəri düşüncə trendlərində müxtəlif mədəniyyətlərin, cəmiyyətlərin, iqtisadiyyatların, ümumi mənada isə daha geniş ölçülü dünyagörüşünün – qlobal düşüncə tərzinin mahiyyəti kimi də başa düşmək olar.
İndi biz induktiv fəaliyyət içərisində çabalayan dövlətlərinmi, yoxsa qlobal ticarət zənciri ilə meqatrendlərə uyğunlaşan dünya əhalisinin eyni mənəvi davranışlar, eyni mənəvi sərvətləri bölüşməsinin müsbət və ya mənfi qiymətləndirilməsinin meyarlarını da müəyyən edə bilmərik.
Reallıq isə ondan başlayır ki, qlobal düşüncə tərzinin, dəbin, trendin, tendensiyanın və situativ hadisələrin dünyəvi təqdimatı zamanı qloballaşmanın əsas təzahürləri müşahidə edilə bilir. Şübəsiz ki, artıq iqtisadi-siyasi, ideoloji və mədəni eyniliyi yaradan internet məhfumunun olduğu bizə çoxdan məlumdur. İnternet isə öz reallığını, öz mediasını, öz reaktiv düşüncə və davranışa malik “oxucu”sunu yarda bilib. Media dedikdə radio, televiziya, internet və s. kimi müxtəlif ünsiyyət vasitələri nəzərdə tutulur ki, bu da insan şüurunun formalaşmasında çox mühüm rol oynayır. Kütləvi informasiya vasitələri daha geniş auditoriyaya çatmaq üçün müəyyən edilmiş medianın bir hissəsidir. Əksər qloballaşma nəzəriyyəçiləri qloballaşmanın sürətlənməsində medianın mühüm rol oynadığına inanırlar. Ölkələr arasında iqtisadi, mədəni və texnoloji inteqrasiyanın əhəmiyyətinin artması ilə cəmiyyətimizin və şəxslərin həyatına böyük təsir göstərir. Məhz qloballaşma sayəsində bu gün geniş mediaya çıxış imkanları artır. (Impact of Globalization on Media, 2021)
Dünya üzrə/2021-ci ilin hesabatına görə (rəqəmlər milyardla ifadə edilib)
(En Çok Kullanılan Sosyal Medya, 2022)
Maraqlıdır ki, sosial şəbəkələrin meydana çıxdığı 2005-2010-ci illər aralığınadək dünya siyasəti beynəlxalq hüququn “kağız” yaddaşına, normalara, prinsiplərə əsaslanırdı ki, 1945-ci ildə təsis edilən qlobal sistem – BMT vasitəsilə dünyada nizamı təmin etmək mümkün olurdu.
Lakin beynəlxalq nizamı, dövlətləri, onların əhalisinin canlı varlıq kimi nəzərdən keçirsək, inkişaf, ləngimə və münasibətlərin üç formasının təzahür etdiyini görə bilərik.
- Qarşıdurma
- Əməkdaşlıq
- Müharibə
Qlobal siyasətin mahiyyətindən və inkişaf dinamikasından asılı olaraq internet texnologiyalarının inkişafı qlobal sistemi texniki həmlələrlə dəyişməyə başladı.
İlk dəfə isə dünya siyasətinin keyfiyyət dəyişikliyi zərurəti indiyə qədər hüquq normaları ilə tövsif edilməyən İT sayəsində kənar müdaxilələrin internet vasitəsilə dövlətlərin onurğasına qədər, idarəetməyə, xalq və dövlət münasibətlərinə qədər sirayət etməyə başladı. Şübhəsiz ki, sivilizasion – mədəni spesifikanın “brain”ə təsirlə dəyişkənliyi beynəlxalq hüququn artıq əvvəlki effektivlikdə təsirli olmayacağını göstərdi ki, internet – kosmopolit fəlsəfi əsas mücərrəd şərait doğurdu.
Yeni davranış kodeksi yeni reallıqlarla adekvat qlobal münasibətləri zəruri edir, yeni qlobal arxitekturanın təsvirində pozitiv filosof və sosioloqlar, siyasi fikir elementlərini təbii hüquqların, xalqların müqəddəratının təsbit edildiyi adil dünya prinsipləri ilə ehtiva edirlər, lakin müharibələr, ərazi iddiaları, beynəlxalq siyasətdə gücün vasitəyə çevrilməsinin həmişə aktual olması və çoxqütblü, yaxud ikiqütblü dünyada güc mərkəzlərinin balansları qorumaq üçün artıq beynəlxalq hüququn müəyyən etdiyi bəşəri məsuliyyət hissini daşımaq istəməkdə həvəsli olmadıqları üzə çıxır.
Məhz bu siyasi-iqtisadi, mədəni və texniki reallıqda sosial şəbəkələr müasir hüququn yenidən müəyyən edilməsi üçün, yeni güclərin qlobal xəritədə təzahürü üçün, tarixin məhvərində dövlətlərin və xalqların növbəti tənəzzülü və sivilizasiyaların yeni doğuluşunun katalizatoru kimi çıxış etməkdədir.
Hələ dəyişən dünyanın aparıcı ideyalarına və inqilabların ixracına mühüm töhfə verən ərəb inqilabları göstərdi ki, müasir dünya və onun reallığı artıq “feyk - nyus” üzərindən təsis ediləcək. Burda isə nə dövlətlərin sərhədləri, nə də onlar üçün membran rolunu oynayan beynəlxalq hüquq keçərlidir.
Belə ki, tunisli gənc Mohamed Bouazizi 4 yanvar, 2011-ci ildə dövlət başçısına etiraz olaraq özünü yandırıması ilə başlayan “ərəb inqilabları” ilk sosial media aksiyası idi, Tunisin arxasınca Misir, Liviya, Yəmən, Suriya və digər ərəb ölkələrinə bloggerlərin iştirakı ilə ixrac edilən inqilabların aparıcı şüarları “insan haqları”, “demokratiya” olsa da, son on illiyin reallıqlarının qiymətləndirilməsi göstərir ki, xalqların əldə etdikləri xaos, terror, müharibə, qaçqınlıq, səfalət və ölkələrinin transmilli güclər tərəfindən yağmalanması oldu.
(Arap Baharı Nedir, Nasıl Başladı? Arap Baharının Nedenleri Ve Etkileti Nelerdir?, 2021)
Bu hadisələr iki nəticə doğurdu:
- Qlobal səviyyədə: beynəlxalq hüquqsuz davranış və sərhədlərə müdaxilə etmədən internet inqilabları ilə dövlətlərin düzənini pozmaq;
- Regional səviyyədə: Yaxın şərqdə maraq xəritələri dəyişdi və yeni bir düzən formalaşdı.
Deməli, dövlətlərin qarşılaşdıqları problemlərin qarşısını nə BMT Nizamnaməsinin prinsipləri, nə də beynəlxalq düzənin təsisi və sülh şəraitində dünya prinsipi ala bildi.
Sosial media qlobal güclərin müharibə aləti kimi
(İnter se prinsipi)
Müasir güclərin maraqlarının təmin olunmasında, onların bir-birinə qarşı müharibəsində sosial media və ya sosial şəbəkələr mühüm alətlərdən biridir.
Yeni medianın fonunda biz azadlıq adı altında təhqir, şiddət və real həyatdakı hadisələr və qırmızı xətlər arasında sərhədlərin olmaması ilə müşayiət edilən yeni davranış modellərinin doğulmasına şahid olmaqdayıq. Bu, inkişaf edən texnologiya ilə daim yenilənən tətbiqləri ehtiva edir və istifadəçiyə orijinallıq, interaktivlik, hipertekstuallıq, yayılma, virtuallıq, multimedia üslubu kimi xüsusiyyətlərə malik məzmun istehsal etmək imkanı verir.
Amma yeni medianın hüdudsuzluğu və dinamikliyi istehsal olunan məzmuna nəzarəti çətinləşdirir. Bu səbəbdən yeni mediada şiddət məzmununun sərbəst dövriyyəsi olduqca asanlaşır.
(Çağla Pınar Tunçer, 2020)
Paralel formada artıq TMK səviyyəsinə çıxan sosial media vasitələri artıq ölkələrin əhalisinin sosial profillərini müəyyən etmək üçün böyük üstünlüyə malikdirlər. Profil sahibləri istifadəçinin hobbiləri, maraqları, münasibətləri, reaksiyaları, sentimental yanaşmaları, böhran vəziyyətlərdə davranışları əsasında SWOT analizlə güclü və zəif tərəfləri ictimai idarəetməyə tətbiq etməklə gələcəkdə həmin cəmiyyətin rentgenini çıxarmaq çox asandır. Bu mənada brendlərin savaşı yeni media kontekstində onların aid olduğu dünya güclərinin də diqtəsi kimi başa düşülə bilər.
Misallar arasında “Nike” kampaniyasının düşdüyü böhrana və ya Türkiyədə xeyli araşdırmalara mövzu olan “Fairy” təmizləyici şirkəti ilə yaşanan sosial media böhranı milyonlarla maliyyə itkisinə səbəb olmaqla ciddi nəticələr doğurdu. (Mustafa ÖZTUNÇ, 2020)
Siyasi mənada isə beynəlxalq münasibətlərin ən güclü aktoru olan ABŞ-da ötən ilin sonlarında keçirilən prezident seçkilərində baş verən hadisələr sosial medianın – onlayn dünyanın qərarlara hansı fomada təsir göstərdiyinin əyani sübutu oldu.
Əvvəlki illərdə Respublikaçı prezident Donald Trampın “Twitter” hesabından paylaşdığı tvitlərlə dünya neft bazarında qiymətləri idarə etməklə OPEC üzvlərinin gəlir qaynağına ciddi zərbə vurması dövrün ilk onlayn reallığı idi, daha fərqli bir örnək isə Türkiyə ilə yaşanan “Rahib Brunson” böhranı idi ki, ABŞ Türkiyəyə tətbiq etdiyi CAASTA sanksiyaları ilə yanaşı, prezident Tramp tvitləri ilə türk brijalarını alt-üst edirdi.
(Adım adım Brunson krizi: Nereden çıktı, nasıl çözüldü?, 2018)
Hazırda dünyada ABŞ və digər qlobal güclər arasında müharibə məhz ya asimmetrik, əsasən isə sosial media üzərindən getməkdədir. Facebook, İnstagram, Youtube, Twitter kimi dünya onlayn gücləri ABŞ-mərkəzli dünyagörüşünün əsas təbliğat və təsir vasitəsi kimi ciddi təsirə malikdir. Bu mənada ABŞ-a və orda fəaliyyət göstərən “Silikon Vadisi”nə qarşı ən güclü anticəbhəni məhz Çin ortaya qoymaqdadır. Hazırda dünyanın ən sürətlə böyüyən sosial şəbəkəsi – TikTok daxil, Çinin Wechat, Sina Weibo, Zhİhu, Meituan, Douyın və Douban kimi istifadəçi sayı yüz milyondan bir milyard nəfərə çatan sosial media şəbəkələri mövcuddur.
Məsələn, Qərbin sosial mediasına qarşı güclü yerli sosial şəbəkələr formalaşdıran Çin koronovirusun başladığı ilk gündən keçən ilik üç ayda Vuhanda virusa qarşı qələbəsini elan etməklə dünyada ilk dəfə həm də ən mühüm strategiyanı, vətəndaşları yaxından izləmək, təcrid olunmasını təmin etmək və informasiya çirklənməsindən uzaq bir ünsiyyət mühiti yaratmağın mümkün olduğunu isbat etdi.
Prinsipcə xəbər mübadiləsi, məlumat almaq, əylənmək və sosiallaşmaq üçün nəzərdə tutulan sosial şəbəkələr digər dövlətlər üçün real kəşfiyyat, təxribat və manipulyasiya üçün asan və mümkün platformaya çevrilir. Çindən fərqli olaraq əksər qərb ölkələri sosial media qadağalarına “sərbəst fikir ifadəsi”, “fikir azadlığı” kontekstində yanaşmağa üstünlük verirlər.
Məhz bu qırmızı xətt qlobal virus dövrünə təsadüf etməklə Çinin qərbə qarşı sosial media gücünü səfərbər etməyə, idarə etməyə və güclü, zəif tərəfləri müəyyən etməyə və hüquqi detallar daxil, qadağalarla beynəlxalq qınaq olmadan həyata keçirməsinə unikal şərait yaratdı. 2009-cu ildə Çinin şərqində Kommunist Partiyasına qarşı narazılıqları tirajladığı üçün ölkədə Twitter qadağan edildi və alternativ olaraq yaradılan Weibo bu gün 400 milyondan çox istifadəçiyə çatıb. Məsələn, Weibo-da 123,7 milyon insan tərəfindən izlənilən aktyor Xie Na Twitter ilə müqayisədə daha çox insana çatmaq və ya təsir etmək iqtidarındadır.
YouTube ilə oxşar cəhətləri olan Tencent Video bu gün 900 milyon insan tərəfindən aktiv şəkildə istifadə edilir. Douban və Tencent QQ kimi tətbiqləri Qərb əsaslı sosial media proqramları ilə müqayisə etmək mümkündür.
Bundan əlavə, qlobal səviyyədə internetdə ən çox istifadə edilən 25 tətbiqdən 13-nü istehsal edən Çin, ilk on platformadan 7-ni öz strukturundan çıxarıb. İqtisadi baxımdan beynəlxalq arenada gücə çevrilən Çin sosial media sahəsinə də hakim olan bir aktora çevrilib. Bu kontekstdə inkişaf etdirilən sosial media tətbiqlərinin məqsədləri aşağıdakılardır.
(Medya Kritik, 2020)
Şübhəsiz ki, təbliğat və ya müharibə, yaxud kəşfiyyat, casus, eləcə də manipulyativ istiqamətlərin mümkün olduğu sosial media qlobal əhəmiyyətli proseslərdə lokomotiv rolunu bütün hallarda yüksək dəqiqliklə oynaya bilir. O baxımdan istifadəçilərin məqsədlərinə görə təsnifatı da göstərir ki, xəbər çirkliliyi, feyk-nyuslar şəxsi hesabları yönləndirməklə yanaşı, dövlətlərin alətinə çevrildikdə daha dəhşətli miqyas ala bilər.
Türkiyənin tanınmış araşdıma şirkəti “Konda”nın 2008-2018-ci illəri əhatə edən sosial media hesabatında maraqlı bir detal yer alır: Televiziya məlumatlarına etibar edənlərin göstəricisi 72,3 faiz təşkil edir. Sosial mediaya inananların sayı isə 5,8 faizə bərabərdir.
Hesab etsək ki, bu, sırf Türkiyəyə xas rəqəmlərdir, o zaman iki vacib detala – sosial mediada pay sahibi və əsas istiqamətverici forma kimi baxaq:
İlk anlayış post-həqiqət dövrünün yeni fenomeni hazırkı dünyanın və böyük media korporasiyaları tərəfindən istifadə olunan texnoloji metoddur. Sosial sentimentalizm analizləri öz həqiqətlərini axtaran - “confirmation bias”-larına istinad edən dəyər daşıyıcıları üçün sistem yaradır. Hər iki istiqamət ideologiya, inamlar, fərdlərin aid olduğu, özünü uyğun hesab etdiyi dünyagörüşləri üçün media sektası yaradır.
Türkiyənin Beynəlxalq Fakt Yoxlama Şəbəkəsinin (IFCN) üzvü olan iki yoxlama platforması, Sağlıq Payı və Teyit.org-un koronovirus pandemiyası fonunda xəbərlərin saxtalıq payını müəyyən etmək üçün ÜST-ün “İnfodemiya” adlandırdığı sosial – psixoloji dövrün media mənzərəsində qeyd edilir ki, feyk məlumatların miqdarı 40 faizi keçib. (Türkiye'de yalan haber salgınında artış, 2021)
2016-cı ildə baş verən hadisədə “Cambridge Analytica” şirkəti xüsusi alqoritmlər vasitəsilə milyonlarla insanın məlumatlarını əldə etdi ki, bununla da rəqəmsal hücumlarla kiber təhlükələrin aktuallığını bütün dünyaya göstərdi.
Kiberfeyk məhfumunun dövlətlərarası tipik örnəkləriylə Vətən müharibəsi dövründə biz daha yaxından şahidi olduq. Qələbədən dərhal sonra döyüş meydanı coğrafi olaraq onlayn məkana daşınaraq kiber dünyada Ermənistanın Azərbaycana qarşı hibrid müharibəsinin əsasını qoymuş oldu.
Yeri gəlmişkən, eyni dövrdə informasiya müstəqilliyini ərazi suverenliyinin tərkib hissəsi kimi görən Avropa İttifaqı yarım milyard vətəndaşını qorumaq üçün qanunlar qəbul edərək, sərt şəkildə tətbiqinə başladı.
(2021-ci il, oktyabrın 26-da Silikon vadisi, yeni inqilablar, sosial hərəkatlar və s. sahələrin mega-donorları olan qlobalist milyarderlər: R.Hoffman (Linkedİn yaradıcısı), P.Omidyar (eBay yaradıcısı və PayPal sahibi), Soros (Açıq cəmiyyət), Laura Cobs (Stiv Cobsun həyat yoldaşı), “Ken&Jen Duda” (Silikon vadisi investorları” və s. maliyyə maqnatları, xarici siyasi müdaxilə institutları (USAİD, NED, NDİ), insayderlər və s. bir araya gələrək, "dezinformasiya ilə mübarizə aparmaq üçün "Yaxşı informasiya"-“Good Information Inc.”Media Korporasiyasını təsis etdi. Məqsəd, sitat: “xaricdə və daxildə yaşanan informasiya böhranını həll etmək yönündə informasiya müharibəsi əməliyyatlarını aqressiv, vahid mərkəzdən maliyyələşdirilmək və idarə etmək, Amerikanının təhlükəsizlik və imperiya maraqlarını təmin etməkdir .
Təşkilatın rəhbəri Demokratlar partiyasının strateqi, D.Trampın məğlub olması üçün 100 milyonluq informasiya kampaniyasını uğurla sonlandıran Tara McGowan təyin edilib. Dezinformasiya texnologiyalarını maliyyələşdirən şəxslərin, bu sahədə “mübarizə üçün” birləşməsi təbəssümlə qarşılansa da, artıq prosesə start verilib. Qlobal informasiya məkanını bir mərkəzdən idarə edəcək strategiyanın ilk sınaqları baş tutmuş sayıla bilər). (Exclusive: Billionaires back new media firm to combat disinformation, 2021)
Məhz ötən ilin əvvəlindən etibarən Azərbaycana qarşı qlobal araşdırmaçı və ya “insan haqları” adı altında formalaşan şəbəkənin alt qatında dünyaca məşhur erməni biznes şəbəkələrinin, beyin mərkəzlərinin dayandığını görmək mümkün oldu.
Qlobal onlayn müharibədən də özlərinə müəyyən yer qazanmağa çalışan antiAzərbaycan şəbəkəsinin varlığına dair müxtəlif sənədlərdə Kasparovun “İnsan Hüquqları Fondu”nun timsalına sadə bir misala baxaq: Kasparovun Fondu Azərbaycanda hərbi cinayət, “Hadrut edamı” adlı saxta videomaterialı “Bellingcat” adlı özəl kəşfiyyat şəbəkəsinə hazırladaraq BBC-də yayımına nail olması çoxsaylı nümunələrdən biridir. (Execution in Hadrut, 2020)
Azərbaycana qarşı başlanan informasiya müharibəsi ilə bağlı Prezident İlham Əliyev bildirir ki, "Bu gün dünyada informasiya müharibəsi aparılır və hər bir vətəndaş bunu açıq-aydın görə bilir. Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir". (İki Sahil, 2019)
İki dünya - iki istiqamət
Hazırda dünyada baş verən proseslərin iki istiqaməti üzrə sosial media istifadə edilməkdədir.
Post-pandemiya dövrünün reallıqları və Rusiya – Ukrayna müharibəsi.
Manipulyasiya edilmiş fotoşəkillər, yalan ifadələr, dövlət təbliğatı və saxta videolar Rusiya və Ukrayna arasında müharibənin bir hissəsidir. Hər iki tərəfin və üçüncü tərəfin-qlobal medianın iştirakçılığı ilə meydan müharibəsindən daha dəhşətli mənzərələr “bilim – kurğu” janrında bütün dünyanı dolaşan materiallarda yer alır. Şübhəsiz ki, ölkələr məqsədlərinə və maraqlarına görə xarici siyasətin prinsiplərini müəyyən etdiyi üçün sosial mediaya da üstünlük verdiyi kontentlərin yayılmasına şərait formalaşdırır. (Fact check: A list of fake news about the Russia-Ukraine war, 2022)
Müasir dünyada texnoloji inkişafın sürətlə özünü yeniləməsi, ünsiyyətin yayılması və sosial media vasitələrinin sıx istifadəsi insanları bir-birindən anında xəbərdar edir. Bu prosesdə sosial media vasitələri vətəndaş itaətsizliyi fenomeni ilə müəyyən mənada əlaqəlidir. Facebook, Twitter və s. kimi sosial şəbəkələrdən ani etiraz xarakterli paylaşımlar insanların əvvəlkindən daha tez və effektiv şəkildə vətəndaş itaətsizliyinə üz tutmasına səbəb olub. Vətəndaş itaətsizliyi yönləndirilən xarici mənşəli proses olub, pandemiya dövründə özünün xüsusi mərhələsinə qədəm qoyub. İlk dəfə İtaliyada Covid-19 tədbirlərinə qarşı vətəndaş itaətsizliyi hərəkatı meydana çıxdı ki, bu prosesdə minlərlə restoran qapanmalara etiraz olaraq pəncərələrini açdı. Şübhəsiz ki, müasir meqatrendlərin formalaşmasında pandemiya, post-pandemiya və ya virus dünyası müasir insanın texnoloji və psixoloji davranışlarında silinməz iz buraxacaq kimi görünür. (İtalya'da "Yeşil Geçiş" karşıtı gösterilere kısıtlama, 2021)
Nəticə:
Məqalədə dünya düzəninin dəyişdiyi və yeni münasibətlər formasının yaranması vurğu edilir. COVİD -19 pandemiyası ilə başlayan yeni qlobal münasibətlərin sərt formada maddiləşməsi qənaəti əldə edilir. Sosial və siyasi rekonstruksiyanın vasitələrinin müəyyən edilməsinin vacibliyi nəzərə çarpdırılır, beynəlxalq ədalət, qlobal əxlaq anlayışı qabardılır, inetqrallaşmayan fenomenlər qarşısında dünya əhalisinin, düzənin mövcudluğunun qeyri – müəyyənliyi, trassendent obrazların mühüm nöqtələrdə həlledici qərarlar vermələrinin dağıdıcılığı nəticəsi ortaya qoyulur. Naməlum gələcək və neqativ proqnozlardan imtina üçün əsas faktorun nizamyaradıcılıq, birgəfaliyyət mədəniyyəti formalaşdırmaq, rasional tarazlığa, səmərəli əməkdaşlığa nail olmağın çıxış yolu ola biləcəyinə işarə edilir. Dövlətlərin təhdidi, Vətən müharibəsindən sonra daha sərt formada cəlb edildiyimiz informasiya müharibəsinin detallarına toxunulur, izah edilir.
Ədəbiyyat siyahısı: